525.Az

Ombudsman Səbinə Əliyeva: "Fəaliyyətimizi gücləndirəcəyik"


 

"AZƏRBAYCANDA İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARININ SƏMƏRƏLİ MÜDAFİƏ MEXANİZMLƏRİ FORMALAŞDIRILIB"

Ombudsman Səbinə Əliyeva: "Fəaliyyətimizi gücləndirəcəyik"<b style="color:red"></b>

"Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçildiyim zaman etdiyim çıxışda bildirdiyim kimi, yetkinlik yaşına çatmayan şəxslərin, gənclərin hüquqlarının daha səmərəli təmini istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib. Ombudsman vurğulayıb ki, gənclərin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf edilməsi demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət kəsb edir.

O həmçinin deyib ki, Azərbaycan dövlətinin dinamik tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində reallaşdırılan genişmiqyaslı islahatların əsası və mənbəyi məhz Konstitusiyadan götürülüb, əsas Qanunda təsbit edilmiş prioritetlər, prinsiplər və istiqamətlər ölkəmizdə güclü sosial dövlətin qurulması, əhalinin bütün qruplarının, o cümlədən, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquqi, iqtisadi və digər islahatlar həyata keçirilib, dövlət hakimiyyəti orqanları, o cümlədən, məhkəmə hakimiyyəti müasir tələblərə uyğun təşkil edilib, insan və vətəndaş hüquqları və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edilməsi, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının xüsusi vurğulanması müstəsna əhəmiyyət kəsb edir: "Bu, onu göstərir ki, əsas qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər konseptual əsaslara söykənir. Müvafiq tədbirlərin səmərəliliyin artırılmasında, bu sahədə strateji kursun daha mütəşəkkil - operativ və effektiv həyata keçirilməsində Dövlət Proqramları, Milli Fəaliyyət planları, strategiyalar böyük əhəmiyyət kəsb edir".

 





11.12.2019    çap et  çap et