525.Az

"Yaxşı ki, başqası munisdir sizə..." - Svetayevanın məşhur şeiri Səyavuş Məmmədzadənin tərcüməsində


 

"Yaxşı ki, başqası munisdir sizə..." - <b style="color:red">Svetayevanın məşhur şeiri Səyavuş Məmmədzadənin tərcüməsində </b>

Uzun müddət idi ki, Marina Svetayevanın bu kövrək, lirik etirafı məni düşündürürdü.

Çox baş sındırdım ki, bu mənzuməni ana dilimizdə necə səsləndirmək olar? Bu misraların alt qatında duyulan işvəkar qadın nazını, bədii məntiqi, şıltaq düşüncəni hansı vasitələrlə çatdırmaq olar? Nəhayət, Sizə təqdim etdiyim bu tərcüməmin, daha doğrusu, YOZUMumun üzərində dayandım. Əlbəttə ki, əsas rəy Oxucunundur...

Hörmətlə, Səyavuş Məmmədzadə
6 dekabr, 2019

Marina SVETAYEVA

Yaxşı ki, başqası munisdir sizə,
Mən isə munisəm başqa munisə.
Yaxşı ki, heç zaman bu Yer də gerçək,
Ayağın altından üzülməyəcək!
Gülməli görünmək, sərbəst davranmaq...
Sözü oynatmaq da mənimçün xoşdur.
Bir yüngül təmasdan alışıb yanmaq
Utanıb qızarmaq əbəsdir, boşdur.
Həm də mənə acıq verməyiniz var, -
Kimisə öpməyim cırnadır sizi;
Beləcə oluram mən də günahkar
Qəsdən qucursunuz başqa kənizi,
Soyuda bilirsiz qəzəbinizi...
Adım dilinizdən heç düşməsə də,
Kilsədə yan-yana səslənməyəcək,
Müqəddəs kəlamla bəzənməyəcək...
Hər halda, əzizim, sizə təşəkkür,
Biganə deyilsiz heç zaman mənə,
Söz tapa bilmirəm, mən nə deyim, nə?..
Adicə anlarda olub-keçənlər
Mənsiz gəzdiyiniz aylı gecələr,
Açılan sabahlar, doğan günəşlər
Baş tutmayan vüsal, munis görüşlər...
Əfsus ki, başqası munisdir sizə,
Əfsus ki, mən isə başqa munisə...

 





12.12.2019    çap et  çap et