525.Az

"Məni bağışla üzündəki təbəssümə..." - Əbülfət Mədətoğlunun şeirləri


 

"Məni bağışla üzündəki təbəssümə..." - <b style="color:red">Əbülfət Mədətoğlunun şeirləri </b>

DƏRDİN GÖRÜNMƏYƏN TƏRƏFİ

("Özümlə söhbətlər"dən)

Nalı düşmüş kəhər kimi
Dırnağı qançırdı dərdin...
Toxdamır, durmur, elə bil -
Dalağı sancırdı dərdin...

Yeri kirpikləri eşir...
Göyü ahının tüstüsü...
Az qala sinəmi deşir -
Dərdin qat kəsmiş ütüsü...

Nə sözə, sığala yatır,
Nə fürsəti dincə qoyur...
Çəngəlini elə atır -
Adamın ruhunu soyur!..

Ovutmağın, dil tapmağın
Susur, yolunu bilən də...
Dərd unudar at çapmağın -
Sevgim üzümə gülən də!

BİR AĞRININ ŞEİRİ

Son kərə vuraraq dişə
ruhumu çəkmisən şişə...
Sığmıram evə, nə işə -
həyacanımdan...

Günüm sovrulduqca hədər
dedim qismətdi bu qədər...
inanmazdım ki, bu kədər -
gələ Canımdan...

Duyuram, ürək üzülür
halıma dodaq büzülür...
gör necə səssiz süzülür -
həya, canımdan...

Düşübdü, yarpaq solmayıb
çartlaqdı - kasam dolmayıb...
belə bezdiyim olmayıb -
hələ, canımdan!..

AĞRIDAN DOĞULAN ŞEİR

(Özümdən-özümə)

Soyuqdu, üşüyürəm
Bükün torpaq yorğana...
Heç kim də acımasın -
Bu soyuqdan qorxana...

Nişangahdı kürəyim...
Bitir sözə gərəyim!
İstəmirəm ürəyim -
Çınqı, çınqı qorrana...

Olan keçdi - min şükür
Kirpiklərim yaş bükür...
Etməyə cəm tay fikir -
Bu gor, bu da gorxana!..

Dərdin sinəsin cızıb
Əbülfət vida yazıb....
Yerin boynundan asıb -
Gəlmə, dünya XORXANA!..

ÜRƏK AĞRISI

("... və hamıya" silsiləsindən)

Hər ağrının öz dadı var,
Baldı, ürəyin ağrısı...
Anlayıb, duymayan kəsə -
Laldı, ürəyin ağrısı!..

Baxa-baxa bu zalıma
Cavab gəzir sualıma...
Yetənəcən vüsalına -
Kaldı, ürəyin ağrısı...

Qucaqlayıb bir daşı tək
Gileyləndim bir naşı tək!..
Mənimlə can sirdaşı tək -
Qaldı, ürəyin ağrısı!

Səssiz qoşub vaxt xoruna
And içdirdi, bəxt goruna!
Əbülfəti öz toruna -
Saldı, ürəyin ağrısı!

DAĞLAR, MƏNİ GÖZLƏMƏYİN...

Üzümü sizə tutmuşam,
Ot bitən - izə, tutmuşam...
Dərdimi üzə tutmuşam -
Dağlar, məni gözləməyin...

Çax-çaxam - baş ağrıdıram
Yerdən qoymur, ağrı, duram!
Ömrü boşa bağırdıram -
Dağlar, məni gözləməyin!

Qəlbimdən axan qara qan
Yaradı vallah, yara, qan!
Bezibdi məndən Yaradan -
Dağlar, məni gözləməyin!..

Dizimdən təpər, candan qor
Tükənir, artır gözdə tor!
Məni həmənki kimi gör! -
Dağlar, məni gözləməyin...

Bir qərib ahdı çəkilən
Qəmli, şər vaxtı çəkilən!
Çarmıxa baxdı - çəkilən,
Dağlar, məni gözləməyin!

Özümü yenib, gələcəm...
Şam kimi sönüb, gələcəm!
Ruh kimi dönüb, gələcəm -
Dağlar, məni gözləməyin!

DƏLİ BİR İSTƏK

(Saralmış dəftərdən)

Sonuncu duayam - oxuyun yavaş...
Oxuyun, siz məni duyana kimi!..
Əliniz Tanrıdan üzülməsin kaş -
Siz məni oxuyub doyana kimi...

İstəyin, bilirəm, qurtulmaq məndən
Çəkdiyim saralıb - olubdu dən-dən...
Nə Ondan küsəcəm, nə də ki, səndən -
Yuata götürüb yuyana kimi!

Gör necə göynəyir bağrımın başı?
Buzlayır kirpikdə gözümün yaşı...
Tanrı əlindədi bil, məhəng daşı -
Çəkib atacaqdı o yana kimi?!

Bu necə yazıdı, bu nə cür xislət
Daş üstə göyərir seçdiyim qismət!
Sənə yar gülləsi dəysin Əbülfət, -
Mən birdən üçədək sayana kimi!

SUALIN ÖZÜNDƏKİ CAVAB

(Sevib-sevilənlərə)

Sənə kim demişdi bu talehi seç? -
indiki seçmisən - acısını çək!..
Mənim uduzduğum olmamışdı heç -
Sevirəm! - deməyə gecikdiyim tək!..

ACI BİR TƏBƏSSÜMÜN ŞEİRİ

("... və hamıya" silsiləsindən)

kədər göy qurşağı tək
kəsib, keçir içimdən...
sıx gözünü ovcuma,
susamışam, içim mən...

gördün? - bu da belə, bil
dən səpilir telə, bil...
yorulmuşam, elə bil -
qayıdıram biçindən...

bu yol - gedər, gəlməzdi...
kirpiyi nəm silməzdi!
heç kim edə bilməzdi -
sən etdiyin seçimdən!..

ot bitirmir hər yağış
göz oxşamır hər naxış...
bu son, bu da yır-yığış -
nə danışım köçümdən...

PIÇILTI...

(Köhnə dəftərdən bir quru ləçək)

Mənim bildiyim bir yol var
Orada sağ, nə də sol var...
Səssizcə hörülüb qollar -
Qız belinə...

Gör necə əzizdi xətri
Olubdu göy özü çətri...
Hopubdu Cənnətin ətri -
Qız telinə...

Bir imana, bir də dinə
Yaylaq yeri - yurddu sinə...
Nə qədər düşsəm də yenə -
Qız "selinə"...

Dərd dibi çıxıb qazmağa
Tanrım sap gəzir asmağa...
Verib cəzamı yazmağa -
Qız əlinə...

Burda kimsə həyan olmur
Ha alışıb. ha yan, olmur!
Mən çəkənlər əyan olmur -
Qız, elinə!

MƏNİM BÜTÖVLÜK ANLAYIŞIM...

(Özümə və çevrəmdəki mənzərəyə)

Dan üzünə üz çıxartdım - üzümü
Mənə görə düz çıxartdım, üzümü...
Sənə görə, süz, çıxartdım üzümü -
Gördülər ki, yenə ağdı, həmən ağ!

Qeybət, bir də xəyanətdən qorundum
Haqsız qınaq olmağımdan yoruldum...
Hamı üçün çınqı oldum, qor oldum -
Gördülər ki, yenə bağdı, həmən bağ!

Sözümü də, işimi də yarıtdım
Ürəyimdə çox arzumu qarıtdım...
Təbəssümlə göz yaşımı sarıtdım -
Gördülər ki, yenə sağdı, həmən sağ!

Çox gülləyə, çox küləyə sədd oldum
Bütövlüyə və dostluğa hədd oldum...
Bu dünyada tək sevgiylə fət oldum -
Gördülər ki, yenə dağdı, həmən dağ!

Tanrı hakim, zaman şahid, mən bəndə
Günahı gör, məndə yox, sən mənbəndə!
Tay güvənmə bacardığın sən fəndə -
Gördülər ki, yenə laxdı, həmən, lax!

GECİKMİŞ ETİRAF

(Məni bağışlayın, ruh adamları)

Məni bağışla...
üzündəki təbəssümə...
kirpiyindəki
iki damla yağışa...

bağışla ki,
mən indi bildim
dünya nə imiş...
gerçək bildiyim
əfsanə imiş -
duyanlar üçün...

mən indi bildim ki,
ağda qara var...
göydən o yanda da
özgə hara var -
duyanlar üçün...

mən indi bildim ki,
ürək nə imiş -
Tanrı məktubudu -
göylərdən gəlmiş -
duyanlar üçün...

mən indi bildim ki,
kimsəndi gülüm,
mən biçim bəndə...
və bir də
bildim ki,
gəlirmiş ölüm -
hər şeydən
doyanlar üçün...

HƏLƏLİK

(Özümə təsəlli üçün yazdıqlarımdan)

Ovuduram özümü -
hələlik...
sınayıram dözümü -
hələlik...

dırnağım torpaq cırır,
yumruğum yarpağı qırır...
bax, dərd mənə tor qurur -
hələlik...

yaş deyəsən, güc gəlir
göz yaşlarım güclənir...
sözüm tək-tək cücərir -
hələlik...

bir ağ yolu aşıram
bir dağ yolu aşıram.
guya sağollaşıram -
hələlik!

AND İÇİRƏM

(Allahımın və ... önündə)

Ruhdu qapını döyən
Qarşıla, oxşa, bəyən.
Sənin ayağın dəyən -
Hər yerə and içirəm!

Olmayanda yanında
Həmin o bir anı da -
Hiss etdinmi canında -
Sən pirə and içirəm!

Sən mənim hər kəsimsən...
Dinimsən, nəfəsimsən...
Yaşamaq həvəsimsən -
Min kərə and içirəm!

İçimdə lillənir yaş
Nəm çəkir məndən dağ, daş...
Sənə, bir də, duya kaş -
O, BİRƏ and içirəm!

Çəkdiyim fərqli çeşid
Sevgim - özü də behişt!
Bax qəlbinə və eşit -
Bu cürə and içirəm!..

 





03.01.2020    çap et  çap et