525.Az

Fərid Şəfiyev Çində Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb


 

Fərid Şəfiyev Çində Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb<b style="color:red"></b>

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri  Fərid Şəfiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Pekin Xarici Dillər Universitetini ziyarət edib.

Görüş zamanı universitetin rektoru Yang Dan Azərbaycanın Çin üçün əhəmiyyətli ölkə olduğunu qeyd edərək, universitetdə fəaliyyət göstərən Azərbaycan dili kafedrası və ümumilikdə Azərbaycan dilinin tədrisi ilə bağlı məlumat verib. Daha sonra nümayəndə heyəti Azərbaycan dili kafedrası ilə yaxından tanış olub, universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrə BMTM haqqında ətraflı məlumat verib və onların mərkəzin təqaüd və təcrübə proqramlarına cəlb edilməsi imkanlarını müzakirə edib. Sonda  Fərid Şəfiyev tələbələr qarşısında Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlərə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, Çinə səfəri zamanı Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlinlə görüşüblər. Görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, "Kəmər və Yol" təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanda həyata keçirilən islahatlar haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivi və qeyd edilən təşkilatlar ilə səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.

S.QARAYEVA

 





15.01.2020    çap et  çap et