525.Az

Nazir: "2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma çatıb"


 

Nazir: "2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma çatıb"<b style="color:red"></b>

"Azərbaycanda orta aylıq əməkhaqqının 2019-cu ildə artım tempi 16,4% təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır".

"APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 672,6 mln. manata çatıb.

"Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 mln. manat həcmində azaldılıb. Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir", - deyə nazir qeyd edib.

M. Cabbarov həmçinin əlavə edib ki, qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 mln. manat və ya 9,1% artaraq 5 432,3 mln. manata çatıb.

"Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4%, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar 11,9% artaraq 795,4 mln. manat olub. şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 %-in regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır", - deyə nazir əlavə edib.

M. Cabbarov onu da vurğulayıb ki, bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8 000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə, 300 mln. manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3%) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib.

 





16.01.2020    çap et  çap et