525.Az

Moskvada Sahib Məmmədovun “Ötən günlərin pazlları” kitabının təqdimatı olub


 

Moskvada Sahib Məmmədovun “Ötən günlərin pazlları” kitabının təqdimatı olub<b style="color:red"></b>

Moskvada, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə şair-filosof Sahib Məmmədovun “Ötən günlərin pazlları” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, şair Sahib Məmmədov 1986-cı ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, boks üzrə idman ustası, iki dəfə “Nəsimi” festivalının qalibi, Bakıda keçirilən “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının mükafatının laureatıdır.

S.Məmmədov 2007-2010-cu illərdə yazdığı şeirlərinin toplandığı “Ötən illərin pazlları” kitabından danışaraq deyib: “Mən özümü şair adlandırmıram, mən sadəcə şeirlərin müəllifiyəm. Şair olub-olmadığımı zaman göstərəcək. Həyat gerçəkliklərini göstərmək mənim üçün çox vacibdir. Məqsəd budur ki, oxucu bu şeirləri oxuyanda ya bu qəhrəmanlara bənzəməyə çalışsın, ya da öz qüsurlarını görüb onları düzəltməyə çalışsın”.

Şairə, bəstəkar, müəllif və ifaçı Tatyana Sitnikova Sahibi birinci kitabının çıxması münasibətilə təbrik edərək deyib: “Mən Sahiblə gözəl və günəşli Bakı şəhərində - tanınmış rus şairi və bardı Aleksandr Qorodnitskinin 85 illiyi münasibətilə festivalda tanış olmuşam. Onun şeirlərinin dərinliyi və müdrikliyi məni valeh edib. Bakı şəhərindən və bakılılardan ən xoş xatirələrim qalıb. Sahib onlardan biridir. Buna görə də iş rejimimin gərgin olmasına baxmayaraq bakılı dostumu təbrik etmək üçün bu gün macal tapıb onun kitabının təqdimatına gəldim”.

Şair, bəstəkar və müğənni İlona Yankovskaya qeyd edib ki, Sahib Məmmədovun əsərləri düşüncə dərinliyi, cəsarətliliyi, ideya və xəyal gücü ilə onu fəth edib. O deyib: “Mən ona böyük yaradıcılıq uğurları və ən xoş arzularımı diləyirəm”.

Tanınmış şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı Sahib Məmmədovun qeyri-standart təfəkkürünü və xarizmasını qeyd edərək, onu parlaq şəxsiyyət adlandırıb. O vurğulayıb ki, gələcəkdə şairin şeirlərini Azərbaycan dilinə tərcümə etməyi planlaşdırır.

Sahib Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində vurğulayıb ki, bu, onun ilk kitabı və xarici ölkədə ilk təqdimatıdır. O deyib: “Oxucular qarşısında çıxış etmək çox məsuliyyətlidir. Buna görə də şeirləri səylə seçmişəm. Mən kitabımın təqdimatına gələnlərin hamısına təşəkkür edirəm. Ədəbiyyat, sözlə işləmək zərgər işidir. Buna görə də asudə vaxtlarımda özümü yaradıcılığa həsr edirəm”.

Gənc şair Rusiya regionlarında yaradıcılıq gecələri keçirməyi, habelə şeirlə yazılmış roman və növbəti şeirlər toplusunu çap etdirməyi düşünür.

 





06.02.2020    çap et  çap et