525.Az

Azərbaycan televiziyasının ilk addımları - Esse


 

Azərbaycan televiziyasının ilk addımları - <b style="color:red">Esse</b>

Bu gün insanların informasiya və mədəni tələbatının təmin edilməsi, xalqın maarifləndirilməsi, mənəvi-estetik dünyagörüşün və humanist duyğuların formalaşmasında televiziyanın rolu əvəzsizdir. İndi bütün dünyada, o cümlədən, Azərbaycanda televiziya və radio böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli kommunikasiya vasitəsidir.

Hazırda Azərbaycanda dövlət, ictimai və özəl telekanalları birləşdirən müasir çoxşəbəkəli televiziya sistemi mövcuddur. Ölkədə 10 ümumrespublika, 12 regional, 17 kabel, 32 internet, 1 peyk televiziyası fəaliyyət göstərir. Orbitə 2 kosmik peykini çıxarmış Azərbaycan kosmik dövlətlər sırasında layiqli yer tutur.

Əlbəttə, telekommunikasiya sahəsindəki bu ürəkaçan uğurlar hər birimizi sevindirir və biz bu uğurların 1956-cı il fevralın 14-də Azərbaycan televiziyasının müntəzəm yayıma başlaması ilə bağlı olduğunu xatırlayırıq.

***

Azərbaycan paytaxtında televiziya mərkəzinin əsası 1953-cü ilin sentyabrında qoyulmuş, layihə işlərinə başlanmışdı. Bir il sonra təməli atılmış Bakı televiziya studiyası çox sürətlə inşa edilmiş, artıq 1955-ci ilin axırlarında istifadəyə hazır olmuş və texnoloji sistemləri sınaqdan keçirmək üçün ara-sıra yoxlama verilişləri aparılmışdı. 1956-cı il fevralın 14-ü Azərbaycan televiziyasının yaranış tarixinə çevrilmişdi. Professorlar Yalçın Əlizadə və Nəsir Əhmədlinin yazdqları kimi, həmin gün ölkə öz həyatında həm ictimai-siyasi əhəmiyyətinə, həm də mənəvi-estetik dəyərinə görə müqayisəyə gəlməz bir tarix yaşamışdı. Bakı televiziya studiyasının ilk direktoru, sonralar Dövlət Radio Verilişləri və Televiziya Komitəsinin sədri vəzifəsində çalışmış Ənvər Əlibəyli həmin tarixi belə xatırlayırdı: "1956-cı il fevralın 14-də bakılılar gözəl bir hədiyyə aldılar. Şəhərin ən hündür yerində yüksələn 196 metrlik antenna qülləsindən yayılan dalğalar Bakı televiziya studiyasının ilk təcrübə verilişlərinə başlamasını xəbər verdi. Həmin gündən etibarən əvvəllər həftədə iki, sonra isə beş gün televizorların ekranlarından diktorun tamaşaçılara müraciətlə dediyi bu sözlər eşidilirdi: "Hörmətli tamaşaçılar, axşamınız xeyir, verilişlərimizə başlayırıq..."

İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstə-rilmiş, sonra gənc aktrisa Nəcibə Məlikova efirdə məşhur "Diqqət, göstərir Bakı!" sözlərini səsləndirmiş, ölkədə müntəzəm yayımın başlanması münasibətilə tamaşaçıları təbrik etmişdi. Daha sonra tamaşaçılar kibrit qutusundan bir az böyük olan ekranda "Bəxtiyar" filminə baxmışdılar. TV tariximizin tədqiqatçısı, professor Qulu Məhərrəmlinin yazdığına görə, həmin tarixi anlarda operator kimi kamera arxasında mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanmışdı. Həmin gün yaddaqalan bir hadisə də o idi ki, teleqüllənin inşası sona yetmədiyi üçün studiya antenası 44 metrlik adi neft buruğunda quraşdırılmışdır. Səs siqnallarının ötürülməsi ilə bağlı da nasazlıq meydana çıxmışdı və bu səbəbdən tamaşaçılar filmə səssiz baxmışdılar.

İlk dövrdə Azərbaycan televiziyasının tamaşaçı auditoriyası Bakının və ətraf rayonların cəmi 60 min sakinindən ibarət idi. Verilişlər isə sınaq xarakteri daşıyırdı və studiya əvvəlcə həftədə 2, sonra isə 3 dəfə və təxminən 2 saat müddətində efirə çıxırdı. Ekranda, əsasən kinofilmlər, kinojurnallar və çəkilmiş hazır konsertlər, ədəbi tamaşalardan parçalar nümayiş etdirilirdi. Mərkəzdən də Bakı studiyasına xeyli hazır lentlər göndərilirdi. Bunlar, əsasən təşviqat xarakterli ictimai-siyasi proqramlar, "Znanie" jurnalının buraxılışları, elmi-kütləvi filmlər idi.

1956-cı ilin mart-aprel aylarından başlayaraq studi-yadan canlı konsertlər, ictimai-siyasi mövzuda söhbətlər, əmək qabaqcıllarının çıxışları təşkil olunmağa başlayır. "Günün yenilikləri", "Ədəbiyyat və incəsənət", "Məktəb və həyat", "Həkim məsləhəti" kimi jurnal xarakterli verilişlər ekrana çıxır. Həmin ilin iyulunda ekranda ilk irihəcmli tamaşa göstərildi. Professor Aydın Dadaşovun yazdığı kimi, TV-də yaradıcılıq işinin əsasını qoyanlardan biri - rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi "Şamdan bəy" (N.Nərimanov) əsərindən bir neçə epizodun uğurla göstərilməsi respublikanın mədəniyyət aləmində böyük rezonansa səbəb oldu və televiziya teatrının əsası qoyuldu.

1956-cı ilin mayından ekranda ilk diktorların görünməsi televiziyanı tamaşaçılara daha da yaxınlaşdırır. İlk diktorlar siyahısına isə Tamara Gözəlova və Nailə Mehdibəyovanın adları yazılır. Sonralar bu siyahıya Sevda Cənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov, Arif Qazıyev, Natəvan Hacıyeva və başqalarının adları əlavə olunur.

Bakı televiziya studiyası artıq müntəzəm yayıma başladığı 6 ay ərzində xeyli faydalı iş görə bilmişdi. Həmin günlərdə "Ədəbiyyat və incəsənət" qəzeti (2 sentyabr 1956) yazırdı ki, bu müddətdə "studiya efirdə 100-ə yaxın bədii film göstərmişdir. Bundan başqa, həmin müddətdə Bakı tamaşaçıları televiziya ilə müntəzəm olaraq "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino jurnallara da baxmışdılar. Respublikamızın və şəhərimizə qonaq gəlmiş Moskva artistlərinin bir çoxu televiziyada çıxış etmişdilər.

Yayıma yeni başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıya bölünmüş bu otaqların birində kinoaparatlar yerləşirdi, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Lakin bu çətinliklərə baxmayaraq, studiyanın kiçik kollektivi maraqlı verilişlər yaradır və tamaşaçıların zövqünü oxşamağa çalışırdı.

İlk illərdə efirə çıxan və tamaşaçı rəğbətini qazanan "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. verilişlər bu qəbildən idi. Təbii ki, bu verilişlər nöqsanlardan da xali deyildi. Ənənəvi yaradıcılıq nöqsanları ilə yanaşı, həmin dövr proqramlarının əksəriyyətinin rus dilində olmasına da ciddi irad tutulurdu. Məsələn, 1956-cı ilin iyun, iyul, avqust aylarında Azərbaycan dilində cəmi bir mütəxəssis çıxışı verilmişdi. Göstərilən filmlərin isə yalnız ikisi ana dilində olmuşdur. Bakı televiziya studiyasının bu siyasəti tanınmış ziyalıların kəskin etirazı ilə qarşılanırdı.

1957-ci il kövrək addımlar atmaqda olan Azərbaycan televiziyasının həyatında əlamətdar hadisələrlə yadda qaldı. Onun efir və təşkilat fəaliyyətində dönüş mərhələsi sayılan bu ilin aprelindən başlayaraq verilişlərin həftəlik proqramı çap olunmağa başlayır. Həmin ilin oktyabrında isə Mədəniyyət Nazirliyinin tabeliyindən ayrılan televiziya, Radioinformasiya idarəsi ilə birləşərək yeni qurumda təmsil olunur. Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya verilişləri Komitəsi adlanan bu quruma istedadlı şair və publisist Teymur Əliyevin sədr təyin edilməsi televiziyanın taleyində həlledici rol oynadı. Yüksək təşkilatçılıq qabiliyyəti və intellektual səviyyəsi, müasir bədii-estetik zövqü, əsl rəhbərə xas olan peşəkar keyfiyyətləri, prinsipiallığı və tələbkarlığı, eyni zamanda, qayğıkeşliyi ilə kollektivin dərin hörmətini qazanaraq bu günədək yaddaşlarda iz qoymuş T.Əliyev Azərbaycan televiziyasının düzgün məcrada inkişafı üçün böyük zəhmət sərf etmişdir (Q.Məhərrəmli).

Ümumiyyətlə, "uğurlu sınaqlar ili" sayılan 1957-ci ildə orijinal verilişlərə meyl güclənir. İlk növbədə televiziya teatrının meydanı genişlənir. Rejissorlardan Rauf Kazımovski, Ağəli Dadaşov, İsmət Səfərəlibəyov Azərbaycan və xarici ölkə klassiklərinin əsərlərini ekran üçün uğurla səhnələşdirirlər. Həmin ildən səyyar televiziya stansiyasının (STS-52) işə salınması studiyadankənar verilişlərin hazırlanmasına imkan yaratmışdı. Artıq TV həyatının mühüm hadisəsinə çevrilən STS-nin köməyi ilə əməkdaşlar studiyanın hüdudlarından kənara - meydanlara, parklara, konsert salonlarına, stadionlara çıxa bilirdilər. Beləliklə, ekran həyatında yeni yayım forması - studiyadankənar verilişlər meydana çıxdı. İlk belə sınaq verilişi 1957-ci il iyunun 9-da respublika stadionundan translyasiya edilən futbol oyunundan reportaj oldu. Bundan Azərbaycan televiziyasının (AzTV-nin) həyatında yeni inkişaf mərhələsi başladı.

***

Hər bir xalqın mətbuatı, o cümlədən, televiziya və radiosu onun görən gözü, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsüdür. Bu mənada zəngin tarixi olan Azərbaycan televiziyası (AzTV) milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı, dövlətimizi dünyada tanıdır. Televiziya və radio milli ruhu, milli əxlaqı, ictimai davranış normalarını, milli-mənəvi dəyərləri formalaşdırır və təbliğ edir. Biz hazırda yeniləşməkdə olan və tamaşaçıları bir-birindən maraqlı proqramlarla sevindirməyə çalışan bu telekanalın kollektivinə ciddi yaradıcılıq uğurları arzulayırıq.

 





14.02.2020    çap et  çap et