525.Az

Prezident mükafatına layiq görülən gəncdən təşəkkür məktubu - Mətn


 

Prezident mükafatına layiq görülən gəncdən təşəkkür məktubu - <b style="color:red">Mətn</b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə mən Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm.

Əvvəlcə  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə təşəkkür edir və məni bu mükafatla təltif etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Ulu öndərin “Gənclər ölkəmizin gələcəyidir!” sözləri, gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin prioritetlərindən biri hesab etməsi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirilməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri onun gənc nəslə olan qayğısının bariz nümunəsidir. Məhz onun 1 fevral 1997-ci il tarixli sərəncamı ilə 2 fevral Azərbaycan Respublikasında Gənclər günü kimi təsis edilmişdir.

Elmi-iqtisadi sferada olan inkişaf və informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksədilməsi məqsədi ilə möhtərəm Prezidentimiz İlham Əliyev çoxsaylı sərəncam və fərmanlar imzalamış, o cümlədən 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanla Gənclər üçün Prezident Mükafatı təsis edilmişdir. Bu sərəncam və fərmanlar cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaratmışdır. Cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100-illik yubileyinə həsr olunmuş tədbirdə etdiyi çıxış gənclərin üzərinə düşən vətəndaşlıq borcunun xüsusi aspektlərini daha aydın şəkildə dərk etməyimizə yardımçı oldu. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilibdir.

Təhsil aldığım və hazırda çalışdığım, Azərbaycanın ən qədim və ən böyük universiteti olan Bakı Dövlət Universitetində mühüm tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, universitetimiz dövlətin gənclər siyasətində əhəmiyyətli rol oynayır. Son dövrlərdə universitetimizdə aparılan islahatlar elm sahəsində yeni nailiyyətlərin əldə olunması və elmi tərəqqinin sənaye yönümlü inkişafına zəmin yaratmışdır. Bunun sayəsində mən təhsil aldığım dövrdən professor Ülviyyə Həsənovanın elmə marağı olan gənclərə qayğısının nəticəsində onun rəhbərliyi altında elmi-tədqiqat işlərini aparmağa başlamışdım. Mən 2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində olan Nanoaraşdırmalar mərkəzində böyük laborant vəzifəsində çalışmışam. İki dəfə Erasmus+ layihəsi çərçivəsində təhsil və elmi-tədqiqat məqsədli tələbə mübadilə qrantlarının qalibi olmuş və bu zaman öz elmi bilik və bacarıqlarımı artıraraq yeni istiqamətlərdə araşdırmalara başlamaq imkanı qazanmışam. Müxtəlif beynəlxalq konfranslarda məruzə ilə çıxış etmiş və magistratura səviyyəsini Fərqlənmə diplomu ilə bitirmişəm. Elmi maraq və istiqamətlərimə makroheterotsiklik birləşmələrin və nanohissəciklər əsasında tibb və əczaçılıqda tətbiq oluna bilən supramolekulyar ansamblların yaradılması aiddir. Təhsil müddəti ərzində 10 məqaləm (7-si Web of Science bazasına daxil olmaqla), 17 tezis və konfrans materialım çap olunmuşdur. 2018-ci ildə keçirilən "İdeya var!" StartUp müsabiqəsində 3-cü yeri qazanmışam. Elmi-tədqiqat sahəsinə aid müxtəlif sertifikatlar almışam. Bunların arasında müxtəlif müasir cihazların istifadəsi üçün tələb olunan sertifikatlar, həmçinin, “Elmi tədqiqatlarda heyvanların tətbiqi” barədə beynəlxalq dərəcəli serifikatlar var. Hesab edirəm ki, mənə verilən bu mükafat Universitet elminə, ümumiyyətlə, Azərbaycan elminə və təhsilinə verilən mükafatdır və mən bu etimadı doğrultmaq üçün bundan sonra da bütün qüvvəmlə çalışacağam.

Sərvinaz Hacıyeva
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin elmi işçisi

 





21.02.2020    çap et  çap et