525.Az

Zabaykalsk azərbaycanlıları


 

ZABAYKALSK DİYARINDA FƏALİYYƏT GÖSTƏRƏN "AZƏRİ" CƏMİYYƏTİNİN RƏHBƏRİ ƏLƏDDİN MƏMMƏDOV: "ALLAH BİR İNSANA QAZANMAQ İMKANI YARADIBSA, BAŞQALARINA DA KÖMƏK ETMƏK, PAYLAŞMAQ, BÖLÜŞMƏK LAZIMDIR"

Zabaykalsk azərbaycanlıları<b style="color:red"></b>

Qloballaşan dünyanın xarakterik özəlliklərindən biri də miqrasiya proseslərinin güclənməsidir. BMT-nin ekspertlərinin apardığı dəyərləndirmələrə görə, hazırda bütün dünyada hər 35 nəfərdən biri beynəlxalq miqrant statusuna malikdir.

Bu proseslər, istər-istəməz, ayrı-ayrı ölkələrdə immiqrant birliklərinin yaranmasına gətirib çıxarır və nəticə etibarilə diaspor təşkilatlarının sayı bütün dünyada durmadan artır. 

Təsadüfi deyil ki, hazırda diasporla münasibətlər bir çox ölkələrin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ayrı-ayrılıqda diaspor nümayəndələri və bütövlükdə diaspor təşkilatları yad mühitdə milli mədəniyyətin, doğma dilin qorunub-saxlanması, milli şüurun və özünüdərk proseslərinin lazımi səviyyədə aparılması istiqamətində olduqca vacib, son dərəcə əhəmiyyətli rola malikdir.

1991-ci ildə SSRİ süquta uğrayandan sonra bir çox etnik qruplar öz soydaşlarının kompakt şəkildə məskunlaşdığı ərazilərdən kənarda qaldı və tamamilə fərqli tarixi şəraitdə yaşamağa məcbur oldu. Müxtəlif səbəblərdən fərdi qaydada başqa yerlərə köç edən insanları da buraya əlavə etsək, mənzərə bir qədər də aydınlaşar.

Diaspor təşkilatları və diaspor nümayəndələri ilə münasibətlərdən danışarkən, adətən başqa ölkələrin mərkəzi, iri şəhərlərində məskunlaşmış insanlarımız və müəyyən mənada onların institutlaşmış qurumları nəzərdə tutulur. Lakin ucqarlarda yaşasa da, öz ölkələri ilə mədəni əlaqələri bütün vasitələrlə dəstəkləyən, öz nüfuzu və təsir qüvvəsi ilə heç də sözügedən qurumlardan geri qalmayan, bəzən isə spesifik həyat şəraitində fəaliyyət göstərdiyinə görə daha çox əmək sərf edən insanlarımızın da haqqını danmaq olmaz. Bu mənada onlardan ayrıca söz açmaq lazım gəlir. Rusiyanın Zabaykalsk diyarında yaşayan soydaşlarımızla tanışlıqdan sonra bu qənaət daha da möhkəmlənir.

Rəsmi məlumatlara görə, əldən-ayaqdan nə qədər uzaq görünsə də, Rusiya Federasiyasının Zabaykalsk diyarında üç minə yaxın azərbaycanlı məskunlaşıb. Demək olar, Azərbaycanın bütün bölgələrindən, o cümlədən, Göyçə və Borçalı mahalından soydaşlarımız burada yaşayır.

Soydaşlarımız sahibkarlıqdan tutmuş, təhsil sahəsinə qədər Zabaykalskinin, demək olar, bütün sferalarında təmsil olunur. Məmnunluqla qeyd etmək istəyirəm ki, yaxın keçmişdə daha çox subyektiv amillərin təsiri ilə Rusiya məkanında formalaşmış yanlış stereotiplərə rəğmən, Zabaykalsk diyarında azərbaycanlılarla bağlı heç bir təbəddülat yaşanmır. Bu, bir tərəfdən dəyişən sosial-iqtisadi durumla, digər tərəfdən isə, soydaşlarımızın yerli cəmiyyətə uğurlu inteqrasiyası ilə izah olunmalıdır. Hazırda soydaşlarımız arasında hüquqşünaslar, iqtisadçılar, müəllimlər, həkimlər, dəmiryolçular, hərbçi zabitlər, xalq hakimləri və digər dövlət qulluğunda çalışanları sadalamaqla qurtarmaz. Onların sırasında uzun illər polis sistemində yüksək vəzifədə çalışmış polkovnik F.İlyasov, polkovnik X.Tağıyev və başqaları da var. Zabaykalskdə soydaşlarımızın hüquqlarının qorunması, inteqrasiyası, sosial-mədəni və mənəvi ehtiyaclarının təmin olunması, layiqli vətəndaş imicinin formalaşması məsələləri ilə bağlı həlledici faktorlardan biri, bəlkə də birincisi institutlaşmış birliklərin və onların rəhbərlərinin fəaliyyəti ilə bağlıdır. Bunlardan A.Möyübov, N.İslamov, X.İsmayılov, A.Əzimov, G.Əhmədov və digərlərin adlarını çəkmək olar. Bütün Rusiyada yaxşı tanınan belə şəxslərdən biri də Çitada fəaliyyət göstərən "Azəri" cəmiyyətinin rəhbəri, Zabaykalsk diyarı İctimai Palatasının sədr müavini Ələddin Məmmədovdur. O, həm də uzun illər Ümumrusiya Azərbaycanlılar Konqresinin Zabaykalsk diyar bölməsinin sədri olub.

Cavan yaşlarından Çita şəhərində məskunlaşmış Ələddin Məmmədov soydaşlarımız arasında böyük nüfuz sahibidir. İş adamı, gözəl təşkilatçı və xeyriyyəçi kimi tanınan Ə.Məmmədov jurnalistlərə verdiyi müsahibələrindən birində deyir: "Əgər Allah sənə imkan yaradıbsa, deməli, paylaşmaq, bölüşmək lazımdır. Bu hökm Quranda da yer alır, Bibliya və digər müqəddəs kitablarda da. Bu və ya digər məsələlərlə bağlı mənə müraciət edən adamlara həmişə, maksimum dərəcədə kömək etməyə çalışıram. Ümumiyyətlə, hesab edirəm ki, Zabaykalsk diyarında yaşayıb, burada pul qazanan hər kəs öz həmvətənlərinin həyatını yüngülləşdirməyə çalışmalıdır".

Zabaykalsk diyarı qubernatorunun təklifi və təşəbbüsü ilə İctimai Palatanın üzvü seçilmiş Ə.Məmmədov hazırda onlarla müxtəlif təşkilatın ictimai şurasının üzvüdür. Bu, vətəndaş cəmiyyətinin formalaşması, insan haqları ilə bağlı prioritetlərin müəyyənləşməsi və s. kimi məsələlərdə onun məsləhətinə və iştirakına ehtiyac duyulduğunun göstəricisidir.

Ə.Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi ictimai təşkilatın toplantılarında və keçirdiyi tədbirlərdə 250-300 fəal azərbaycanlı iştirak edir. Hazırda gündəmdə azərbaycanlıların ənənəvi mahnı və rəqs ansamblının yaradılmasıdır. Soydaşlarımız şəhərdə görülən abadlıq işlərində, demək olar, bütün problemlərin həllində yaxından iştirak edirlər. Şəhərdə yeganə cümə məscidinin bərpası belə tədbirlərdən yalnız biridir. Azərbaycanın istər dövlət, istərsə də dini bayramları Çita şəhərində yüksək səviyyədə qeyd edilir. Qeyd etmək yerinə düşər ki, bilavasitə Ə.Məmmədovun rəhbərlik etdiyi qurumun təşkilatçığı ilə düzənlənən ənənəvi Novruz bayramı tədbirlərində, bir qayda olaraq, vilayətin qubernatoru və şəhər meri də iştirak edirlər.

Etnik qrup nə vaxt diaspora çevrilir? Zabaykalsk diyarında yaşayan, hüquqi, iqtisadi, mədəni, informasiya və təşkilati məsələləri müasir tələblərə uyğun şəkildə həll etməyə çalışan, böyük ölçüdə buna müvəffəq olan, doğma vətənlə əlaqələrini daim zənginləşdirən azərbaycanlıların fəaliyyəti bu suala əyani cavabdır.

Şahid MƏMMƏDOV
Çita şəhəri

 





28.02.2020    çap et  çap et