525.Az

Ali Attestasiya Komissiyasından narazılıqlara müsbət reaksiya


 

Ali Attestasiya Komissiyasından narazılıqlara müsbət reaksiya<b style="color:red"></b>

Bir müddətdir, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının bir qərarı ilə bağlı narazılıqlar davam edir.

Qurumun 13 dekabr 2019-cu il tarixli qərarına əsasən, 11 iyun 2018-11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa, bütün dissertasiyalar yenidən ilkin müzakirədən, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar bunu yenidən etməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb.

Bu qərarla bağlı bir müddətdir, mətbuat səhifələrində iddiaçılarla bərabər, elm adamlarının, professorların da narazılıqları yer alırdı. Nəhayət, bu günlərdə qurum narazılıqlara səbəb olan məsələyə reaksiya verdi. Komissiyanın 21 fevral 2020-ci il tarixli qərarına əsasən Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli 13-R qərarının 2-ci bəndi 11 iyun 2019-cu il tarixinədək ilkin müzakirədən keçirilərək müvafiq dissertasiya şuralarına müdafiənin təşkili üçün təqdim edilmiş dissertasiya işlərinə şamil edilmir. Həmin dissertasiya işləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin tələbləri nəzərə alınmaqla yenidən ilkin müzakirədən keçirilmədən müdafiənin təşkili üçün müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə təqdim edilə bilər.

Yeni qərar onlarla iddiaçının işinin həlli deməkdir. Çünki ilkin müzakirə mərhələsindən sonra işi yarımçıq qalan dissertantlar da vardı və artıq onlar bu mərhələyə yenidən qayıtmalı olmayacaqlar. Qərar veriləndən sonra dərhal əvvəlki narazı doktorant və dissertantlar bizimlə əlaqə saxladılar, sosial şəbəkələrdə öz sevinclərini bölüşdülər. Onlar problemlərini öz media orqanlarında işıqlandıran jurnalistlərə, səslərinə səs verən professorlara, elm adamlarına və bunları nərəzə alaraq, onlar üçün müsbətə doğru addım atan AAK rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Ancaq elmi ad almaq istəyənlərin sözügedən qərarla bağlı problemləri bununla yekunlaşmır. Qərarın başqa bir bəndi, onların ən çətin proses olduğunu dedikləri elmi seminarların təkrar keçirilməsi hələ də qüvvədədir. İddiaçıların böyük əksəriyyəti də məhz bu mərhələdədirlər. Və AAK-ın dissertasiyanın müdafiəsi ilə bağlı qəbul etdiyi bir sıra dəyişikliklər də narazılıq yaradan səbəblərdəndir. İndiki əsasnaməyə görə avtoreferatın ingilis dilinə tərcüməsi, dissertasiyanın minimal həcminin xeyli artırılması, fəlsəfə doktorluğuna iddiaçının azı 3 elmi konfrasda məruzə ilə iştirakının zəruriliyi, xaricdə ən azı bir beynəlxalq konfransda iştirak, 3 opponent rəyinin tələb olunması, elmi dərəcələr verilməsinə dair Ali Attestasiya Komissiyasına təqdim edilməli olan sənədlərin siyahısının 20-dən (Əlavə 1.19)  33-ə qaldırılması və sair kimi dəyişikliklər olunub ki, bunlar da iddiaçıları narahat edən məsələlərdəndir. 

Bu günlərdə BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, bu qurumun Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərməsi onun məsuliyyətini daha da artırır: "Əlbəttə, Ali Attestasiya Komissiyasının mövcud olduğu illərdə bu qurum öhdəsinə düşən məsul vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə dair çoxsaylı müsbət misallar çəkmək, önəmli faktlar göstərmək olar. Amma mən misallar gətirmədən, konkret faktlar sadalamadan Ali Attestasiya Komissiyasının Azərbaycanda elmin inkişafına bundan sonra da göstərəcəyi xidmətlərə töhfə kimi bəzi elmi mülahizə və tövsiyə xarakterli təkliflərimizi bildirmək istərdim.

Əgər hansısa elm sahəsində elmlər üzrə doktorluq elmi dərəcəsi almaq istəyən şəxs buna qədər nüfuzlu bir universitetdə və ya elmi-tədqiqat institutunda hərtərəfli elmi-tədqiqat müzakirəsindən keçibsə, müvafiq Elmi şurada elmi rəhbərindən, yaxud aidiyyatı mütəxəssis-alimdən müsbət rəy alıbsa,onda onun işinin yenidən Elmi şurada müzakirəsinə, təkrar seminara ehtiyacı yoxdur. Düzdür, bəzən istisnalar mümkündür, amma  hamıya şamil edilə bilməz. Təkrar seminardan keçmə bəzi subyektiv, qərəzli və məkrli niyyətlərə yol aça bilər. Bu fikir dissertantlara da aiddir.

AAK-nın növbəti qərarına əsasən, elmi referatlar ingilis dilinə tərcümə edilməlidir. Bu tərcümə mütləq müəyyən edilmiş müəssisədə aparılmalıdır. Tərcümənin hər səhifəsi 20 manatdır. Bizcə, belə yüksək məbləğin tələb edilməsi doğru deyil. Həm də bu məbləğ imkansız doktorantların deyil, həmin doktorantın və dissertantın təhsil aldığı ali məktəb və ya elmi-tədqiqat institutu tərəfindən ödənilməlidir. Təklif edərdik ki, iddiaçılar avtoreferatlarını ya özləri tərcümə etsinlər, ya  da tərcümə üçün məbləğ müdafiə şuralara olan ali məktəb, yəni universitetlər tərəfindən ödənilsin".

Ə.Qurbanov  AAK-la iddiaçıların necə ortaq məxrəcə gələ bilmələri məsələsinə də toxunub: "Birincisi, dünyanın bir sıra ölkələrində Ali Attestasiya Komissiyasının funksiyalarını bu ölkələrdəki ali məktəblərin, akademiyaların, elmi-tədqiqat institutlarının  nəzdində ayrı-ayrı elmlər üzrə müdafiə şuraları həyata keçirir, dissertant və doktorantların bütün problemləri bu müdafiə şuralarında, ali məktəblərin və elmi-tədqiqat institutlarının rəhbərlikləri tərəfindən həll olunur. Bizdə də buna bənzər struktur yaradılmalıdır".

Ə.Qurbanov AAK-ın bu və ya bu tipli qərarlarının elmi ad almaq istəyən doktorant və dissertantları elmdən uzaqlaşdıra biləcəyi və elmin inkişafına mənfi təsir göstərəcəyi fikrində olsa da, AAK sədri Famil Mustafayevin bir şəxsiyyət, alim kimi yüksək keyfiyyətlərinə də toxundu, onun bu qurumda faydalı işlər görəcəyinə inandığını dedi: "Famil Mustafayevlə şəxsi tanışlığım olmasa da, onun yaxşı insan, dəyərli alim olduğunu bilirəm. O, AAK-a gələndən sonra çox şeyi müsbətə doğru dəyişdirməyə, nələrəsə nail olmağa çalışır. Əminəm ki, o, çox iş görə bilər və görəcək də. Onun bu qərarla bağlı doktorant və dissertantların narazılıqlarını nəzərə alacağına inanıram".

Ali Attestasiya Komissiyasının 21 fevral tarixli son qərarı qurumun etirazçıların fikirlərinə heç də biganə olmadığının, onların işlərinə çətinlik yaratmaq istəmədiklərinin bir nümunəsidir. İnanırıq ki, 13 dekabr 2019-cu il tarixli qərarın təsir göstərdiyi digər iddiaçıların da elmi seminarla bağlı narazılıqları eşidiləcək, AAK rəhbərliyi ilə işləri çətinə düşən iddiaçılar arasında ortaq məxrəc tapılacaq və məsələ hər iki tərəf üçün müsbət nəticə ilə yekunlaşacaq.

Şahanə MÜŞFİQ

 





28.02.2020    çap et  çap et