525.Az

Ulamaqla düzələrmi?.. - Könül Nuriyeva yazır


 

Ulamaqla düzələrmi?.. - <b style="color:red">Könül Nuriyeva yazır </b>

Taleyimlə barışmışam, əgər indi ağlayıramsa, yalnız ağrıdan və soyuqdandır, çünki hələ mənim ruhum ölməyib - it ruhu ölməzdir.

Mixail Bulqakovun "İt ürəyi" povesti satira ilə dolu dialoqlardan, proletariat dövrünün zehinləri yuyan özünəməxsus düşüncələrindən, insanların əzabını hər addımda dadıb hiss edən heyvanlardan bəhs edir. Bu gün  süni intelekt, yeni şüurun yaradılması, iradənin dərinliyinə daxil olmaq, klounlaşdırma tarixinin gizli və açıq şəkildə yenə davam etməsi dövrü olduğunu nəzərə alsaq,  Bulqakov " Master və Marqarita"da olduğu kimi burada da çox  irəli, həm də deyərdim, daha sürətlə irəli gedib.

"İt ürəyi"ndə hadisələr 1924-cü ildə Moskvada baş verir. Ölkə insanları cavanlaşmaq, təbii proseslərin axarına müdaxilə etmək, dini baxımdan yanaşsaq, Allahın işinə qarışmaq kimi fəaliyyətlərlə qaynayır. Küçədəki sahibsiz it insan xarakterini dəqiqliklə təsvir edir. "Vaxtınız olanda siz onun üzünə baxın" ifadəsi adi cümlə sayılsa da, danışıqları ilə qəlbləri kəskin ziddiyyət təşkil edən insanların simalarına onların özlərindən xəbəri olmayanda, məsələn, pul sayanda baxın. Necə acgöz, tamahkar ifadəni özləri də görsəydilər, heyrət edərdilər.

"Bəs indi hara gedəsən? Heç dalınıza uzunboğaz çəkmə ilə ilişdiriblər? Mənim bədənim döyülüb, əzilib, insanlar məni istədikləri qədər təhqir ediblər". Povestdə heyvanın dili  ilə  insanlar, xüsusən də  proletar kütlə acıqla ən rəzil, ən alçaq, insan tör-töküntüsü, ən aşağı kateqoriyalı məxluq adlandırılır. İnsanı tanımaq, öyrənmək məsələsində gözlərin əsas məsələ - barometr  olduğu qeyd edilir. Göz hər şeyi göstərir - kimin qəlbi bomboşdursa, kim hər şeydən, hamıdan qorxursa, kim kimi acımasız şəkildə ölüncə döyə  bilir və bunu adi hal sayırsa - hamısı gözlərindən oxunur.

Əsərdə itin beynindəki hipofizin götürülməsi ilə onun insana çevrilməsi səhnəsi sarkazm və yumorlu dialoqlarla verilir, əməliyyatın nəticəsi, həm də qalmaqallı nəticəsi məharətlə təsvir olunur.

"Hipofizin dəyişdirilməsi cavanlaşma ilə yox , tam insanlaşma ilə nəticələnib" yazan F.Filipoviç öz səhvini etiraf edir.

Moskvada nələr baş verdiyi insan ağlına sığmır. Bolşevik dünyagörüşü, qiyamət gününün gəlməsi haqda şayiə yayanların həbsxanaya düşməsi, Şarik adlı itin əməliyyatı qəzetlərin baş xəbərləridir.

Təkamül yolu ilə  hər il inadla alçaq kütlə içindən yer üzünü bəzəyən onlarla insan yetişirsə, kloun, heyvandan insan yaratmaq,  genlərin dəyişdirilməsi... - bütün bu kəşflər qara qəpiyə dəyirmi?  Nəzəri cəhətdən maraqlı görünən, təcrübə baxımından genetik fərqli canlıları bu hala gətirməyə sərf olunan milyardlarla pullar elmə hansı töhfələri verib?

Kitabı oxuyub,  bu tipli suallara aydınlıq gətirmək üçün 1980-ci ildən başlayan qoyunun genetik kloununu yaradan məqalələri oxudum. 277 yumurta hüceyrədən yalnız 29 ədədi bölünə bilir, fərqli qoyun bətnində yerləşdirilir, 13 qoyun boğaz qalır və yalnız bir qoyun normal  bala doğa bilir. İlk heyvan klounu belə yaranır. Əngəllərə baxmayaraq bu əməliyyatlar daha geniş vüsət alır. İnsana gəlincə, 19 yumurta hüceyrənin 3-ü bölünür və məhv olur. Uğursuzluq  reallıqda da, povestdə də labüddür.

"Düzdür, bilmirəm başımı niyə doğrayıb tökdülər, amma bunun eybi yoxdur, sağalıb  gedəcək. Biz buna fikir verməməliyik".

Köpək insan olmanın çətinliklərini, anlaşılmazlıqları, insan dərrakəsinin əlçatmaza meylini, özünə ziyan olsa belə, istəyinə zidd gedə bilməməklərini yaşadı, gördü və geriyə  - özünə qayıtdı.

Sadəlövh olub, bir tikə ətə aldanmayın, sizi evə, rahatlığa yox, əməliyyat stoluna aparacaqlar. Hər kəs öz mənafeyi üçün çalışır, hətta köpəklər də - ürəkləri insan ürəyi olmasa belə.

 





28.02.2020    çap et  çap et