525.Az

Cəsur zabit Eynəli Sultan və varisləri: axtarışlar, tapıntılar


 

Cəsur zabit Eynəli Sultan və varisləri: <b style="color:red">axtarışlar, tapıntılar</b>

12 il əvvəl Naxçıvan Dövlət Universitetinin tanınmış müəllimlərindən və yaxşı tədqiqatçı alimlərindən olan bir xanım mənə maraqlı məktub gətirdi. Arzu etdi ki, mən məktub sahibinə - Oleq Əziz oğlu Sultanova köməklik göstərim.

Mətləbi açmazdan əvvəl yaxşı olar ki, Rusiyadan yazılmış məktubu olduğu kimi oxuculara təqdim edək: "Zdrastvuyte, uvajaemaə qospaja...! Vas bespokoit iz Moskvı jurnalist Oleq Azizoviç Sultanov. Ə gtniçeskiy azerbaydjaneü, no dolqo uje projivaö za predelami Rodinı. U menə k Vam bolğşaə prosğba. Delo v tom, çto moi familğnıe korni rodom iz Naxiçevani, qde v 1878 qodu rodilsə moy ded Sultanov Mexti. Moy pradeduşka toje iz Naxiçevani, eqo zvali Sultanov Gynalibek. Ne podskajite li mne glektronnıe adresa istorikov-naxiçevanüev, kotorıe moqli bı pomoçğ mne sostavitğ rodoslovnuö moeqo roda? Sam ə uje pojiloy çelovek, mne 59 let, no tak poluçilosğ, çto, k sojaleniö, malo znaö podrobnostey o svoix azerbaydjanskix predkax. Znaö, çto ded Mexti bıl rasstrelən v 1937 qodu v Azerbaydjane; on bıl polkovnik üarskoy armii, a potom qeneral v sovetskoy armii, əvləlsə pervım naçalğnikom Zakavkazskoy voennoy şkolı, no za svəzğ s Musavatom eqo priqovorili k smerti. Praded Gynalibek, kak rasskazıval mne oteü, bıl əkobı izvestnım v Naxiçevani prosvetitelem, oçenğ boqatım çelovekom. Vot i vse, bolğşe mne niçeqo ne ne izvestno, i sam ə v Naxiçevani nikoqda ne bıl.

Budu Vam blaqodaren, esli smojete vıvesti menə na çeloveka, kotorıy znaet istoriö Naxiçevanskoqo roda Sultanovıx. V svoö oçeredğ, postaraösğ Vam bıtğ po mere sil poleznım pri reşenii voprosov, kotorıe u vas moqut vozniknutğ po Moskve.

S iskrennım uvajeniem,

O.A. Sultanov, çlen Soöza jurnalistov Rossii ".

(Salam, hörmətli xanım...! Sizi Moskvadan jurnalist Oleq Əziz oğlu Sultanov narahat edir. Mən əslən azərbaycanlıyam. Amma uzun illərdir ki, vətəndən uzaqlarda yaşayıram. Mənim Sizdən böyük bir xahişim var. İş ondadır ki, mənim ailə soyum Naxçıvandandır. Babam Mehdi Sultanov 1878-ci ildə Naxçıvanda doğulub. Naxçıvandan olan ulu babamın adı Eynəlibəy Sultanov  olub. Mənim nəslimin şəcərəsini qurmaqda mənə köməklik edə bilən bir naxçıvanlı tarixçinin elektron ünvanını mənə deyə bilərsinizmi? Mən artıq yaşlı adamam, 59 yaşım var. Təəssüflər olsun, elə alınıb ki, azərbaycanlı babalarım haqqında çox az bilirəm. Bilirəm ki, babam Mehdi 1937-ci ildə Azərbaycanda güllələnib. O, çar ordusunun polkovniki olub, sonralar sovet ordusunun generalı olan babam Zaqafqaziya hərbi məktəbinin ilkin rəisi olub. Ancaq Müsavatla əlaqəsi olduğuna görə ölüm cəzasına məhkum etmişlər. Atamın mənə dediyinə görə, ulu babam Eynəli bəy Naxçıvanın tanınmış maarifçilərindən və varlı adamlarından biri imiş. Vəssəlam. Mənə artıq heç nə məlum deyil və özüm heç vaxt Naxçıvanda olmamışam.

Əgər mənlə naxçıvanlı Sultanovların nəslini tanıyıb-bilən şəxs arasında əlaqə yaratsanız, Sizə çox minnnətdar olaram. Öz növbəmdə, Moskvada ortalığa çıxan problemlərinizin həllində öz xeyirxah köməkliyimi əsirgəmərəm.

Səmimi hörmətlə: Rusiya Jurnalistlər İttifaqının üzvü O.Ə.Sultanov).

Qürbətdən böyük ümidlərlə, həm də kədərlə yazılmış bu məktub indi də məndədir. Çox təəssüflər ki, həmin vaxt mən Oleq Əziz oğluna köməklik edə bilmədim. Bunun səbəbləri vardı. Əsas səbəb onun babası Mehdi Sultanovun kimin oğlu olması və onları ulu babaları olan məşhur hərbçi kapitan Eynəli bəy Sultana bağlayan arxiv sənədlərinin tapılmaması idi. Çünki hər hansı bir nəslin şəcərəsini bilmədən, qurmadan dəqiq məlumat vermək səhv nəticələrə aparıb çıxarır. Digər səbəb isə Naxçıvanda Sultanov familiyaları çoxdur. Bu da onların Şah İsmayıl hakimiyyətində "Sultan" hərbi rütbəsi almış babaları ilə bağlıdır. Varislər XIX əsrin sonlarından başlayaraq "Sultan" titulunu özlərinə familiya seçmiş və sənədlərdə elə belə də yazmışlar. Həmin illərdə kapitan Eynəli Sultanla Mehdi Sultanovu bağlaya biləcək sənədlərin tapılmaması ucbatından uzaq qürbətdə ümidlər içində xəbər gözləyən bir ailəni sevindirmək mümkün olmadı. Onu da deyim ki, onlarla belə məktublar olub və təmənnasız olaraq varislər öz ulu babalarının şəcərə qollarına birləşiblər və s. Naxçıvan, Bakı, Tbilisi və digər arxivlərdə axtarışlar apararkən kapitan Eynəli bəylə də axtarışlar diqqətimdə olub. Həm də hərb tariximizdən olan elmi işimdə kapitan Eynəli bəy Sultanov da var. Oleq Əziz oğlunun məktubunda olan bəzi yanlışlıqlara, yeri gəldikcə, yazımızda münasibət bildirəcəyik. İki ay bundan əvvəl bir telefon zəngi axtarışların müsbət yekunlaşmasına köməklik etdi. Zəng edən Bakıdan idi: Elçin Camal oğlu Sultanov. Qiyabi tanış olduq. O da ulu babası kapitan Eynəli bəyin sorağında idi. Qeyd edək ki, Elçin Sultanov daha çox məlumatlı idi və o da babası Hidayət bəydən əvvəlləri bilmirdi. Amma Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivinə yazdığı məktublara cavabları, həmçinin. Hidayət bəyin diplomunun surətini və bəzi istintaq sənədlərinin üzlərini çıxararaq mənə göndərmişdi. Onun dediyindən məlum oldu ki, ana babası da naxçıvanlı Şeyx Kərim Axundzadədir. Anası Bətulə xanım Şeyx Kərimin qızıdır. Bu səbəbdən tez-tez Naxçıvana gəlirmiş, muzeylərə və şəhərin tarixi yerlərinə tamaşa edib Bakıya qayıdırmış. Onun doğma Naxçıvana belə bağlılığı mənə Oleq Əziz oğlunun məktubunu bir daha xatırlatdı. Və gərgin axtarışlar yenidən başlandı.

Naxçıvan şəhərinin 1832-ci ildə Rusiya hökuməti tərəfindən tərtib edilmiş kameral təsvirlərdə (siyahılarda) poruçik Eynəli Sultan haqda ilkin məlumat var: poruçik Eynəli Sultan Məmmədsəid oğlu 45 yaşında, həyat yoldaşları Nərgiz (30 yaş), Fatma (26 yaş);

Üç oğlu Baba (15 yaş), Əlipaşa (12 yaş vəfat edib), Həsən (7 yaş);

Beş qızı qeyd edilib: Sarabəyim (14 yaş), Şəfabəyim (13 yaş), Əziz xanım (9 yaş), Tutubəyim (5 yaşında vəfat edib), Şeyda (2 yaşında vəfat edib).

Eynəli bəy 1788-ci ildə Naxçıvanda doğulub. Özü də Kəngərli tayfasının Kəclər (Qəclər) qolunda siyahıya alınıb. Yəni Kəc (Qəc) Kəngərlilərdəndir. XVII əsrlərə aid arxeoqrafik sənədlərdə belə kəngərlilər müqavilələrdə öz möhürləri ilə qeyd olunublar. Bilici Kəngərlilərlə əmi uşağıdırlar. Sonralar, XX əsrin əvvəllərində Bilici kəngərlilərin çoxu, əsasən hərbçilər öz familiyalarını Kərimsultanov yazdırmışlar. Ulu babaları Kərim Sultanın şərəfinə. Əlbəttə, bəy komissiyalarının icazəsi ilə.

Məqsədimizdən uzaqlaşmayaq. Naxçıvan şəhərinin 1843-cü ilə aid kameral təsvirlərində (siyahılarında) poruçik Eynəli Sultan haqda yeni məlumat yazılıb:

poruçik Eynəli Sultan Məhəmmədsəid oğlu (1788), 55yaşında;həyat yoldaşları: 1) Nərgiz xanım 40 yaşında; 2) Fatma xanım 35 yaşında; 3) Xədicə xanım 60 yaşında.

Oğlanları: 1) Baba bəy, praporşik 25 yaşında; həyat yoldaşı Şərəfxanım 24 yaşında; qızı Cavahir 4 yaşında; oğulluğu Həsən 17 yaşında; 2) Ələkbər bəy 9 yaşında; 3) Ələsgər bəy 4 yaşında; 4) Qasım bəy 6 yaşında

Kəngərli tayfasının XVII-XVIII əsrə aid farsdilli Naxçıvan sənədlərində Kəc (Qəc) Məhəmmədsəid Kəngərli adına rast gəlinir.

Çar Rusiyasının 1828-ci ildən sonra, əsasən 1832-ci ildən başlayaraq Naxçıvan şəhəri üçün tərtib etdiyi kameral təsvirlərdə Kəngərlilərin Kəclər qolunun şəhərin əksər məhəllələrində yaşaması qeydə alınıb.

İndi bu məlumatlardan sonra maraqlı məsələ varislərin axtardıqları babaları kapitan Eynəli bəyin oğlanlarından hansıların övladları olmaları idi. Yenə də tapılan arxiv sənədləri köməyə gəlib açar rolunu oynadı. 1911-ci ilə aid bir arxiv sənədində olan məlumat diqqətimizi çəkdi. İrəvan qubernatoruna bir raport yazılmışdı. Həmin sənəddə söhbət vəfat etmiş Ələkbər bəy Eynəlsultanovun həyat yoldaşları 84 yaşlı Gülsüm xanıma və 40 yaşlı Səadət xanıma təqaüd verilməməsindən söhbət gedirdi. Burada qeyd olunmuşdu ki, mərhum Ələkbər bəy kollej məsləhətçisi olmaqla bərabər, həm də Naxçıvan türməsinin nəzarətçisi (yəni müdiri) vəzifəsində işləyib.

Artıq 1843-cü il kameral arxiv sənədindən bizə məlum idi ki, vəfat etmiş Ələkbər bəy kapitan Eynəli bəy Sultanovun ikinci oğludur. 1834-cü ildə doğulub və 1911-ci ilin 26 aprelində 77 yaşında vəfat edib.

1911-ci ilin 7 noyabrından başlanan bu arxiv işinə 26 oktyabr 1913-cü ildə xitam verilib. Çoxlu yazışmalar gedib və nəhayət, Qafqaz canişinliyinin göstərişi ilə Ələkbər bəyin dul qalmış qadınlarına ildə 175 rubl təqaüd təyin edilib.

Bu mühim arxiv işində iki sənəd axtarışlarımız baxımından çox qiymətlidir. və tarixi bir suala da (indi onu da deyəcəyik) cavab verir.

Haqqında söhbət açdığımız sənədləridən biri qəbz və rəydir. Hər ikisini Qasım ağa Elçiyev (O, əvvəllər familiyasını Sultanov yazdırıb - müəllif) imzalayıb. Yazaraq bildirib ki, qardaşı Ələkbər bəyin dul qalmış həyat yoldaşı Gülsüm xanım 4 mart 1912-ci ildə vəfat edib. Onun oğlu Eynəli bəy  Sultanovdur. Hazırda Qars Dairə rəisinin baş köməkçisi vəzifəsində işləyir. O biri sənəddə  isə sağ qalmış Səadət xanımın da qardaşı Ələkbər bəyin həyat yoldaşı olduğunu təsdiqləyib. Tarixi sual isə rus şərqşünası, etnoqrafı və 1935-ci ildə Naxçıvanda elmi axtarışlarda olan kəşfiyyatçı polkovnik K.N.Smirnovun kitabında yazdığı məsələdir. O yazır ki, Naxçıvanda Kəngərli Elçiyevlər də yaşayırlar. Amma təsdiqləyici sənədlər olmadığından çoxları elə bilirdi ki, biz doğru yazmırıq və s. İndi o faktı təsdiqləyən tarixi sənəd də tapıldı!

1915-ci il 30 iyun  Odessa şəhərində Hidayət bəy Eynəli Sultanoğlu Sultanova verilən diplomdakı məlumatlardan da aydın olur ki, Hidayət bəy Qarsda xidmət göstərən Eynəli bəyin oğludur. Ələkbər bəyin isə oğul nəvəsidir. Həmin diplomdakı məlumatlardan aydın olur ki, Hidayət bəy Rusiyada Novorossiya (sonralar Odessa) universitetinin hüquq fakültəsində (1907, 1908, 1909, 1910-cu illərdə oxuyub) təhsil alıb və 29 may 1912-ci ildə ona 2-ci dərəcəli diplom verilib. Diplomu Odessa Təhsil Dairəsinin popeçitelinin (müdirinin) dəftərxanası möhürlə imzalayıb. 1911-ci il sınaq müddəti olub.

Digər bir sənəddə isə Hidayət bəyin Novorossiya universitetində əvvəlcə tibb fakültəsində oxuması haqqında məlumat vardır. Hidayət bəy alitəhsilli hüquqşünas kimi doğma vətəni Naxçıvana qayıdıb və fəaliyyətə başlayıb. Bacarıqlı, savadlı, xeyirxah hüquqşünas və vəkil kimi naxçıvanlıların çox ehtiram bəslədikləri insan olub. 1918-1920-ci illərdə, Naxçıvanın taleyüklü  məsələlərində III Kalbalı xanın sadiq əsgərlərindən biri kimi erməni daşnakları ilə döyüşlərdə seçilib. Mirzə Bağır Əliyevin gündəliyində Hidayət bəyin və dostu İskəndər xanın (Rəhim xanın oğlu - müəllif) da fəaliyyəti haqqında yazılıb.

Amma 1920-ci ilin 28 iyulundan sonra Naxçıvanda rəhbər mövqe tutan İnqilab Komitəsi, sonralar onu əvəzləyən təşkilatlar Hidayət bəyi də təqib etdirmişlər. Bütün bu təqiblər 1937-ci ilin sentyabrında onun həbsi ilə başa çatıb. Həmin vaxt tərtib edilən ittihamnamədə onun sosialist inqilabına qədər hakim, prokuror işləməsi, sonralar isə antisovet təbliğatı aparması, İran konsulu Qafar ağa Səfərlibəyovla dostluğu və s. əsas götürülüb. Hətta Hidayət bəyin qaçaq Tağı Rzayev və Hüseyn Nəsirovla əlaqələrinin olması da qeyd olunub. Əlbəttə bunlar hamısı uydurulmuş böhtanlar, yalanlar idi. Olduqca bacarıqlı, ali savadlı, hüquqşünas və Naxçıvan Milli Müdafiə Komitəsinin cəsur döyüşçülərindən biri olan Hidayət bəyi məhv etmək üçün qurulan tələlər idi.

İttihamnamədə qeyd edilib ki, evində axtarışlar aparıldı. Onun pulların və qızıl saatın Naxçıvan Daxili İşlər İdarəsinə təhvil verilməsi və ona məxsus ov tüfəngini də müsadirə etdiklərini yazıblar. Hidayət bəylə bağlı bir məxfi sənəddə (№-7-0/660/57-ci il) qeyd olunub ki, o, 5 sentyabr 1937-ci ildə həbs edilib və 6 gündən sonra güllələnib. Əslində bu məxfi sənəd 1957-ci il 29 noyabr tarixində yazılmış qərardır. 11 sentyabr 1937-ci ildə nahaqdan "troyka (üçlük)" tərəfindən güllələnən Hidayət bəyə bəraət verilməsi haqqında yazılan qərarda bir çox məsələlərdən söhbət açılır və ittihamların qurama olduğu aşkar görünür. Hətta bunu Azərbaycan SSR-in prokurorluğu da etiraf edir və ona bəraət qazandırır. Amma olan olmuşdu. Azərbaycanın ən yaxşı, ali savadlı, təəssübkeş, qorxmaz oğullarından biri əbəs yerə məhv edilmişdi və ailəsi, övladları Qazaxıstan sürgünlərində həyatın qələm yaza bilməyən dəhşətlərini yaşamışdılar.

Hidayət bəyə 11 sentyabr 1937-ci ildə akt tərtib edilib. Onun haqqında qısaca məlumat verilib. Yaşının 53 olduğu göstərilib. Qərar belə olub: Əmlakı müsadirə olunmaqla güllələnsin. Protokolu üçlüyün katibi Koqan imzalayıb və möhürləyib. Aktdakı çıxarışda hökmün icra vaxtı və saatı da göstərilib. 2 oktyabr 1937-ci il. Gecə saat 2 tamamda hökm yerinə yetirilib. Leytenant Suxanov və Koqan imzalayıblar. 1937-ci ilin 20 oktyabrında isə bütün əmlakı müsadirə edilib və bu haqda 55338-№-li akt tərtib edilib.

1957-ci il 7 dekabrda Hidayət bəyin həyat yoldaşı Lətifə Əli qızı Sultanovaya Azərbaycan SSR Ali Məhkəməsi arayışla bildirib ki, həyat yoldaşınız Hidayət Sultanov haqqında ittihamnamə özünü doğrultmadığından ona bəraət verilir. Hidayət bəyin Lətifə xanımla nikahından 3 oğulları dünyaya gəlmişdi. Camal, Nəcməddin və Şəmsi. Həmin vaxtlar Şəmsi Tiflisdə oxuduğu üçün sürgündən yayına bilib. Lətifə xanımla 24 yaşlı oğlu Cənnət (Camal) və 9 yaşlı oğlu Nəci (Nəcməddin) Qazaxıstana, Taldı-Kurqan vilayətinin Kirov rayonuna sürgün ediliblər. 1954-cü ilə kimi orada sürgündə yaşayıblar. Həmin ildən sonra Çimkənd vilayətinin Paxtaroyski rayonunun Slavyanka kəndinə - öz həmyerlilərinin yanına köçüblər.

1968-ci ildə Lətifə xanım və oğlu Camal Bakıya köçürlər və orada şəhər ətrafında olan bir qəsəbədə məskunlaşırlar. Naxçıvana gələ bilmirlər. Çünki ailəyə tam bəraət verilməmişdi. Lətifə xanım 1971-ci ildə Naxçıvan həsrəti ilə vəfat edib. Oğlanları Camal (1913-1981) və Şəmsi (1923-2010) Bakıda, Nəcməddin isə (1929-2017) Daşkənddə dünyalarını dəyişiblər. Hidayət bəyin ailəsinə tam bəraət isə müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 29 may 1997-ci ildə verilib.

Qeyd edək ki, Hidayət bəyin evi Naxçıvan şəhərində keçmiş Puşkin küçəsindədir. İndi də memarlığı ilə göz oxşayan bu evdə Hidayət bəyin ulu babası məşhur döyüşçü kapitan Eynəli bəy Sultan, onun oğlu Ələkbər bəy, Ələkbər bəyin oğlu Eynalı bəy də yaşamışlar.

İndi qayıdaq qürbət ellərdə ürəyində Naxçıvan sevgisi daşıyan Oleq Əzizovun yazdığı məktuba. Axtarışlar göstərdi ki, Oleqin ata tərəfdən babası Mehdi bəy Sultanov da Qarsda yüksək vəzifədə işləyən Eynəli bəyin oğludur. Yəni Hidayət bəyin qardaşıdır.

Zəhmətkeş hərb tarixçilərimiz Şəmistan Nəzirli və Mehman Süleymanov polkovnik Mehdi bəy Eynəlibəy oğlu haqqında, yazdıqları kitablarda məlumat vermişlər. Yazılanlardan məlum olur ki, Mehdi bəy (1880-1937) Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovniki olmuşdur. Yazılan kitablarda onun 1880-ci ildə Gəncədə doğulduğu qeyd edilib. Amma onun nəvəsi Oleq Əziz oğlu babasının doğum tarixini 1878, yeri isə Naxçıvan şəhəri olduğunu göstərib.  Cümhuriyyət ordusunun sıralarında 1918-ci ildən hərbi xidmətə başlayan Mehdi bəy Sultanov 1919-cu il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin olunub. 1919-cu il 24 noyabrda Azərbaycan hökuməti tərəfindən ona polkovnik hərbi rütbəsi verilib. 1920-ci ilin 9 yanvarında isə o, 6-cı Göyçay piyada polkunun (alayının) komandiri təyin edilib.

1920-ci il aprelin 28-dən sonra, yəni Azərbaycanda Sovet hökuməti fəaliyyət göstərdiyi illərdə Mehdi bəy Sultanov Azərbaycan diviziyasında 3-cü polkun komandiri olmuşdur. 1926-cı ildə Mehdi bəyi həbs etmiş və 10 il müddətinə uzaq Arxangelsk vilayətinə, Solovetsk həbs düşərgəsinə sürgünə göndərmişlər.

1936-cı ildə Bakıya dönən Mehdi bəy Sultanovu Azərbaycan NKVD-si (Xalq Daxili İşlər Komissarlığı) yenidən həbs etmiş və xüsusi üçlüyün (troykanın) qərarı ilə güllələmişlər. Qeyd edək ki, Mehdi bəy Oleq Sultanovun yazdığı kimi, general hərbi rütbəsində olmamışdır. Beləcə, Mehdi bəy Sultanov da qardaşı Hidayət bəyin faciəli taleyini yaşamışdır.

Məqamındaca deyək ki, Mehdi bəy Eynəlibəy oğlu Sultanov Azərbaycanda sovet hökuməti qurulanda 40 yaşında idi. Və onun 1918-ci ilədək hərbi fəaliyyəti var. Məqsədimiz onu da araşdırmaqdır. Ulu babaları kapitan Eynəlı Sultandan da əvvəl yaşayan əcdadlarının keçdiyi hərb yolları var. Hüquqşünas, Azərbaycanın ilk diplomatlarından biri, lüğətçi alim Paşa bəy Ələkbər bəy oğlu Sultanov da kapitan Eynəlı Sultanın oğlu nəvəsidir. Türk, rus, latın, qədim yunan, fransız və fars dillərini mükəmməl bilən poliqlot, həm də Azərbaycanda notarius qurucularından biri olub. Onunla da bağlı axtarışlarımız davam edir. Bunlar hamısı yaşanmış tarixdir. Ona görə də bu mövzuya nöqtə qoymuruq...

 





06.03.2020    çap et  çap et