525.Az

"Sən xoşbəxt olsan, bəsimdi..." - Məhəmməd Hacıyevin şeirləri


 

"Sən xoşbəxt olsan, bəsimdi..." - <b style="color:red">Məhəmməd Hacıyevin şeirləri </b>

Əziz şairimiz Məzahir Hüseynzadəyə

Toxtadıb özünü, baxır dağlara,
Baxışı dolanır Sərxandan belə...
Başını aşağı sallayıb susur
- Daha qocaqlıqdı bu yandan belə...

Ah çəkir, Şəmkirin canı odlanır,
Zəhmli baxışı əzir yolları...
Süzür göy üzünü, süzür torpağı,
Süzür camaatı, süzür yolları...

Bilirəm, darıxır, tıncıxır orda,
Sözü hər adamla tutmur, bilirəm...
Sıxıbdı köksünə qaranlıqları,
Gecələr oyaqdı, yatmır, bilirəm...

Başqa zülm imiş şair yaranmaq,
Tənhasan, yalqızsan qohumlu-yadlı,
Arada Şəmkirə gedin, baş çəkin,
Bir şair darıxır Məzahir adlı...

***

Hey səni axtarır dəli gözlərim,
Sənlə rastlaşanda divara baxır...
Bir əcəl sevgisi dolur qəlbimə
Nə cəllada baxır, nə dara baxır...
 
Yanağım qızarır, əsir əllərim,
Bir az təntiyirəm, özüm bilmirəm...
Bu qəfil görüşlər hara aparır?
Harda qurtaracaq nazın, bilmirəm...

Tökülür üzündən şeytan gülüşü,
Dünyaya cənnətin işığı axır...
Hey səni axtarır dəli gözlərim,
Sənlə rastlaşanda divara baxır...

Fərqanə Mehdi üçün...

Ürəyi şeir üstündə
Əsən anam, əsən anam...
Küləklərin qabağında
Sünbül anam, süsən anam...

Can üstündə söz qalayır,
Ruh bədəndə çabalayır,
Şerin ömrünə calayır
Öz ömründən kəsən anam...

Zaman çaşır, yolun azır,
Hər telindən bir dən asır...
Günləri ömründən asır
Ömrü sözdən asan anam...

Arzular sovruldu göyə,
Bir kimsə yetmədi heyə...
Qıymır kimsədən küsməyə
Öz özündən küsən anam...

***

Heç yanımda qalmasan da
Gözümdə qalsan, bəsimdi...
Röyalarda, yuxularda
Üzümə gülsən, bəsimdi...

Tükənər göylərin ahı,
Tükənməyən nə var axı?
Əlində sevda bıçağı
Üstümə gəlsən, bəsimdi...

Gülsün sənə dan ulduzu,
Ay dünyamın ulduz qızı...
Eh, arada bir az bizi
Yadına salsan, bəsimdi...

Sağalaram, bitişərəm,
Sonra gözündən düşərəm...
Mən birtəhər ötüşərəm,
Sən xoşbəxt olsan, bəsimdi...

***

Dünyanın boz üzündəyəm,
Hardan tapacaqsan məni?..
Hardan ki küsübdü Allah,
Ordan tapacaqsan məni...

Tənhalıq əzizdi mənə,
Anamdan belə əzizdi...
Bir həsrətə qoşulmuşam,
Sonamdan belə əzizdi...

Özüməm özümə yanan,
Unutmuşam onu-bunu...
Özüm ovula-ovula
Ovutmuşam onu-bunu...

Bəlkə dirilib qayıdam,
Sən bircə yol boğsan məni...
Ana, əgər yarıtmasam,
Bir də doğacaqsan məni?..

 





11.03.2020    çap et  çap et