525.Az

Bir şəhid ailənin tarixçəsi - Teymur Əhmədov yazır


 

Bir şəhid ailənin tarixçəsi - <b style="color:red">Teymur Əhmədov yazır </b>

1925-ci il yanvarın 14-də Moskvada Şərqşünaslıq İnstitutunda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanovun ədəbi-ictimai fəaliyyətinin 30 illiyi təntənə ilə keçirildi, ümumittifaq mətbuatında geniş əks-səda doğurdu.

"Nadir şah" tarixi faciəsinin tamaşası moskvalıların marağı ilə qarşılandı. N.Nərimanovun bədii əsərləri öz tərcüməsində rus dilində dərc olunub yayıldı. Hər yerdən - respublikalardan və xarici ölkələrdən təbrik teleqramları gəlirdi...

***

Aramsız yağan qar yolu-izi tutmuşdu: geniş prospekt, meydanlar və parklar tanınmaz olmuşdu. Hər axşam şaxta düşürdü. İşdən axşam qayıdan Nəriman Nərimanov yeməkdən sonra geniş isti otaqlarda fikirli-fikirli gəzib dolaşır, divanda əyləşib dincələndə 6 yaşına yenicə çatmış Nəcəflə söhbət edərdi.

Son günlər ürəktutmaları ara vermirdi. Gülsüm xanım onun iş otağına bir qayda olaraq, kiçik qrafində su, stəkan, ürək dərmanı - məcməyidə aparıb stolun sol küncünə qoyardı. Gecə yarıyadək Nərimanov nə isə yazırdı. Hərdən papiros çəkər, fikirli-fikirli düşünərdi. Bu narahatlığın SSRİ Mərkəzi Komitəsində çaxnaşma ilə əlaqəli olduğunu bilən arvadı ondan heç nə soruşmazdı.

1925-ci il yanvarın 28-də N.Nərimanov 6 yaşlı Nəcəfə məktubunu - ata nəsihəti və məsləhətini yazmağa başladı. Ertəsi gün Gülsüm xanım yarımçıq əlyazmanı oxuyub çox üzüldü. Ərinin mənəvi aləmində baş verən sıxıntının səbəblərindən xəbər tutdu. Yanaqlarını isladan göz yaşını sağ əlinin arxası ilə sildi. Vanna otağına gedib yuyundu. Sonra otağa keçib divanda əyləşdi. Məktubdakı fikirlər Gülsüm xanımı tərk etmirdi: Leninin ölümündən sonra Nərimanov Mərkəzi Komitədə başı dedi-qodulara qarışıb vacib işləri əldən buraxan görkəmli rəhbərlərin hakimiyyəti uçuruma apardıqlarını görür, onlarla barışmırdı... Oğluna müraciətlə yazırdı: "İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-birilə danışa bilmirlər...

Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı".

N.Nərimanov əqidəsi, vicdanı qarşısında MK-da qeyri-rus xalqların, eləcə də imperialistlərin əsarətinə və təxribatına məruz qalan Şərq xalqlarının taleyinə biganəlik göstərən hakimiyyət düşkünlərinə qarşı şüurlu olaraq tarana gedirdi. N.Nərimanovu fikrindən döndərmək çətin idi.

Kremldə, Sov. İKP MK bürosunun 1925-ci il martın 19-da saat 3-də başlanan iclası axşam başa çatdı. Cari məsələlərdən sonra N.Nərimanovun məruzəsi ətrafında çıxışlar gərgin keçdi.

Axşam saat 8-də N.Nərimanov Kremlin Spask darvazasından çıxıb Qızıl meydana sarı, oradan Moskva çayına tərəf getdi. Nəfəsi təngiyirdi, ürəyi sancırdı. Moskva çayı körpüsünə yaxınlaşıb sağ əli ilə məhəccərdən tutub dayandı: gözlərini yummuşdu, ağır-ağır nəfəs alırdı, ürək tutması sakitləşmək bilmirdi. Kreml xəstəxanasının şəfqət bacısı Tanya, Nərimanovu tanıdı. Sol qolundan tutanda N.Nərimanov gözlərini açdı:

- Yoldaş Nərimanov, toxtayın, maşın çağırım, - deyə yaxındakı telefon budkasına yaxınlaşdı - sonra geri qayıtdı. Təcili yardım tez gəldi. Tanya Nərimanovun qolundan tutub onu həkimlərin köməyi ilə avtomobilə çıxardılar. Təzyiqini ölçüb profilaktik tədbir gördülər. Kreml xəstəxanasına çatar-çatmaz Nərimanov müvazinətini itirdi. Sağ əlini ürəyinin üstünə qoyub, gözlərini əbədi yumdu.

N.Nərimanov 1925-ci il martın 19-da, axşam saat 8:30-da ürək partlamasından qəflətən vəfat etdi.

Bu xəbər ildırım sürəti ilə yayıldı.

N.Nərimanovun cənazəsi İttifaq Evinin sütunlu salonuna qoyuldu (19 mart 1925-ci il). Həmin gün saat 1-dən etibarən Moskva şəhərindəki bütün dövlət müəssisələrində iş dayandırılmışdı. Matəm günü bütün tamaşalar, konsertlər, kino və digər əyləncələr ləğv edilmişdi. N.Nərimanovun cənazəsi ətrafında saysız-hesabsız əklillər içərisində Rusiya Kommunist Bolşevik partiyasının adından qoyulmuş əklildə yazılmışdı: "Şərq xalqlarının inqilabi rəhbərinə və imperializm zülmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə".

Q.K.Orconikidze çıxışında demişdir: "...Nərimanov Zaqafqaziya üçün milli sülh uğrunda yorulmaz mübarizlərdən biri idi. Nərimanov yoldaş partiyamızın ən yaxşı mübariz bayraqdarı idi. Nərimanov yoldaş azad olunmaqda olan Şərqin simvoludur".

Trotski göndərdiyi teleqramda yazmışdı: "Şərq xalqlarının azadlıq mübarizəsinin şanlı rəhbəri yoldaş Nərimanovun ölümündən sarsıldım".

1925-ci il martın 22-də Nəriman Nərimanov Moskvada Qızıl meydanda Kreml divarı önündə dəfn edilərkən, matəm mitinqində M.İ.Kalinin öz nitqində "Nərimanov şəxsində Qızıl meydan Şərq xalqlarından ilk qurbanı qəbul edir..." deməsi təsadüf deyildi.

Dəfn vaxtı SSR İttifaqının ərazisində və xarici dövlətlərin səlahiyyətli nümayəndəliklərində bütün dövlət bayraqları 5 dəqiqə endirilmişdir. N.Nərimanov torpağa tapşırılarkən Moskva vaxtı ilə saat 13:00-da Qızıl Ordunun bütün qarnizonlarında toplardan yaylım atəşi açılmışdır.

N.Nərimanovun qardaşı və bacısı uşaqları da matəmdə iştirak edirdilər. Onlar sarsıntı keçirən Gülsüm xanımın və Nəcəfin yanında qalır, dərdinə şərik olurlar. Hər gün Qızıl meydanda əklillərlə əhatə olunmuş N.Nərimanovun məzarına baş çəkir, xısın-xısın ağlaşırlar. Qonşu qadınlar hər gün xəstəhal Gülsüm xanıma baş çəkirlər. Poçtalyon N.Nərimanovun yaşadığı ünvana (Moskva, Komitern küçəsi, ev 4, mənzil 24) hər gün yığın-yığın məktub və teleqram gətirirdi.

Gülsüm xanım ailə faciəsinə dözə bilmirdi. Ciddi mənəvi sarsıntı keçirmişdi, həkimlərin nəzarəti altında müalicə olunurdu. Səhhəti yaxşılaşdıqca o, oğlu Nəcəfin taleyini - böyüdüb ərsəyə çatdırılmasını düşünürdü. Bu fikir onun qəlbində elə bil ki, analıq borcunu artırmışdı. Nəcəf gecələr yuxuya gedəndən sonra Nərimanovun kabinetində stol arxasında əyləşər, Nərimanovun qarşıdakı divarda canlı fotoşəklinə baxar, yanaqlarını isladan göz yaşlarını siləndən sonra toxdayar, xəyalən həyatını qurban verən - şəhid ömür yoldaşı, sirdaşı, ümidi Nərimanla xəyalən dərdləşər, məsləhətləşərdi.

Gülsüm xanım kiçik yaşlarında ailə şəraitində təhsil almışdı. Gənc yaşlarında N.Nərimanovla ailə həyatı qurandan sonra, 1916-1917-ci illərdə Bakıda gizli-inqilabi fəaliyyətlə məşğul olmuşdur. O, Nərimanovun tapşırığı ilə qadın hərəkatına qoşulmuş, müsəlman qadınlar arasında qeyri-leqal ədəbiyyat, inqilabi vərəqələr yaymışdır. 1918-1919-cu illərdə Həştərxanda N.Nərimanovun "Xalq universitetləri"nin və "Ağ çiçək" mərasimlərinin təşkilində yaxın köməkçisi olmuşdur.

Moskva dövründə - 1919-cu ildə Nəcəfin anadan olması Nərimanovlar ailəsinə sevinc bəxş etmişdi. 1920-1921-ci ildə N.Nərimanov Bakıda xalq komissarları sovetinin sədri işlədiyi gərgin vaxtlarda Gülsüm xanım Bakıda ilk əlillər evinin, körpələr evinin və uşaq bağçalarının təşkilində fəal iştirak etmişdir.

Eyni zamanda, müsəlman qadınlarının ümumtəhsil kurslarında təhsil almışdır. 1922-1925-ci illərdə Moskvada ailə şəraiti Gülsüm xanımın işləməsinə imkan verməmişdir.

İndi Gülsüm xanım işləməyə məcbur idi. Onun pessimizmə qapılmasına, xəstələnməyə haqqı yox idi. N.Nərimanov ona Nəcəfi sağlam, cəmiyyətə, atasına layiq övlad kimi böyütməyi tapşırmışdı.

N.Nərimanovun oğluna yarımçıq məktubunda Nəcəfə yazdığı sözlər bir an da yaddan çıxmırdı: "Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmülə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olur ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən".

N.Nərimanovun oğluna nəsihəti Gülsüm xanım üçün məsləhət, ata-analıq borcu idi ki, onu yerinə yetirmək onun öhdəsinə düşürdü.

Moskvada ərzaq çatışmazlığı, qıtlıq idi. Gülsüm xanımın təqaüdü və Kreml yeməkxanasından göndərilən gündəlik xörəklə ana-bala təmin olunurdular. N.Nərimanovun vəfatından üç il keçdikdən sonra Nəcəf orta məktəbin birinci sinfində təhsil aldığı bir vaxtda 1928-ci il oktyabrın 24-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ona həddi-buluğa çatanadək təqaüd verilməsi qərara alınmışdı.

Amma Gülsüm xanım bilirdi ki, Nəcəfi boya-başa çatdırmaq, onun gələcəkdə mükəmməl təhsil almasına və atasının arzuladığı kimi "bəşəriyyət üçün daha çox iş görməsi" səviyyəsində bilikli, qabiliyyətli ziyalı kimi ərsəyə gəlməsinə, dolanacaqlarına ancaq çatan təqaüd kifayət etməzdi. Ona görə də əmək fəaliyyətini davam etdirməli idi. O, niyyətini həyata keçirməkdən ötrü, birinci növbədə, ümumtəhsilini artırmaq məqsədi ilə Moskvada Pakrovski adına sosial-iqtisadi təmayüllü fəhlə fakültəsinə daxil olur. Bütün gücünü səfərbərliyə alıb mütaliə edir, öz düşüncələrini, xatirələrini yazırdı. Qaynar ictimai həyatda duruş gətirmək üçün ciddi hazırlaşırdı. Bununla belə, Nəcəfin istirahəti, gündəlik dərsləri ilə ciddi məşğul olurdu.

1931-1935-ci illərdə Gülsüm xanım Timiryazev adına Moskva Universitetinə daxil olur. Tələbəlik illərində həmkarlar komitəsi tərkibində fəal ictimai işə cəlb olunur. Tələbələrin təhsil və məişət şəraitinin yaxşılaşdırılmasına yardım edir.

Universitetin kənd təmayüllü fakültəsindən könüllü tələbələri Qaragülçülük institutuna göndərəndə Gülsüm Nərimanova da dövlətin böyük diqqət yetirdiyi bu sahəyə maraq göstərir.

Hər il payızda qışa hazırlıq ərəfəsində institutun tələbələrini Qərbi Sibir və Özbəkistana yenicə təşkil edilən kolxoz və sovxozlara köməyə göndərərdilər. İstehsalat təcrübəsi keçmək adı ilə ezamiyyətə gedən tələbələr iki ay fəhləlik edib əməkhaqqı alırdılar. Tələbələr fəhlə briqadasında ot yığır, silos üçün şırımlar qazırdılar. Gecələr at belində sosialist mülkiyyətini qoruyurdular: əkilmiş tarlalara, ot tayalarına, anbarlara keşik çəkirdilər. Gülsüm xanım ağır əmək fəaliyyəti dövründə kolxoz və sovxoz fəhlələrinə kömək məqsədi ilə fürsət tapıb elmi-kütləvi kitabçalar da yazmışdır: "Vacib yem bazası"; "Silos kampaniyasında güclü dönüş yaradılması"; "Kollektivləşmə qadını azad edir"; "Qüllə, qala və şırımlar uğrunda" və sairə. Gülsüm xanım maraqlı uşaq nağıl və hekayələrini də burada, təbiətin ecazkar qoynunda müşahidə etdiyi həyat hadisələri əsasında qələmə almışdı.

Gülsüm xanım "Tərcümeyi-hal"ında yazır: "1932-ci ildə institut məni Özbəkistana "Mübarək" sovxozuna növbəti ezamiyyətə göndərdi. Orada daha ağır şərtlər altında işləməli olurdum. Süni mayalanma ilə 70 kiloqramlıq qoyun yetişdirilən sovxozda işləyirdim və burada basmaçılar at oynadırdı. Vəziyyət elə idi ki, bir müddətdən sonra əsəblərim o qədər pozuldu, ciddi müalicə üçün təcili evə, Moskvaya qayıtmalı oldum".

Əsəbdən, soyuqdəymədən bir neçə xəstəliyin əlamətlərini güman edən Kreml Müalicə Mərkəzinin həkimləri onun ev şəraitində müalicəsini təyin etdilər. Gülsüm xanıma zehni və fiziki əməklə məşğul olmasına icazə verilmirdi. Tibb bacıları və müalicə həkiminin ciddi nəzarəti altında müalicə olunurdu.

1938-ci ildə orta məktəbi uğurla başa vuran Nəcəfin Leninqrad tank məktəbinə daxil olması Gülsüm xanımı sevindirsə də, onun qəlbində nigarançılıq doğurdu. Gözünün ağı-qarası, bir balası ondan ayrı yaşayacaqdı. Evdə tənhalıq ilk gündən onu sıxırdı. Onun fikri-zikri oğlunun yanında idi. Nəcəf orta məktəbdə son zəngdən sonra sinif yoldaşları ilə çəkdirdiyi fotoşəkli böyütdürüb çərçivədə qonaq otağının divarından asmışdı. Gülsüm xanım hər gün şən ovqatla, iftixar duyğusu ilə fotoşəklə baxardı: 19 yaşlı, qarabuğdayı, ortaboy, gülərüzlü Nəcəfi bir dəstə sarışın həmyaşıdları necə də əhatə etmişdir.

"Mənim balam, gözümün işığı - Nəcəfim" - sözlərini fikrindən keçirən ananın qəlbində xoş duyğu oyanır, şükranlıq edirdi. Oğlunun tez-tez məktub göndərməsi Gülsüm xanıma toxtaqlıq vermişdi...

O, məktubları maraq və riqqətlə oxuyanda sanki Nəcəfin şaqraq səsini də eşidirdi. Oğlu anasının səhhəti, gün-güzəranı ilə maraqlanırdı. Nigaran qalmaması üçün anasına öz gündəlik həyatı barədə xoş sözlər yazırdı.

1939-1940-cı illərdə Nəcəf Kiyev tank məktəbində təhsilini davam etdirdi. Burada da öz bilik və bacarığı ilə müdavimlər arasında hörmət qazanmışdı. Hərbi məktəbin ictimai işlərində fəal iştirak edirdi. Nəcəf Kiyevdən anasına göndərdiyi məktublardan birində yazırdı: "Ana, maşınların sirrini yaxşı bilməliyəm ki, rotam qabaqcıl olsun. Sonra Akademiyaya girəcəyəm. Mənə avtomobillər, traktorlar, tanklar, bu maşınların təmiri haqqında, benzin və sürtgü yağları haqqında ədəbiyyat göndər. Kitab mağazasına gedib avtomobil, traktor və yanacaq barəsində nə varsa al. Həmin kitabları səbirsizliklə gözləyirəm".

Nəcəfin hərbi texnikaya dərindən yiyələnmək cəhdi hədər getmirdi. Kiyev tank məktəbini bitirəndə ona verilən xasiyyətnamədə deyilirdi:

"Tapşırıqları layiqincə yerinə yetirir. Namusludur... Döyüş və nəqliyyat maşınlarını əla sürür. Komandirlik məharətinə mükəmməl yiyələnmişdir".

1940-cı ilin oktyabr ayında Nəcəf Nərimanov Qərbi Ukraynaya hərbi tank diviziyasının polklarının birinə hərbi xidmətə göndərildi. Karpat dağlarının ətəyində havalar soyumuşdu, arabir qar yağır, yolu-izi görünməz edirdi.

Nəcəf şəraiti olan yaraşıqlı, münasib bir otaqda qalırdı. Rəsmi qeydiyyatdan sonra otağında dincəlirdi. Onu qərargaha çağırdılar.

Ertəsi, istirahət günü hava açıq idi, qar yağmırdı. Nəcəf səhər yeməyindən sonra yeni heyətlə yaxında görünən qəsəbəyə doğru getdilər. Qarşıda dağətəyi meşəyə sığınmış yaraşıqlı qəsəbə evlərinin bacalarından tüstü burula-burula göyə sarı qalxırdı. Taxta hasara alınmış həyətlərdə su quyusu, ot tayaları, tövlə görünürdü. Qəsəbənin mərkəzində geniş meydan ətrafında dükanlar, bir az aralı döngədə ikimərtəbəli qəsəbə sovetinin binasının qülləsində iri qırmızı bayraq başıaşağı dayanmışdı.

Hava soyuq idi. Əsgər çəkmələri altında donmuş qar xışıltısı eşidilirdi. Onlar mədəniyyət evinin qarşısından keçib restorana daxil oldular.

Səhər erkən yuxudan ayılan Nəcəf saata baxdı: ayağa qalxıb çaynikə su doldurub qızdırıcının üstünə qoydu. Yuyundu. Stolun üstündəki məktubu konvertə qoyub yeni ünvanı yazdı. Səhər yeməyindən sonra paltarını geyinib hərbi zavoda getdi. Nəcəf anasına üç gündən bir ətraflı məktubda öz təəssüratını, anasının suallarına cavabı yazırdı.

Zaman öz axarında idi. Gözlənilmədən yaz gəldi. Hava açılmışdı. Günəşin ilıq şəfəqlərindən dağətəyi yamaclar, sıx orman zümrüd örtüyə bürünmüşdü. Zakarpatiya füsunkar gözəlliyi ilə insanları heyrətləndirirdi. Talalardan əlvan rəngbərəng çiçəklərin xoş ətri gəlirdi. Meşədə quşlar səs-səsə vermişdi. Nəcəf məktubunda gözəl məkanı təfsilatı ilə təsvir etməyə çalışırdı ki, anasında bu yerlərə gəlmək həvəsi oyatsın. O, anasını görmək istəyirdi, bərk darıxmışdı. "Tank ustaları" kimi ixtisaslaşmış hərbçiləri hərdənbir şəhərə ezam edirdilər. Nəcəfin anasına yazdığı məktublardan bunu aydın görmək olar.

Qərbi Ukraynadan anasına yazırdı: "Bu gün istirahət günüdür, gözəl hava var. Buranın hər yerində kilsələr zəng çalır. Maraqlıdır, eləmi? Məni "pan zabit" deyə çağırırlar. Ev sahibi deyir ki, yəhudilər Sovet hakimiyyəti qurulanadək çox əzab çəkmişlər. Axşam saat 8-dən sonra şəhərə çıxmağa onlara icazə verilmirdi. İndi hər şey dəyişmişdir. Onlar azadlığa çıxdıqlarına görə çox sevinirlər".

"Soyuqlar düşür. Lakin Leninqrad yaxınlığındakı güclü şaxtaları görəndən sonra buranın soyuqları vecimə deyil. Leninqradda 40 dərəcə şaxtada işləmək lazım gəlirdi. Ana, mənim mənzilimin eyvanından şəhər parkına gözəl mənzərə açılır. Hava bugünkü kimi aydın olanda Karpat dağlarının qarlı zirvələri yaxşı görünür. Bu dağlar Macarıstan sərhədinədək uzanır. Sağda Almaniya yerləşir".

"Yerləşdiyimiz şəhər bir az kiçikdir. Amma sənaye müəssisələri çoxdur. Bu şəhərin yaxınlığında kurort yerləri vardır. Ətraf dağlıqdır. Hər tərəfdə şam ağacları və qumluq görünür. Havası gözəldir..."

Nəcəfin yazdığı bu məktublar ananı məmnun etmirdi. O, oğlu haqqında hər şeyi bilmək istəyirdi. 19 il pərvanə kimi başına dolanıb ərsəyə gətirdiyi oğlunun həyat tərzini arzu etdiyi kimi, düşündüyü kimi görmək istəyirdi. Onun narahatçılığı buradan qaynaqlanırdı. Gülsüm xanım Nəcəfə yazırdı: "Nəcəf, çox xahiş edirəm yaz, öz vaxtını necə keçirirsən, hansı qəzetləri, jurnalları, hansı kitabları alırsan, onları müntəzəmmi oxuyursan, haralara gedirsən, öz təhsilin ilə məşğul olursanmı? Mən məsələn, "Pravda" qəzetinə yazılmışam, Lenin kitabxanasına getmək üçün daimi biletim var. Çox yaxşı kitabxanadır... İndi mən tez-tez "Təşviqatçının yaddaşı" jurnalını alıram. Gözəl jurnaldır. Çox yaxşı materialları olur. Hərdən divar qəzetləri üçün materiallar yazanda istifadə etmək olur. "Oqonyok", "Krokodil", "Rabotnitsa" jurnallarını da oxuyuram... Əgər imkanım olsaydı, bütün günü kitabxanadan çıxmazdım. Qiraətxanada şəraitin özü adamı oxumağa vadar edir. Tam sakitlik hökm sürür. Təmiz hava, gözəl qayda vardır. Şəxsən mən kitab oxuyanda hər şeyi unudub dincəlirəm. Kitabxanaya gələn adamlar da maraqlı adamlardır, mədəni adamlardır. Onların çoxu tələbədir. Elmi-tədqiqat işçiləri üçün ayrıca salon var. Ora yalnız alimlər gedirlər. Tez-tez rayonumuzun partiya kabinetinə gedirəm. Beynəlxalq vəziyyət haqqındakı mülahizələrə qulaq asıram. Bəzən kinoya baxıram. Heyif ki, səhhətim yaxşı deyil..."

Gülsüm xanımın yazdığı məktubun son cümləsi Nəcəfi narahat etdi. O, dərhal anasına cavab məktubunda onun Soçiyə müalicəyə getməsini təkidlə xahiş etdi.

Gülsüm xanım Soçiyə kurorta getdi. İki həftə ərzində sağlamlaşdı, əhval-ruhiyyəsi düzəldi. Sonra oğlundan sarı xəbərsizliyə dözə bilmədi, təcili Moskvaya qayıtdı. Soçidə oğluna yazdığı məktubun cavabını gözlədi. İki gün keçməmiş poçtalyon Gülsüm xanımı sevindirdi. Nəcəf bir neçə vərəqdə anasına məktub yazmışdı. Ana məktubu həyəcanla dönə-dönə oxudu, öpdü, sinəsinə sıxdı. Onun gözləri sevincdən yaşarmışdı.

Nəcəf öz məktubunda anasının Soçi kurortunda yaxşı müalicə olunmasına sevindiyini bildirir. Sonra bir aya yaxındır ki, Lvovda Tank diviziyasında xidmət etdiyini, yeni ünvanını xəbər verir. Uzun-uzadı Lvov şəhərinin təbiətini, ab-havasını, insanlarını tərifləyirdi. "Ana, Lvova gəl - deyirdi. - Çox darıxmışam, tez yanıma gəl. Yola düşməzdən əvvəl teleqram göndər. Əgər qarşılaya bilməsəm, bir nömrəli tramvaya minib Lıçakovskaya küçəsinə get, müqəddəs Pyotr küçəsinin tinində düş. Bağın yanında 86 nömrəli ev görəcəksən. Oradan məni soruş. Lvovda bağlar çiçək açır, havalar gözəldir. Məni avqustun 20-də məzuniyyətə buraxacaqlarına söz vermişlər. Gəl, bir-iki ay yanımda qalarsan, Moskvaya bəlkə də birlikdə getdik".

Nəcəfin anasını israrla Lvova dəvət etməsi təkcə onun anası üçün darıxması, Lvovda bir-iki ay yanında anasına qayğı göstərməsində deyildi. O, evlənmək istəyirdi, sevdiyi qızı anasına göstərmək, onun razılığını almaq istəyirdi. O, məktublarının birində Gülsüm xanıma yazmışdı: "İstəyirəm evlənəm... Gəl, səni yaxşı qızla tanış edəcəyəm. Çox mehriban qızdır. Pianinoda çalır, alman dilini əla bilir".

Nəcəfin birdən-birə bu fikrə gəlməsi Gülsüm xanımı narahat etmişdi. O düşünürdü ki, Nəcəf Hərbi Akademiyanı bitirəndən sonra, onu Moskvada tanıdıqları bir ailənin qızı ilə evləndirmək daha yaxşı olar. Yoxsa... Oğlunun ailə məsələsində yanıla biləcəyindən çox qorxurdu. Gülsüm xanımın oğluna həyəcanla yazdığı məktubdan da bu aydın hiss olunur. Gülsüm xanım oğlu Nəcəfə yazırdı:

"Məncə, hələ tezdir, tələsirsən, qardaş. Axı, bu, çay içmək, ya da nahar eləmək deyil. Evlənməyi asan iş sayma. Bu, həyat məsələsidir. O da, sən də müstəqil həyata hazır olmalısınız. Bir-birinizə hörmət etməli, bir-birinizi səmimi sevməli, hər hansı bir anda, hər hansı bir şəraitdə o sənin yerində durmağı, sənə yoldaş, dost olmağı bacarmalıdır. Onun sənəti olmalıdır ki, səninlə əl-ələ verərək işləsin, yeni həyat qursun, başqalarından kömək gözləməsin.

Siz yalnız özünüzə bel bağlamalısınız, axı, indi beynəlxalq vəziyyət mürəkkəbdir. Siz bütün bunlara hazırsınızmı? Ürəyin istəməyi başqa, ağılla götür-qoy etmək başqa şeydir. Hər şey barədə fikirləş. Amma xahiş edirəm, ağlına gətirmə ki, səni evlənməkdən çəkindirirəm - mən sənin ailəni görməyi çox istəyirəm. İndi özün komandirsən, yəni özünün və öz taleyinin müstəqil sahibisən. Özün qət et, amma fikirləş. Mən sənə yalnız məsləhət verə bilərəm. Uşaqlarınız olacaq, onları tərbiyə edib boya-başa çatdırmaq lazımdır. Bu, böyük işdir. Nəcəf, hər şeyi götür-qoy et, sonra addım at. Sən yaşda adamların ürəyindəkilər ağlındakılara adətən qalib gəlir. Amma elə etmək lazımdır ki, sonra peşman olmayasan. Texnika təkmilləşir, sən öz üzərində ciddi işləməli, geri qalmamalısan, Nəcəf. Geri qalanları vururlar. Xüsusilə indi, mürəkkəb beynəlxalq şərait adamların öz üzərində xeyli işləmələrini tələb edir. Görünür, hər cür təsadüflərə tam hazırlıqlı olmaq lazımdır. Necə bir dövrdə yaşadığımızı yaxşı bilirsən. Qardaş, çox ağır dövrdür.

Həmişə, hər şeydə mənimlə məsləhətləş, axı, mən sənin doğma ananam, yeganə oğlumu cəmiyyət üçün tərbiyə etməyə bütün gəncliyimi vermişəm. Uğursuzluğunu görmək mənə çox ağır olar. Sənə müvəffəqiyyət arzulayıram, xoşbəxt ol, müstəqil həyatda Vətənə fayda ver. Öpürəm bərk-bərk. Sənin anan".

Nəcəfin evlənmək istəyi Gülsüm xanımın ana qəlbində sevinclə kədər qarışıq anlaşılmaz duyğu yaratmışdı. Həyəcanla düşünürdü: 22 yaşlı balamın ağlına bu fikir haradan gəlmişdir?

O, hökmən Nəcəflə görüşmək, onu bu yoldan çəkindirmək istəyirdi.

Axşam yorğun, qayğılı halda işdən qayıdan Gülsüm xanım dincini almamış, Nərimanın iş kabinetinə keçib kresloda əyləşdi. Nərimanın portretinə baxanda qəhərləndi. Başını stolun üstündə - qolları arasına aldı, sakitləşənə qədər tərpənmədi. Sonra durub mətbəxə keçib əl-üzünü yudu, "özünə gəldi", yenidən geri qayıtdı: Nərimanla ürəyində dərdləşdi, qəti fikrə gəldi: Yox, Nəriman razı deyil

Ertəsi gün Nəcəfə teleqram vurdu. Axşam qatarı ilə Lvova yola düşdü.

Qərbi Ukraynanın ən böyük elmi, mədəni mərkəzi Lvov tarixən qədim, multikultural irsi olan əzəmətli şəhərdir. Burada polyak, alman, yəhudi, rus, avstriyalı və digər millətlərin nümayəndələri yaşayırdı. Geniş küçələrdə rus arxitekturası və Avstriya moderninin stili möhtəşəm binalar üçün tipik olsa da, amma renessans, barokko və klassisizm dövrləri şəhərin arxitekturasında qədərincə təqdim olunmuşdur. Yaşıllığa bürünmüş xiyabanlar və meydanlar, elm, təhsil müəssisələri, kilsələr, muzeylər, opera və teatr binaları əzəməti ilə göz oxşayırdı. Lvov şəhərinin "Avropa tacının mirvarisi", "Kiçik Paris", "Şəhər muzey", "Ukraynanın mədəni mərkəzi...” adlanması təsadüfi deyildi.

Gülsüm xanım Lvova gəldiyi ilk günlərdən şəhərə məftun olmuşdu. Muzey və sərgilərdə ukraynalıların, banderlərin tarixi, həyat tərzi, mübarizəsi və mədəniyyəti ilə tanış olurdu.

İstirahət günləri Nəcəf anasını şəhərin görməli yerlərinə gəzintiyə aparır, məlumatlı bələdçilər kimi bildiklərini danışardı. Onlar hərdən opera tamaşalarına, konsertlərə də gedərdilər. Lvovda günləri xoş keçirdi.

Lvov şəhəri 1939-cu ildə Sovetlər Birliyi və Almaniya arasında razılaşma əsasında Polşadan alınıb Sovet Ukraynası tərkibinə daxil edilmişdi. Avropa ölkələri ilə sərhəd zonasına yaxın yerləşən Lvov şəhəri kənarında sovet hərbi bazası yerləşdirilmişdi. Onun ərazisində tank istehsal edən nəhəng zavodda sutka ərzində növbəli iş rejimi yaradılmışdı. Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanov birinci növbədə - səhərdən axşama öz vzvodu ilə tank motorlarını təmir edirdi. O, son dərəcə təşəbbüskar komandir kimi tanınmışdı. Batalyonda motorların əsaslı təmirinin yüksək keyfiyyətlə vaxtından əvvəl yerinə yetirilməsi onun biliyi, "motorların yonulma və cilalanma üsulu ilə bərpa edilməsinin mürəkkəb növünü təşkil etməsilə" başa gəlirdi. Onun bir neçə səmərələşdirici təklifi bəyənilmişdi.

1941-ci ilin mayından komandir Nəcəf Nərimanovun tank briqadası Lvov hərbi zavodunda səhərdən axşama çalışırdılar. Dairə hərbi komandanlığının əmri ilə təmir işlərini yüksək keyfiyyətlə vaxtından əvvəl yerinə yetirdiyinə görə komandir Nəcəf Nərimanova avqustun birindən ay yarımlıq məzuniyyət və pul mükafatı verilmişdi. Bu xəbər Nəcəfi sevindirdi: anası Gülsüm xanımla Soçi sanatoriyasına müalicəyə, oradan da Moskvaya getməyi düşünürdü.

Ananın sevinci isə yerə-göyə sığmırdı: oğlu Nəcəf Ali Hərbi Akademiyada təhsilini davam etdirəcək. Gülsüm xanım təhsil illərində oğlunun ailə qurmasını məsləhət bilmişdi. Bu, ananın ən böyük arzusu idi.

1941-ci ilin iyun ayının 21-dən 22-nə keçən gecə - saat 4-də, dan yeri sökülməmiş, alatoranda Sovetlər Birliyinin qərbində sərhədboyu top, tank, təyyarə, mərmilərin dəhşətli gurultusu sakitliyi parçaladı, tufan qopardı. Bəşəriyyətin dincliyi, sülh, əmin-amanlıq istəyi ərşə çəkildi.

Alman-faşist qoşunları qəflətən SSRİ-yə qarşı total hücuma keçmişdi.

Cəbhəboyu şəhərlər, qəsəbələr, kəndlər dağıldı, od-alov ərşə bülənd oldu.

İlk həyəcan siqnalı Lvovda yayılanda Nəcəf şirin yuxudan dik atıldı. Paltarlarını geyinə-geyinə Gülsüm xanıma deyirdi: "Müharibə... Təcili ştaba... dalımca gəliblər. Anacan, təcili Moskvaya qayıt, narahat olma, özünü qoru, biz qalib gələcəyik, nigaran olma, salamat qal..."

Gülsüm xanım elə bil ki, onun dediklərini eşitmirdi, həyəcanlı idi. Oğlu Nəcəfi bağrına basıb titrək səslə: "Allah amanatı oğlum, özünü gözlə, məni tək qoyma" - deyə pıçıldadı. İki damcı göz yaşı yanaqlarını islatdı.

Moskvaya çətinliklə qayıdan Gülsüm xanım donuxub qalmışdı, nə edəcəyini bilmirdi. Moskvada da sərtlik və pərişanlıqla qarşılaşdı. Ana aram tapmırdı. Qulağı radionun səsində, gözü mətbuatda idi. Münəccimlər uca göylərdə kəhkəşan aləmində öz ulduzunu axtaran kimi Gülsüm ana bu qarışıq dünyada gözünün ağı-qarası, təkcə balası Nəcəfin sorağında idi.

Elə bil ki, İkinci Dünya müharibəsi, ölkənin dərdi-səri Gülsüm xanımın həyatına çökmüşdü. İstər-istəməz ictimai əmək fəaliyyətini müharibənin tələbinə uyğun qurdu. Sıravi vətəndaş kimi mübarizəyə qoşuldu. Gülsüm xanım Sovet qadınlarının antifaşist komitəsinin üzvü kimi Moskva radiosundan ingilis qadınlarına müraciət etdi.

(Ardı var)

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub.

 





11.03.2020    çap et  çap et