525.Az

Yaddaşın vətəndaşlıq tutumu - Şirindil Alışanlının yazısı


 

Yaddaşın vətəndaşlıq tutumu - <b style="color:red">Şirindil Alışanlının yazısı </b>

Professor Şirməmməd müəllim Hüseynov mənsub olduğu vəzifə və sənət anlamlarına bizim günlərdə hörmət və ehtiram hissi aşılayan nadir ziyalılardan idi.

Professor və müəllim! Hər ikisi onun keçdiyi ömür yolunda qazandığı mənəvi mükafatı, xalqın etiqad bəslədiyi əxlaq, mərifət və vətəndaşlıq ünvanı idi. Mənə auditoriyada dərs deməmişdi. Filologiya fakültəsində mühazirə oxumurdu. Ədəbi tənqid kurslarında professor Qulu Xəlilov öz mühazirələrində onun tədqiqatlarına tez-tez istinad edirdi. Müşahidələrim məni yanıltmırsa, mənə doğma olan bu iki professorun temperamentində, müəllimlik səriştəsində, prinsipiallıqda, ədalarında, nitq tərzində oxşarlıqlar vardı. Uzun illər mavi ekranda Şirməmməd müəllimin dünyanın ictimai-siyasi mənzərəsi haqqında söhbətlərini çox dinləmişdim. Tale elə gətirdi ki, nəşr sahəsində də işləməli oldum, ilk özəl "Sabah" nəşriyyatını təsis etdim. Daha sonra "Elm" nəşriyyatına rəhbərlik etdiyim dövrdə Şirməmməd müəllimin vəfalı ömür-gün yoldaşı, təcrübəli tərcüməçi-redaktor Ülkər xanımla birgə çalışmalı olduq. Şirməmməd müəllimlə mənim nəşr sahəsindəki əməkdaşlığım, səmimi münasibətlərimiz Ülkər xanımın xeyirxahlığı nəticəsində yarandı. O, Şirməmməd müəllimin hazırladığı əsərlərinin bir çoxunu nəşr üçün "Elm" nəşriyyatına yönəltdi. Bu əməkdaşlıq mənim üçün mətbuat və milli istiqlal tarixini, Azərbaycan mühacirət irsini öyrənməyin dərslərinə çevrildi.

Akademik D.Lixaçov haqlı olaraq yazırdı ki, "şüurun tarixiliyi intellektuallığın ən vacib nailiyyətidir". Şirməmməd müəllimin tədqiqatlarında, bu tədqiqatların milli vətəndaşlıq tutumuna söykənən çıxışlarında, məqalə və kitablarında tarix xalqın öz istiqlalını bərpa etdiyi zamanın ibrət dərsləri, milli-mənəvi tərəqqimizin dəbdə olan istilahla desək, "yol xəritəsi" kimi mənalandırılır və şərh edilir. Şirməmməd müəllim həmişə milli istiqlal tarixinin dərslərinə qayıdır, Üzeyir bəyin, M.Ə.Rəsulzadənin bizə yadigar qoyduqları mənəvi sərvətlərə söykənməyi tövsiyə edirdi: "M.Ə.Rəsulzadənin başçılıq etdiyi vətənpərvərlər ordusunun, Üzeyir bəy kimi mücahid ziyalıların fədakarlıq ənənələri yaşadıqca, ona sahib çıxanların sıraları çoxaldıqca heç nə işığımızı söndürə bilməyəcək". Bu irsə "sahib çıxan"ların ön sırasında Şirməmməd müəllim dayanmışdır. Onun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" kitabındakı tədqiqatlarda müasir ictimai-siyasi institutların formalaşması prosesində Azərbaycan Cümhuriyyətini yaradanların zəngin irsi ən tutarlı məxəz kimi dəyərləndirilir.

O, M.Ə.Rəsulzadənin yaradıcılığının Bakı dövrünü əhatə edən beş cildliyini nəşr etdi. Bu işi məhz Şirməmməd müəllim görə bilərdi.  M.Ə.Rəsulzadənin yığılıb səhifələnmiş III cildini nəşriyyata gətirdi və maliyyə xərclərini aldığı təqaüd hesabına ödəyəcəyini bildirdi. Kitabın titul səhifəsinə bunu tarixə çevirdim. "Kitab Ş.Hüseynova verilən təqaüddən qənaət etdiyi vəsaitlə nəşr olunmuşdur". Müəllifin bu qənaətinə görkəmli tarixçi dostumuz və nəşriyyat özü də qoşuldu, 500 nüsxədə bu kitabı nəşr etdik.

Şirməmməd müəllim mətbuat tariximizin canlı tarixi idi. Onun heyrətamiz yaddaşı haqqında çoxları deyib və bunun şahidi olub. Lakin Üzeyir Hacıbəylinin iki kitabının nəşri zamanı Şirməmməd müəllimin mətbuat tariximizin faktlarına onun yanaşmasında öz xalqının tarixi sərvətləri ilə qürur duyan məğrur bir kişinin real əməlinin şahidi oldum. Bu iki kitab belə adlanır: "Üzeyir Hacıbəyli. Nəşrlərində kənara qoyulmuş mətbu əsərləri (1904-1912), I hissə”. Bakı, "Elm", 2009; "Üzeyir Hacıbəyli. Nəşrlərində kənra qoyulmuş ixtisar və "redaktə" edilmiş əsərləri. II hissə”. Bakı, "Elm", 2010. Onu da deyim ki, bu iki kitabın da xərclərini, onun sözləri ilə desək, Hüseynovlar ailəsi öz üzərinə götürmüşdü. O, ailəsi ilə fəxr etdiyi kimi, ailəsi də onun şəxsiyyəti və ənənələri ilə fəxr edirdi.

Bu iki kitab Şirməmməd müəllimin nadir tədqiqatçılıq səriştəsinin bəhrəsi idi. Üzeyir bəyə onun sevgisi bütün vətəndaşlıq tariximizə ehtiramının bir yarpağı idi. Bu kitabların elmi əhəmiyyətini özü daha dəqiq göstərir. "Qeyd edək ki, bu yazıların bir qismi heç onun əsərlərinin biblioqrafiyasında, "Həyat və yaradıcılıq səlnaməsi"ndə və ensiklopediyasında, belə göstərilməmişdir. ... Məncə, bütün bu görülən işlər milli iftixarımız, əvəzsiz tarixi şəxsiyyət Üzeyir bəyin əsərlərinin tam akademik külliyyatını hazırlamaq və nəşr etmək üçün vacib idi".

Ədəbi-ictimai fikir tariximizi tezis şəklində, populist bir tonda yenidən yazılmasını irəli sürənlərə Şirməmməd müəllimin fəaliyyəti ən real cavabdır. Tarixi təzədən yazmaq üçün ilk növbədə tarixin kölgədə qalmış, təhrif olunmuş fakt və sənədlərini dövriyəyə gətirmək gərəkdir.

Günlərin birində Şirməmməd müəllim mənə bir səhifəlik yazı göndərdi və Üzeyir bəyin məşhur "Məşədi İbad”ında Hambalın monoloqunun çap olunmamış variantı olduğunu bildirdi:

Deməyin ki, hambalam, anlayıram məsələni,
Lotular Məşdibada yaxşıca qurdu tələni.
Gəldi əvvəlcə kələk Məşdiyə Rüstəmbəy özü,
Aldı beş min manatı sonra dəyişdirdi sözü.
Fürsət düşdü adamaoxşamaz Həsənquluya,
Verdi beş yüz manatı bax bu lotu bambılıya.
Qoçu Əsgər iki min aldı ötürdü o yana,
Fit səsin eşidəcək sonra tüpürdü dabana.
Ədə, işto-tı, Həsən Məşdiyə meymun da dedi,
Rza bəy şimdi-nasıl yapmam - deyə naz elədi,
Sonra aldı payını - Məşdibadı şad elədi.
Bivec oğlu Məşədi tikdi gözün abbasıma
Aləmə payladı pul, salmadı bir şey tasıma. 

Şirməmməd müəllimlə mühacirlərimizin taleyi, onların əsərlərinin toplanması və nəşri ilə bağlı tez-tez söhbətlərimiz olurdu. Məhəmməd Əminin və onun silahdaşlarının təsis etdikləri dərgi və qəzetlərin nəşrinin yolları haqqında fikirlərimiz üst-üstə düşdü. Əvvəlcə dərgiləri, qəzetləri nəşr etməli, sonra isə şəxsiyyətlərə keçməli. Almaniya və Türkiyəyə elmi ezamiyyətdən sonra "525-ci qəzet"də mühacirət irsi ilə bağlı müsahibəm dərc olunmuşdu. Çox keçmədi Şirməmməd müəllimin ünvanıma dediyi xoş sözlər düz yolda olduğumuza dəlalət elədi və mühacirət irsinin nəşri və tədqiqinin eklektik səciyyə daşıdığını nəzərə alaraq, Azərbaycan mühacirət irsinin çağdaş elmi-nəzəri və tekstoloji prinsiplərə əsaslanan meyarlarla toplanıb nəşr edilməsi üçün AMEA-nın Rəyasət Heyəti 2010-cu ildə Beynəlxalq Redaksiya heyəti yaratdı. Şirməmməd müəllimin də daxil olduğu bu Redaksiya öz işinə başladı, lakin bir müddət sonra bizdən xəbərsiz "ləğv edildi". Təcrübə göstərir ki, mühacirət irsi xüsusi bir mərkəz tərəfindən hazırlanmalıdır. Burada tarixçi, politoloq, tekstoloq və ədəbiyyatşünasların birgə işi sayəsində olduqca zəngin bir işin nəşrinə nail olmaq mümkündür. Şirməmməd müəllim M.Ə.Rəsulzadənin fəaliyyətinin Bakı dövrünü əhatə edən beş cildini nəşr etdirdi və öz xalqı qarşısında bu elmi şücaətinə görə əbədi rəhmət qazandı. Onu M.Əminin mühacirət dövrü irsinin tam nəşri məsələsi bərk narahat edirdi. "Yeni Kafkasiya dərgisi"nin faksimile nəşrinin hazırlanmasını professor Y.Akpinara həvalə etməyi onunla razılaşdırdım. Mənim bildiyimə görə, Yavuz bəy bu işi yekunlaşdırıb. M.Ə.Rəsulzadənin müxtəlif dərgi və qəzetlərdəki çoxsaylı əsərlərinin tam nəşri Şirməmməd müəllim bənzərində tədqiqatçıların gözləyir. M.Ə.Rəsulzadənin ayrı-ayrı əsərlərinin təkrar-təkrar nəşri öz funksiyasını yerinə yetirib, indi isə yuxarıda xatırladılan çoxcildlik səviyyəsində iş görülməlidir.

Şirməmməd müəllimlə son telefon söhbətimiz onun yazıçı Ç.Hüseynovun 90 illiyi münasibəti ilə yazdığı təbriklə bağlı oldu. İşinin çox olduğunu nəzərə alıb narahat etmirdim. Sonuncu dəfə soruşdum ki, Universitetə gedirsiniz? Az qala narazı bir tonda dedi: "Əşi necə getmirəm, ötən semestrin mühazirələrini qurtarmışam. "Azərbaycan" qəzetinin faksimile nəşri ilə məşğulam".

Ç.Hüseynova yazdığı təbrik məktubunda elə notlar, elə məqamlar var idi ki, məni ötən illərə apardı. Görünür, gənclik illərində münasibətlər də səmimi, daha isti olurmuş. Bu təbriklər Şirməmməd şəxsiyyətinin, Şirməmməd portretinin elə cizgiləri həkk olunub ki, onu oxuculara təqdim etməyi lazım bildim:

"Əzizim ÇİNGİZ, bu gün sən də ömrünün 9-cu onluğunu adladın. Keçdiyimiz bu həyat yoluna qiymət vermək fikrində deyiləm. Bu qiyməti biz vermirik.

Bütün bu illərdə səninlə dəfələrlə görüşmüşük, uzun söhbətlər etmişik, fikir bildirib, fikir eşitmişik. Nələr görmüşük, nələrdən keçmişik. Amma sənin 90 yaşının tamamı xəbərini eşidərkən xatirimdə nə üçünsə 1950-ci illərin əvvəlləri - Moskva həyatı canlandı. Mən MDU-nun filologiya fakültəsinin aspirantı, sən tələbəsi idin. Yauza çayının sahilində, Universitetin Sıramınkadakı yataqxanasında qalırdıq. Yataqxana vaxtilə II Yekaterinanın soldatlarının kazarmaları olmuş binada yerləşirdi. Bu kazarmaların ayrı-ayrı adlar və hadisələrlə bağlı zəngin tarixi vardı. Amma biz, azərbaycanlı tələbə və aspiranlar da bu binada bir "tarixi" iz qoyduq. Nəyi xatırlatdığımı tutdunmu? Yəqin ki!

MDU-nun 25-30 nəfər azərbaycanlı tələbə və aspirantı yığışıb yataqxananın yeməkxanasını bağlatmışdıq və Çingizlə Mariyaya toy edirdik. Özü də əsl Azərbaycan toyu!

Bəyi və gəlini xərcə salmamışdıq, kimin nə pulu vardı, son qəpiyinə qədər ortaya qoymuşdu. Gözəl, şən bir məclis qurulmuşdu. Evlənənlərin sağlığına deyilən təbriklərin, arzuların və qaldırılan badələrin sayı yox idi. Qonaqların əksəriyyəti cavan, yeyib-içən oğlanlar olduğundan süfrəmiz hər cəhətdən bol idi.

Toy başa çatdıqdan və bəylə gəlini yola saldıqdan sonra biz, toyun təşkilatçıları, qərar qoyduq ki, indi yorulmuşuq, səhər gələrik, boş içki butulkalarını yığarıq, aparıb təhvil verərik və heç olmasa günorta yeməyinə bir az pul əldə edərik.

Səhər saat 8-də biz yeməkxanaya gələndə məlum oldu ki, Çingizlə Mariya bizdən əvvəl, saat 7-dən gəlib bütün butulkaları yığıb aparıblar! Bax belə, Çingiz! Halal xoşun, amma indiyədək mənimçün bu sual qalır, sən özün belə zirək idin, ya bu fikir Mariyanın ağlına gəlmişdi?! Əziz dostum! O məclisdə iştirak edənlərin çoxu bu gün artıq həyatda yoxdur. Tale bizim boynumuza keçən əsrin 50-ci illər gəncliyinin ən gözəl, ən təmiz arzu və niyyətlərini özümüzlə gətirib bugünkü nəsillərə çatdırmaq vəzifəsi qoyub. Sən bu işi böyük istedadın, yüksək mənəvi əxlaqın və öz həyat amalına sədaqətinlə yerinə yetirmisən. Bu gün sənin yalnız öz əvəzinə deyil, uzaq gəncliyimizin və dünyasını dəyişmiş ziyalı dostlarımızın da adından danışmağa tam haqqın vardır. İndiki gəncliyin ağsaqqal, nümunə, ziyalı axtarışında Sənin adın birinci cərgədə birinci durur.

Bundan o yana sənə və özümə nə arzu edə bilərəm... Can sağlığı və heç olmasa bir dəfə də Bakıda görüşmək, söhbətləşmək fürsəti! Təbrik edirəm, əziz qardaşım!"

Söhbətimizin sonunda dedi ki, otağımızı da bəylə gəlinə verdik. Dedim ki, mətndə bu yoxdu. Ürəkdən gülüb dedi: "Əşi hər şeyi yazmazlar axı!"

Müayinə üçün həkim sorağında olarkən Şirməmməd müəllim ailə üzvlərinə demişdi ki, məni həkim yanına aparın, professor yanına yox. O, praktik həkimə daha üstünlük verirmiş və dünya görmüş bir kişi kimi düz seçim edibmiş. Əlli illik həkimlik təcrübəsi olan dostum Köçəri İsmayılov zəng etdi ki, professor Şirməmməd Hüseynovu müayinə üçün gətirmişdilər. Köçəri həkim nə deyəcəyini sanki uzatmaq üçün onun güclü yaddaşından, çevikliyindən, televiziyadakı çıxışlarından danışdı, nəhayət bildirdi ki, müalicə yazdım, ancaq.... Bir anlığa məni qəribə bir hiss bürüdü. Onun yaddaşını, əslində xalqının vətəndaşlıq yaddaşını necə və hara köçürtməli. Min təəssüf ki, buna nail olmaq üçün elmin imkanları hələ məhduddur.

Söhbətlərimizin birində dedim ki, Şirməmməd müəllim yeni dövrdə bizim xalqımızın ictimai-siyasi taleyini M.F.Axundzadə, M.Ə.Rəsulzadə və N.Nərimanov həll ediblər. Sözümü qurtarmamış dedi: "Bir də H.Zərdabi!" Ustad sözünə nə deyəsən.

İndi ölkəmizdə elə qurumlar var ki, onlar böyük şəxsiyyətlərin əxlaq, mənəviyyat, elm dərsləri ilə formalaşıb yeni nəsillərin yaşam devizinə çevrilmişdir. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi professor Şirməmməd Hüseynovun xalqımıza bəxş etdiyi, fəxr ediləsi bir ünvandır.

Mənim müxtəlif nəsilləri təmsil edən ayrı-ayrı elm, sənət adamları ilə, onların ailələri ilə ünsiyyətim, dostluğum olub. Azərbaycan ziyalısının çoxunun həm də ailə ənənələri xatırlanası, təbliğ olunası sərvətimizdir. Şirməmməd müəllimlə Ülkər xanımın ailə münasibətləri, qarşılıqlı hörmət və ehtiramlarının şirinliyini, dadını-duzunu yaxından görənlər, duyanlar bilirlər ki, Şirməmməd müəllimin ilk oxucusu da, əbədi sevgisi və nəvazişini çəkəni də Ülkər xanım olmuşdur.

Şirməmməd müəllimin evində və işində halal zəhmət və halal çörək meyarını heç kim pozmağa cəsarət etməzdi. Ülkər xanımın xatirələrindən birini yada salmaq istərdim. Şirməmməd müəllimin qohumlarından biri oğlunun Universitetə girməsi üçün xahişləri ilə onu bezdirir. Birtəhər yumşalan Şirməmməd müəllim bu uşağı Universitetə qəbul etdirir. Bir müddət sonra uşağın valideynləri minnətdarlıq üçün bunlara gəlirlər. Beş-onbeşdən sonra bahalı hədiyyədən xəbər verən bir qutunu mizin üstə qoyub getmək istərkən Şirməmməd müəllim qutunu onların qoltuğuna verib qohumları əslində evdən qovur. Elə olur ki, oğlan yaxşı oxuyur, Şirməmməd müəllimi incitmir. Qohumlar bir də zəng edirlər ki, ay Şirməmməd müəllim, sizə təşrif buyurmaq olarmı? Bu dəfə gələrkən kartona bükülü, həcmcə böyük bir əşya ilə gəlirlər. Sən demə, uşağın atası türmədə rəis imiş. Kəmali-səliqə ilə hədiyyəni açırlar. Bükülü hədiyyə V.İ.Leninin zərif haşiyələrlə işlənmiş portreti imiş. Qohumların hədiyyəsinə baxıb, onların məramını, ironiyasını Şirməmməd müəllim belə qiymətləndirir: portret qalsın, özünüz xoş gəldiz!

Bu gün xalqımız Şirməmməd müəllimin, Azərbaycan xalqının yeni dövrünün canlı tarixinin canlı söhbətləri üçün çox darıxıb. Təskinlik isə onun müəllim adına, professor adına aşıladığı, möhür vurduğu elm, əxlaq dərsləridir.

 





12.03.2020    çap et  çap et