525.Az

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək


 

EKSPERTLƏR BUNUN SƏBƏBİNİ AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİ VƏ ŞAXƏLƏNDİRİLMİŞ OLMASI, EKSTRİMAL VƏZİYYƏTLƏRƏ QARŞI İMMUNİTETİNİN MÖVCUDLUĞU İLƏ İZAH EDİRLƏR

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək<b style="color:red"></b>

OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşüb.

Belə vəziyyətin  nə zamana kimi davam edəcəyi ilə bağlı hələ ki, dəqiq proqnozlaşdırma yoxdur. Bü gün dünyada baş verən bir sıra hadisələr neft bazarına öz təsirini göstərməkdədir. Neft istehsalçısı olan ölkələr əlbəttə ki, bu vəziyyəti müzakirə edir, onun təsirlərini önləmək üçün addımlar atırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir neçə gün əvvəl keçirilən operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri müzakirə olunub.

Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malikdir. Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz  ssenariləri mövcuddur. Azərbaycanın strateji valyuta ehtiyatları - 52 mlrd. ABŞ dolları (ÜDM-in həcmini 8 faizdən çox üstələyir) həcmindədir.

Xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% (dünyada ən aşağı göstəricilərdəndir) təşkil edir.  2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin olundu və son illərdə bu dayanıqlıq daha da möhkəmlənib.  Ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. İqtisadi inkişafın davamlılığı təmin olunub. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir (2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb, inflyasiya 2,8% təşkil edib).

Büdcə xərclərinin səmərəliliyi artırılır və optimallaşdırılır. İqtisadiyyatın şaxələndirilməsi sürətləndirilir.

Milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsi tətbiq edilib (vergi və gömrük rüsumlarının effektivliyinin artırılması və s.). Sosial layihələrin icrası davam etdirilir. Heç bir sosial layihə təxirə salınmır.

İstehlak bazarına ciddi nəzarət təşkil olunub. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirləri görülür. İnflyasiya hədəflənən səviyyədə saxlanılır.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, OPEK və eləcə də OPEK-ə üzv olmayan ölkələrin anlaşma imzalaya bilməməsi neftin bazar qiymətində kəskin enişlərlə müşahidə olunub. Nəzərə alsaq ki, neft bazarı bu həftəyə praktik olaraq çöküşlə başlayıb. Bu da təbii ki, 1991-ci ildən sonra neftin dünya bazarı qiymətində ən aşağı qiymətlər idi. Sözsüz, neftin dünya bazarında qiymətinin dəyişməsi xarici faktor olaraq Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Neft bazarındakı kəskin ucuzlaşma birbaşa Azərbaycan iqtisadiyyatına bağlı məsələ deyil, bu, xarici faktordur. Bununla yanaşı xüsusən də 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə əlaqədar aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib.

V.Bayramov bildirib ki, əgər 2014-cü ildə qlobal neft şoku yaranan zaman neftin Azərbaycan dövlət büdcəsində neft sektorunun payı 80 faiz idisə, bu rəqəm artıq 50 faizə qədər azalıb və qeyri-neft sektorunun payı praktiki olaraq 20 faizdən 50 faizə qədər yüksəlib: "Bu da ondan xəbər verir ki, büdcə gəlirlərində ötən müddətdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması və məhz iqtisadiyyatın diversifikasiyasına nail olunması istiqamətində uğurlar əldə edilib. Nazirlər Kabinetində keçirilən görüş də ondan xəbər verir ki, Azərbaycan xarici faktorlara və eləcə də xarici şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışır. Ötən müddətdə 2014-cü ildən sonra həyata keçirilən siyasət həm də praktiki olaraq Azərbaycan dövlət rezervlərinin artırılmasına xidmət edib. Digər tərəfdən xarici borc məbləğində azalmalar və xarici borcun ümumdaxili məhsuldakı payı 17 faizə qədər azalıb".

İqtisadçı qeyd edib ki, Azərbaycan dövlət rezervlərinin payının 50 milyarddan çox olması həm də Azərbaycanda dövlət rezervlərinin ümumi payının ümumdaxili məhsuldan daha çox olmasına səbəb olub: "Bu da təbii ki, xarici şokların təsirlərini minimumlaşdırılması baxımından vacibdir. Sözsüz, son hadisələr bir daha göstərir ki, Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar davam edəcək. İqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların sürətlənməsi bu gün əsas prioritet məsələlərdən biridir. Növbəti mərhələdə də, xüsusən də xarici şokların təsirini minimallaşdırılması kontekstində həm islahatların dərinləşməsi, həm neft sektorunun ümumi iqtisadiyyatda payının azaldılması və iqtisadiyyatın diversifikasiyası aparılan islahatların əsas istiqaməti olaraq qalacaq. 2019-cu ildə islahatlar və xüsusən də gizli iqtisadiyyata qarşı aparılan mübarizə dövlət büdcəsinə əlavə olaraq 1 milyard manat vergi daxilolmaların cəlb edilməsinə imkan verib. Eyni zamanda, bu ilin iki ayında da büdcə daxilolmaları proqnozlaşdırılandan daha çoxdur və bu, qeyri-neft sektoru hesabına baş verib. Qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Ümumidaxili məhsulu 2,8 faiz artıb".

Deputat vurğulayıb ki, əslində, qlobal şokların olmasına və neft bazarında kəskin ucuzlaşmanın olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatları davam etdirir və bu da nəticə etibarilə özünü iqtisadiyyatın struktunda göstərməkdədir: "Həm çevik reaksiyalar, həm atılan adekvat addımlar bu mərhələdə də qlobal şokların, xarici-iqtisadi faktorların Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa imkan verəcək. Bu isə ondan xəbər verir ki, Azərbaycan strategiyasına uyğun olaraq növbəti mərhələdə də iqtisadiyyatın şaxələnməsi ilə bağlı, eləcə də dərinləşmiş iqtisadi islahatların davam etdirilməsini həyata keçirəcək ki, bu da mərhələli şəkildə qlobal şokların, xüsusilə neft bazarı daxil olmaqla strateji məhsullar bazarında ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsirlərinin minimumlaşdırılmasına gətirib çıxaracaq".

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, hazırda neftin dünya bazarında qiymətlərinin 40 ABŞ dollarından aşağı düşməsi faktorunun 2015-2016-cı illərdəki qədər ölkə iqtisadiyyatımıza təsir etmək gücü yoxdur. O bildirib ki, əvvəla, neftin dünya bazar qiymətlərinin birbaşa olaraq dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur: "İkincisi də, neft faktorunun büdcəmizdə rolu 2015-2016-cı illər ilə müqasiyədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə desəm, qeyri-neft sektorunun gəlirləri artıb. Üçüncüsü isə, keçən ildən etibarən, ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Və bunun nəticəsində, neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub". Ekspert qeyd edib ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq 1 milyard manatdan artıq vəsait cəlb olunub: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də, kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək. Odur ki, neftin ucuzlaşmasından o qədər də narahat olmağa dəyməz".

Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək. Bunun səbəbi hər şeydən öncə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda, bu cür ekstrimal vəziyyətlərə qarşı immunitetinin olmasıdır. Deputat söyləyib ki, zaman-zaman qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilə olur və bu, iqtisadi proseslərə mənfi təsir göstərir: "Biz eyni iqtisadi əsaslarda olmasa da, iqtisadiyata süni siyasi müdaxilənin bənzər formasına 2014-cü ildə də rast gəldik və bu vəziyyətdə görülən preventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olduq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operativ önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcəkdir".

H.Babaoğlu bildirib ki, artıq OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan hökuməti operativ müzakirələr aparıb və neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planları hazırlayıb: "Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatçılığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır".

PƏRVANƏ

 





13.03.2020    çap et  çap et