525.Az

Var ilə Yox arasında - Kamal Abdulla-70


 

Var ilə Yox arasında - <b style="color:red">Kamal Abdulla-70</b>

(Kamal Abdullanın əsərlərində "Yox"un ontologiyasına qısa bir baxış: Derridanın Diferansı və Kamal Abdullanın Sirri)

III YAZI 

Birinci yazıda Kamal Abdullanın yaradıcılığını Derridanın fəlsəfəyə gətirdiyi Dekonstruksiya konsepti əsasında incələmənin mümkün və hətta vacib olduğunu qeyd etmiş, lakin bu məqama toxunmayacağımızı söyləmişdik. Yazı çıxdıqdan sonra Kamal Abdullanın bir müsahibəsində "mən Azərbaycan dilinin potensialında yazıram" deməsi ilə Kamal Abdulla yaradıcılığının Derrida konteksti daxilində incələnməsi fikrindən yan keçə bilmədik.  

Əlcəzair əsilli fransız filosofu Jak Derrida 20-ci əsr fəlsəfə dünyasının ən unikal mütəfəkkirlərindəndir. Mətnə yeni yanaşması ilə ənənəvi Qərb fəlsəfi düşüncəsində bir devrimə imza atmış Derrida dilin və düşüncənin ontologiyası ilə bağlı mövcud anlayışları sanki söküb yenidən yığır - dekonstruksiya edir. Derrida üçün mətn/kontekst hər şeydir; mətndən/kontekstdən kənar heç nə yoxdur. Lakin Derridanın mətnə/kontekstə baxışı fərqlidir; Derrida üçün mətn/kontekst binar oppozisiyalardan hörgülənmiş bir zaman-məkan müstəvisidir. Binarlıq Derrida üçün başlanğıcdır, hər şeyin ilkidir və bu binarlıqda iyerarxiya yoxdur. Derrida fərqliliklərin/əksliklərin iyerarxiyasız bərabərcə mövcudluğunu bütün varoluşun (və ya mətnin (mətndirsə - dilin; dildirsə - ağlın; ağıldırsa - ruhun; ruhdursa - varoluşun) təməli olaraq görür və bununla o, Qərb fəlsəfəsində Əflatundan üzü bu yana hakim olmuş Loqosentrizmi dekonstruksiya edir.

Kamal Abdullanın əsərlərində də Loqosentrizmin bədii dekonstruksiyasını görürük. Azərbaycan dilinin potensialında yazılmış (və yazıldığı üçün) bu əsərlərdə mümkünlə qeyri-mümkünün, olanla olmayanın, gerçəklə yalanın zaman-məkan müstəvisində bir-birinə qarışmadan qovuşmasının şahidi oluruq. Mümkünlə qeyri-mümkünün biri digərinə tabe etdirilmədən bir araya gətirilməsi yalnız anlam səviyyəsində deyil, mətn strukturu səviyyəsində də təzahür edir. Kamal Abdullanın əsərlərində bu özünü dilin bütün aspektlərində - söz varlığında, hərf düzümündə, morfoloji yapıda, sintaktik birləşmələrdə, semantik tutumda, metaforlaşmada və s. göstərir.

"Fərhad Qürublu, nəhayət, darvaza qapısından o tərəfə keçəndən sonra pəncərədən onun dalıyca baxan çəlimsiz, mumiya kimi qupquru qoca da yorğun-yorğun köksünü ötürdü, əliylə saqqalını tumarlaya-tumarlaya dönüb aynabəndin yuxarı başındakı taxtına tərəf addımladı. Gedərkən möhkəmcə ayağını çəkib bu qoca axsayırdı" ("Sirri-zəmanə").

Və görürük ki, həqiqətən də dildə "yox" yoxdur; dil sonsuz imkandır; dil elə imkanın özüdür. Dil reallığı əks etdirmir; dilin özü reallıqdır. Reallıq dilə uyğunlaşır, dil reallığa deyil. Bu cür fikri göndərişlərlə Kamal Abdulla dildə "yox"un üzərindən də xətt çəkir və Derrida kimi o da, dil haqqında daşlaşmış təsəvvürləri praktik şəkildə, öz dəsti-xətti ilə dekonstruksiya edir.

"Yenə fikri başqa səmtə dağıldı. Qarşısında açılan bu möhtəşəm mənzərənin dibindən çıxıb Afaq gəlib girmədimi gözlərinin içinə, gəlib girdi" ("Unutmağa kimsə yox").

Binarlıq Kamal Abdullanın bədii dilinin özülündədir.

"Sehrbazlar dərəsindən yuxarına Görükməz təpənin ətrafındakı tufan-boranın dərəyə heç bir dəxli yox idi. Görükməz təpənin altından keçib gedən yol başdan-başa üstündə heç bir izi-nişanəsi olmayan  ağ rəngə bürünmüşdü. Elə bil bütün dünya artıq bir kəfən idi. Sehrbazlar dərəsində isə yenə bahar çağıydı; gülgülü, bülbülbülbülü çağırırdı" ("Sehrbazlar dərəsi").

Və bu binarlığın tərəfləri - "var" və "yox" arasında iyerarxik münasibətlər də qurulmur.

"Gün işığı altındakı Ahəng dünən axşam cazibəsinə düşdüyü Ay işığının, ulduzların altındakı Ahəngdən fərqlənmirdi, əslində, Ahəng bir vahid möhtəşəm Ahəng idi, libasının rəngi idi dəyişən, sabahkı rəng gecəki rəng deyildi. Həm də gecəki rəng idi" ("Unutmağa kimsə yox").

Əsərlərini fransız dilində yazan Derrida bu başlanğıc təməli - binarlığı Diferans ("differance") olaraq müəyyən edir. Diferans ("differance") fransız dilindəki "difference" ("fərq", "fərqlilik") sözünün tələffüzü əsas alınaraq yazı qaydası dəyişdilimiş və bu baxımdan Derridanın icadı hesab edilən bir termindir. Derrida bu sözü fransız dilindəki "differer" (təxirə salmaq, ertələmək, zaman və məkan etibarilə aralamaq, ayrı salmaq) sözündən törəmə bir söz kimi "ertələmə" anlamında dilçilik elminə gətirmişdir. Derridanın təbirincə, Diferans sözün, cümlənin öz nihayi (eyni zamanda əzəli?) anlamından durmadan, dayanmadan ayrı düşməsi, uzaqlaşması deməkdir ki, bunun da səbəbi sözün, cümlənin mütəmadi olaraq başqa sözlərlə, cümlələrlə əlaqədə olmaq (mətn/kontekst içində mövcud olmaq) məcburiyyətindən irəli gəlir. Deməli, qeyri-müəyyənllik (və deməli, binarlıq) sözün, işarənin (və deməli dilin) mahiyyətidir... Əslində isə bu, elə "var" ilə "yox"un oyununun mahiyyətidir: anlam qeyri-müəyyəndirsə, yoxdur; lakin qeyri-müəyyən anlam həm də var.

" - Həqiqətən, bircə andı hər şey. Hər şey bu bircə anın içindədi - keçmiş də, gələcək də........

.........

- O an mənim üçün yoxdur, çünki o anın hələ adı yoxdur..." (Sehrbazlar Dərəsi)

Kamal Abdulla "var" ilə "yox"un qeyri-müəyyənlik məkanındakı oyununu məharətlə qurur. Mətni oxuduğumuz zaman "Bizmi anlamadıq?", "Yazıçımı nəyisı unudub?", "Çap səhvidirmi?" kimi sualların arasında dolaşıb dururuq, işin mahiyyətini anlamağa çalışırıq. Mahiyyət isə qeyri-müəyyəndir, daha doğrusu, yoxdur... Lakin yazar bu qeyri-müəyyənliyə, bu "yox"a süjet biçərək onu reallaşdırır, "var"a çevirir.

"Bütün bu düzüm, bütün bu ahəng, bu ardıcıllıq bir işarət deyilmidir, əlbəttə ki, bir işarətdir. Çiçəkli yazı da o qəbildən. Mənim canımı bu bəladan qurtarsa, Çiçəkli yazı qurtaracaq. Necə gəlib öz ayağımla düşdüm bu zülümə?! Ax... Ax... Bəladı mənim işim, bəladı..." Eşidən elə bilərdi F.Q. "bəla" deyəndə Çiçəkli yazını nəzərdə tutur. Amma yox. Bəla Çiçəkli yaz deyildi. Bəlanın adam kimi adı vardı. Bəlanın adı Afaq idi" (Unutmağa kimsə yox).

Derridanın fikrincə, Diferans bir varlıq deyil, fenomen deyil, hər hansı bir görünüş yaratmır və ümumiyyətlə, gerçəkliyin bir hissəsini təşkil etmir. Lakin onsuz görünənin görünə bilməsi də mümkün deyil. Derrida da bir növ "yox"a status verir və onu nəinki varoluş kimi, hətta varoluşun başlanğıcı kimi görür. Derridanın fəlsəfəsinin tədqiqatçılarından biri olan Con Kaputo qeyd edir ki, Derridanın Diferansı  bir növ gizli Tanrını, aləmi yaradıb özü gözə görünməyən İlahi Qüdrəti yada salır. Diferans  bəzən son, nihayi (bəlkə elə əzəli də?) Bilinməzi ağlımıza gətirir ki, bu Bilinməzi bilməməmiz elə Öyrənilmiş Cəhalətin ("Docta İgnorantia") əsasını təşkil edir.

Kamal Abdullada isə bu başlanğıcın adı Sirdir. Tapılması, açılması mümkün olmayan Sirr. Açılan kimi yox olur, "sirr" olmaqdan çıxır; tapılan kimi mövcudiyyətini bir hadisə, bir olqu kimi davam etdirir, Sirr kimi yox. Lakin açılan kimi, başqa bir Sirrə də (hadisələrə, olqulara və deməli, həyatın özünə dönüşəcək bir Sirrə) başlanğıc vermiş olur.

"... “sirri-zəmanə”nin bir dəfə tapılmasından sonra dübarə, ikinci dəfə tapılması qeyri-mümkündür. Heç kim onu bir daha tapa bilməz, çünki o şəkildə ki, biz başa düşürük, o şəkildə o, artıq yoxdur... 'Sirri-zəmanə' öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar. Məsələ bitdi. ... O biri zəmanələrdə “sirri-zəmanə”nin özü yox idi, adı var idi" (Sirri-zəmanə).

Diferans məkan və zaman müstəvisində olaraq bütün oppozisiyalardan əvvəl gəlir və bu oppozisiyaları strukturlaşdırır. Başqa sözlə, Diferans bütün fəqliliklərdən əvvəl yaranmışdır; onun görünməsi, duyulması, hiss edilməsi mümkün deyil, çünki o, "indi"də mövcud deyil və ola da bilməz.

Kamal Abdullanın əsərlərinin dili də özünəməxsus bir məkandır. Və bu məkan demək olar ki, başdan ayağa binarlıqlar üzərində qurulmuşdur. Zaman, məkan, keyfiyyət, varoluş - hər şey öz daxili ziddiyyəti, öz içindəki əzəli zidd tərəflərin ahəngi, bərabər varoluşu üzərində mövcuddur.

"Qarağacın yarpaqlarına süzülən işıq damlası, odur yavaş-yavaş, elə indicə üz tutdu torpağa, ona çatana qədər ya saniyənin milyonda biri keçdi, ya da milyon il ötdü, fərq eləməz" ("Unutmağa kimsə yox").

Və burada da Kamal Abdulla sadəcə binarlığın iki əks tərəfini yan-yana qoymur; o, həm də bu əksliyin, bu fərqliliyin ikincili, törəmə olmasına bir eyham vurur. "Fərq etməz" ifadəsi ilə. "Fərq etməz" bu iki tərəfin sanki hansısa bir başlanğıcdan, gözə görünməyən (və bizim anlaya bilməyəcəyimiz), lakin var olan bir səbəbdən törəməsinə edilən bir işarədir. Bu işarənin özüdür ki, Kamal Abdulla ona Sirr adını verib aramızda dolaşdırır. Sirr var, lakin o, bizə görünmür. Sirr var, lakin biz onu anlamırıq. Derridanın Diferansından çoxmu fərqlidir? Fikrimcə, deyil.

Kamal Abdullanın içində yaşadığımız hadisələrin bir başlanğıcdan (Sirdən?) törəmə olmasına vurduğu eyhamlar əslində, fərqliliklərin (həm "var"ın, həm də "yox"un) bir-birini inkar etmədən birgə mövcudluğunu (əslində, alışdığımız məntiqə sığmayanı, anlaşılmaz olanı) adi bir olqu kimi oxucusuna təqdim etməsində, bu məntiqsizliyin ətrafında hər hansı bir süjet qurmamasında, onu izah etməyə, açıqlamağa və hətta ona xüsusi diqqət çəkməməsində özünü göstərir. Yazar sanki oxucusuna  "sorğulama", "dərinə getmə", "nə fərqi var ki?" "onsuz da sənin də, mənim də, hər kəsin də gördüyü - mahiyyət deyil, sadəcə bir təzahürdür, bir izdir" demək istəyir.

"İndinin özündə də müəllimlik edənlərin əksəriyyəti dörd il, beş il əvvəl kənddən çıxmış gənclər (əsasən, qızlar) idi - ali təhsillərini şəhərdə başa vuranlar hələ ki, Vəng dağının ətəyindəki bu kəndə həvəslə (həvəssiz) geri dönürdülər" ("Unutmağa kimsə yox").

Həvəslə, yoxsa həvəssiz? Bunu bilmirik, lakin bilməmizin elə bir əhəmiyyəti də yoxdur. Yazar bunun üzərində sanki hadisələrin, daha doğrusu, içində yaşadığımız fərqliliklər konsonansının hansısa bir başlanğıcın, əslində isə əzəli bir Sirrin törəməsi olduğunun metaforunu qurur.

Dekonstruksiyanın bir konsept olaraq söykəndiyi inanc dil elementlərinin mətn daxilində öz batini mənalarından, gözlənilən anlamlarından uzaqlaşması, bəzən də zidd anlamlarda çıxış etməsidir. Bu mənada dekonstruksiya mətn və məna arasındakı əlaqələrə yeni baxış kimi meydana çıxmışdır. Əslində, dilə və dil elementinə mətn səviyyəsində baxdığımız zaman ... "yox"un "var"la bərabərliyini, eyniliyini, "yox"un elə "var"ın özü olduğunu görürük. Dil elementi mətn daxilində öz batini mənasından uzaqlaşır (dil elementi mətndə batini mənasını itirməyə, yaxud ondan uzaqlaşmaya bilməz - çünki hər mətn təkrarolunmaz bir kontekstdir və hər kontekstin anlam məkanı yalnız bu kontekstə məxsusdur) və bu uzaqlaşmaya doğru atılan hər bir addım eyni zamanda, yeni anlamın içinə atılan addımdır.  Dil elementi nə əvvəl, nə də sonra - bu itki, bu uzaqlaşma ilə tam eyni zamanda, yeni anlam kəsb edir. Dil elementinin mətn daxilində batini mənasını itirməsi və ya ondan uzaqlaşması onun yeni məna kəsb etməsinin nə səbəbidir, nə nəticəsi. Bu ikisi elə bir-birinin özüdür. Derridanın özü də Diferansa həm fərqlilik, həm də eynilik kimi baxır.

Kamal Abdulla əsərlərində bu prosesi qabardır; dil elementinin öz batini mənasından uzaqlaşması içində onun yeni mənasının doğuşu süjet xəttinin ayrılmaz parçasına çevrilir.

"Sirr içində Çiçəkli yazını oxumağa əvvəl-əvvəl İnstitutun bütün həvəsli əməkdaşları birdən girişdi" ("Unutmağa kimsə yox").

"Mübariz kişi ilk baxışda bir qədər də sirr içində bir adam idi" ("Unutmağa kimsə yox").

"Sən artıq "Sirri-zəmanə"nin izinə düşmüsən. Əldən buraxacaqmısan? Səni sirrə dost biliblər, Təbrizi ancaq səninlə danışır" ("Sirri-zəmanə").

Diferans özü-özlüyündə fərqliliklərin oyunudur. O, mütəmadi bir "ertələnmə/uzaqlaşma" prosesidir. Əslində, bu, Derridanın da təbirincə, "izlərin" oyunudur. Və bu "izlərin" oyununun ən bariz təzahürü, yenə də Derridanın təbirincə, yazıdır. Çünki yazı yalnız iz daşıyır; hərəki deyil və deməli, gələcəyi (bəlkə elə indisi də) olmayan, yalnızca keçmişə bağlı bir olqudur.

Derrida yazı haqqında belə bir fikir irəli sürür:  yazı gerçəkliyin müstəqil şəkildə işarələnməsi deyildir; yazı zəiflə(dil)miş nitqdir - ölü olmasa da, yarımcan bir olqudur; təxirə salınmış həyatdır; nəfəsə bənzəyir, amma nəfəs deyil (Russonun Derridanın da üzərində durduğu bir fikrinə görə isə yazı nitqin təmsilindən başqa bir şey deyildir; bir şeyin görüntüsünə onun özündən daha çox əhəmiyyət verilməsi isə anlaşılan deyil). Derrida yazını "farmakon"a bənzədir - eyni zamanda, həm əlac, həm də zəhər olan iki təbiəti bir mahiyyətdə birləşdirən (və deməli, mahiyyətin özünə əks olan) dərmana. Yazı da farmakon kimi qeyri-müəyyəndir; həm həyatdır, həm də ölümdür; həm var, həm də yoxdur; yaşam-ölüm vəhdəti olaraq eyni zamanda, həm həyat bəxş edə, həm də həyatdan məhrum edə bilir. Və məhz bu baxımdan yazı ilkin olan dilin (nitqin?) və deməli, düşüncənin, məntiqin əslində, izlərini daşıyır. Derrida bu baxımdan yazını risk ehtiva edən bir məşğuliyyət kimi görür. Lakin Derridanın fikrincə, yazı elə bir məşğuliyyətdir ki, onun nə müsbət, nə də mənfi tərəfini görə bilirsən. Deməli, yazı əslində, bir oyundur - gerçək olmayan bir bənzərlik daxilində qurulmuş bir oyun. Derrida belə bir riskli oyuna girməyi nəinki tövsiyə edir, hətta onu zəruri hesab edir. Çünki məhz yazı ilə Diferansın (Kamal Abdullada isə Sirrin) "izlər" oyununa girməmiz və izləri təqib etməmiz mümkündür. 

Elə Kamal Abdullanın "Azərbaycan dilinin potensialında yazması" da bu riskli "izlər" oyununa girməkdir. Yazar Azərbaycan dilinin çalılıqlarından keçir; yeraltısına baş vurub gədiyinə varır və bu izlərin mümkün qədər çox daşındığı bir yazı dili qurğulayır. Lakin yazar bu oyundan hər dəfəsində qalib olaraq çıxır. Çünki qəbul edilmiş normaları, üslubu və gözlənilən "məntiqi" yox sayaraq bunların üstündə qurğulnmış yazı (ki, buna yalnız və yalnız ədəbi məşğuliyyət imkan verir) dinamikdir, statik deyil. Dinamik olan isə dilə qarşı çevrilməmişdir - tam tərsinə, dinamik olan yazı dilin canlılığını və daxili ahəngini qoruyan bir yazıdır. Kamal Abdullanın yazısı yorumlara açıq bir yazıdır; duzaqlardan yan keçən bir yazıdır; indidə mövcud olub keçmişin izlərini və gələcəyin hənirtisini daşıyan bir yazıdır. Və yalnız bir dilin potensialında yazılan yazı ilkin olan dili (nitqi?) və deməli, düşüncəni, məntiqi əslində, dağıtmadan, puç etmədən, öldürmədən onunla birlikdə mövcud ola bilər. Bu isə "yox"la "yox"u yox etmənin özündən başqa bir şey deyildir.

 





16.03.2020    çap et  çap et