525.Az

“Sosial şəbəkələr bir az nankordur” - Tarzən Əli Əsgər Məmmədov ilə müsahibə


 

“BİR MÜDDƏT İSTİFADƏ ETMƏYƏN KİMİ AKTİVLİK AZALIR”

“Sosial şəbəkələr bir az nankordur” - <b style="color:red">Tarzən Əli Əsgər Məmmədov ilə müsahibə</b>

Rubrikamızın budəfəki qonağı Əli Əsgər Məmmədov əvvəlkilərdən həm sənətinə, həm də yaşına görə fərqlənir. Bülbül adına orta ixtisas məktəbində oxuyub. Bakı Musiqi Akademiyasına qəbul olunub. Bir neçə müsabiqələrdə, festivallarda da iştirak edib. 22 ildir Opera və Balet Teatrında orkestr artisti, solist kimi çalışır. Tarzəndir. İfa etdiyi və sosial şəbəkələrdə paylaşdığı "Qəlb atəşi" mahnısı qısa müddətdə onu əməlli-başlı məşhurlaşdırıb. Qalanını da müsahibəsindən oxuyub bilin. 

- "Qəlb atəşi"ni ilk dəfə eşidəndə hiss etdim ki, əsl mənim gözlədiyim ifadır. Düzdür, mahnının bütöv versiyasını tapmaq çətin oldu. Amma  ürəyimə yatdığı üçün əlimdən gələni etdim və istəyimə çatdım. Açığı bu, yazıya alacağım ilk mahnı idi deyə, çəkinirdim, istəyirdim ki, bir az da yetişim. Ancaq dostlarımın "Sən artıq yetişmisən, hətta çürüməyə doğru gedirsən" demələri məni ruhlandırdı (gülür). Mahnını yazdırdım və hazır olan kimi öz səhifəmdə paylaşdım. Bir gün ərzində olduqca çox izləyici və rəylər topladı. Müsbət rəylər üstünlük təşkil etsə də, bəziləri mahnının müəllifi ilə bağlı irad bildirmişdilər. Sonradan məlum oldu ki, mahnını bəstələyən keçən əsrin əvvəllərində yaşamış İranın məşhur bəstəkarlarından olan Abdulhüseyn Barazandehdir. Bunu öyrənən kimi bəstəkarın adını da mahnıda qeyd etdim. Bu ifadan sonra "Həyatı", "Tormoz Hüseyn", "Şur" və digər muğamları da yazıya aldım. 

"Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib" 

- Sosial şəbəkələrdə məşhur olmaq nə dərəcədə əhəmiyyətlidir?

- Sosial hesablarımı açıb hər dəfə "Qəlb atəşi"ni görmək məni hədsiz sevindirirdi. Tez bir zamanda tanınmağımın bir səbəbi də həmin ifanı yalnız özümün yox, mənimlə bərabər bir neçə saytın paylaşması idi. Bir müddət sonra AzTV-nin direktor müavini Riad Quliyev məni səhər verilişinə dəvət etdi və həmin verilişdə bir neçə solo ifalarım səsləndi. Daha sonra Naxçıvan televiziyasından da dəvət etdilər, amma işlərim çox olduğundan vaxt edib gedə bilmədim. Həmin vaxtlarda bir nəfər rejissor da klip çəkmək üçün müraciət etmişdi. Bu işi çox arzuladığı üçün razılıq verdim. Sözün qısası, mahnının demo versiyasını da, özünü də sosial media tanıtdı. Biz istəsək də, istəməsək də sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib.



- Bu sənətlə nə vaxtdan məşğul olursunuz?

- Atam tar ustası olub, haqqında bir neçə sənədli film də çəkilib. Demək olar ki, gözümü açandan tar görmüşəm. Elə bu sahəyə marağım da həmin illərdən yaranıb. Əvvəlcə Bülbül adına orta ixtisas məktəbinə getmişəm. Oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasına qəbul olunmuşam. Bir neçə müsabiqələrdə, xarici səfərlərdə, festivallarda da iştirak etmişəm. Artıq 22 ildir Opera və Balet Teatrında müəllim kimi çalışıram. 

"İnsanın şərəfi nəfsindən üstün olmalıdır"

- Bir ifaçının sənətdə qazana biləcəyi uğurların çoxunu qazanmısınız. Bu, dostlarınızın qısqanclığına səbəb olmayıb ki?..

- İnsanlar var ki, heç bir uğurun olmayanda səninlə dost olurlar. Elə ki yaxşı bir işin oldu, paxıllıq etməyə başlayırlar. Elələrinin fikrini almaq üçün bəzən yeni mahnılarımı onlara göndərirəm. Ya ancaq tərifləyirlər, ya da hər yerində səhv tuturlar. Halbuki onların nə deyəcəklərini və səviyyələrini əvvəlcədən bilirəm. Amma xoşbəxtəm ki, yaxın dostlarımda belə xüsusiyyətlər yoxdur, hər zaman mənə dəstək olurlar. Özümün də belə xislətim yoxdur. Gözəlliyi görüb ondan yan keçə bilmirəm. Bəyəndiyim ifalar olursa, hətta öz səhifəmdə də paylaşıram. Mənə görə insanın şərəfi nəfsindən üstün olmalıdır. Təki hamımız yaxşı işlər görək, amma başqasının yaxşı işinə də balta vurmayaq. Bəzən məndən nə qədər sonra sənətlə məşğul olan adamlar fəxri ad alır. Amma inanın ki, bu mənə təsir etmir. Əgər adının qarşısına "Xalq artisti" yazılıb ifaların sevilməyəcəksə, o ad lazım deyil. Bu gün insanların ifalarıma görə sevib tanıması mənə bütün fəxri adlardan üstündür.  



"Hazırda sənətdə də, həyatda da çətinliklərim var"

- Sənətdə, yoxsa həyatda çətinlikləriniz çox olub?

- Hazırda həyatda da, sənətdə də çətinliklərim var. Bəzən elə hallar olur ki, başının üstündə bir evi olan adamlar şükür edir, evi, maşını olan adamlar isə daha böyüklərini əldə etmək arxasıyca düşür. İnanın ki, ikinci tip adamlar üçün həyat daha çətindir. Gərək insan öz nəfsinə qalib gəlməyi bacarsın. Əgər imkanım olsa, mən də istəyərdim hər mahnıya klip çəkim, daha yaxşı studiyalarda, daha çox sayda mahnılar yazım. Neynəmək olar, yəqin qismət belədir.

"O insanların özü kimi, ifalarında da sadəlik var idi"

- Məşhur tarzənlərimizdən kimlərin ifasını dinləyirsiniz?

- Hacı Məmmədov kimi məşhur tarzənlərin ifası ilə böyümüşəm. Xalq artisti Ramiz Quliyev də müəllimim olub. Hətta dəhlizdə gəzəndə də özümü Ramiz müəllimə oxşatmaq istəyirdim (gülür).  Mən inanmıram ki, onun kimi sənətkarlar dünyaya bir də gələcək. Çünki o insanların özü kimi ifalarında da sadəlik var idi. Məsələn, Rəşid Behbudov bir cümlə sadə notlarda "Küçələrə su səpmişəm" deməsi ilə ürəklərə toxuna bilib. İndi nə qədər nəğmələr qatsalar da, həmin ifalar o cür alınmır. Bəlkə də, əsl tarzənləri, sənətkarları dinləmişəm deyə, indiki ifalar məndə o rəğbəti doğurmur.

- İzləyicilərinizdən gələn rəylər sizi nə dərəcədə qane edir?

- Bəzən ifalar insanları o qədər ovsunlayır ki, ən səmimi hisslərini yazmaqdan çəkinmirlər. Bəzən də "Bu nə mahnıdır ifa etmisən?" - deyənlər olur. Heç kimi qınamıram, çünki bəyənməyə bilərlər. Ancaq kiminsə yazdığı mahnını təhqir etmək də doğru deyil.

- Bəs, hansısa bir rəy təəccübünüzə səbəb olubmu?



- Ermənilərdən gələn rəylər daha çox təəccübümə səbəb olur. Hərdən "Ay can", "Tilsimli tar" kimi ifadələr işlədirlər. Görün, tarın melodiyası nə qədər xoşlarına gəlir ki, artıq öz fikirlərini açıq ifadə etməyə məcbur olurlar. Əvvəllər əsəbləşib bu rəyləri silirdim. Sonradan düşündüm ki, tarın insanlara necə təsir etdiyini, hətta düşməni də yoldan çıxara biləcəyini hər kəs görməlidir.

- Sizcə, hazırda tarda hər hansı bir dəyişikliyə ehtiyac varmı?

- Atamdan öyrəndiklərimdən yola çıxaraq hazırda tar düzəldə bilərəm. Hətta tarımın bir problemi olanda özüm düzəldirəm. Məndən başqa kiminsə əlinin dəyməsini istəmirəm, bəlkə də qısqanıram. Dəyişiklik məsələsinə gələndə isə, tarda belə bir şey etməyə ehtiyac görmürəm. Sadıqcan kimi yeniliklər edə biləriksə, faydalı olarsa, etmək olar. Məsələn, tarın pərdəsi istidə qalxır, nəmişlikdə düşür. Əgər buna bir çarə olarsa, etsinlər. Amma onun formasını dəyişməklə özlərindən fərqlilik yaratmaq nəyisə kəşf etmək deyil. Tarın o qədim forması bizim milli sərvətimizdir.

- İran tar ifaçıları da dünyada kifayət qədər tanınırlar. Azərbaycan ifaçıları ilə İran ifaçıları arasında bu baxımdan hər hansı bir rəqabət varmı?

- Elə sosial şəbəkələrdə də iranlı izləyicilərim var. Onların musiqisi ilə bizim musiqimiz bir az fərqlənsə də, ifalarımı bəyənirlər. İranlılar özləri də yaxşı ifa edirlər və kifayət qədər tanınırlar. Hətta mən deyərdim, orda tamaşaçıların bu sənətə olan marağı bizimkilərdən daha çoxdur.

"Mənim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir..."

- Sosial medianın imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələr bir az nankordur. Bir müddət istifadə etməyən kimi aktivlik azalır. Buna səbəb bir ara dostluğumdakı adamların çoxunu çıxarmağım da ola bilər. Çünki mənim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. Bəzən mahnılarımı paylaşan səhifələri müqayisə edirəm. 2000 nəfərlik izləyicisi olan səhifədə ifamı 1800 nəfər bəyənirsə, 96000 izləyicisi olan səhifədə 4000 nəfər bəyənir. Bu o deməkdir ki, həmin kütlənin keyfiyyəti aşağıdır. Hərdən dostlarım mənim bu fikirlərimə irad bildirir. Deyirlər ki, bu gedişlə irəli gedə bilməyəcəksən. Ancaq mənə görə sənətə dəyər verməyən adamlara sənət nümayiş etdirmək faydasızdır.



- Kimi müşayiət etmək istərdiniz?

- Açığı, çox adamlarla işləmişəm. Son illərə qədər Alim Qasımovla daha çox iş birliyimiz olub. Ancaq bəzi səbəblərə görə çatdıra bilmədim və iş sahəsində yollarımızı ayırdıq. Demək olar ki, indiyə qədər elə müşayiət etmək istədiyim insanlarla birlikdə çalışmışam.

- Bu mahnını ilk dəfə ifa edəndə ağlınıza gəlmişdi qısa müddətdə məşhur olarsınız?

- Hələ kifayət qədər məşhur olmamışam. Belə hallar bir az da qismətdir. Mən istəyərdim ki, "Qəlb atəşi"nə milyonlarla baxış gəlsin. Bəlkə də İranda Yutub qadağan edilməsəydi, indi trend olmuşdu.

"Yutub özü elə konsert zalıdır..."

- Hansı yenilikləriniz və gözləntiləriniz var?

- Yeni mahnılar yazıya almaq üçün çalışıram. Bilirəm ki, əziyyətim yerdə qalmayacaq. Əgər ortada yaxşı bir iş varsa, mütləq üzə çıxacaq. Mən də həmin o günü gözləyirəm və bunu gözləyərkən boş dayanmıram. Hazırda diski və jurnalı ilə bir yerdə albom buraxmaq istəyirəm. Yaxın gələcəkdə solo konsertimin olmasını da istəyərəm. Amma bunu müəyyən bir zamana planlaşdırmıram. Düşünürəm ki, Yutub özü elə konsert zalıdır. Bir də öz içimdən gələn musiqi bəstələmək istəyirəm. Düzdür, əvvəlcədən "Afrika kompozisiyası" adlı bir bəstəm olub, amma bu dəfəkinin daha fərqli olmasını istəyirəm. Yəqin ki, nə zaman ilham gəlsə, o vaxt da baş tutacaq.

Günel ABBAS

 





19.03.2020    çap et  çap et