525.Az

"Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi vacibdir”


 

"Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi vacibdir”<b style="color:red"></b>

“Hazırda dünyada görülən bütün tədbirlərə rəğmən koronavirus epidemiyasının yayılması davam edir. Bu epidemiyanın qarşısının alınması üçün görülən məhdudlaşdırıcı tədbirlər paralel olaraq dünya iqtisadiyyatına, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdəndir”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da virus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə, turizm, ticarət, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin epidemiyaya kütləvi yoluxmasının qarşısı alınıb. Dövlətin bu istiqamətdə atdığı addımlar tam alqoritmləşmiş və kifayət qədər təsirli addımlardır. Eyni zamanda aparılan təhlillərə görə həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər: “Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırılmaq, əhalinin sosial rifah halını qorumaq və iqtisadi inkişafın davamlığını təmin etmək üçün iqtisadi sahədə də antivirus tədbirlərinin görülməsini zəruri etməkdədir. İqtisadiyyatı da bu virusdan yoluxmağa qorumaq əsas vəzifələrdəndir. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlar son 16 ildə artmış və çətin günlər üçün dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün cənab Prezident dünən xüsusi bir sərəncam imzalayıb. Bu məqsədlə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur. Birinci, pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək, ikinic, sahibkarlıq subyektlərinə dövlət dəstəyi, üçüncü, məşğulluq problemlərinin və sosial problemlərin həlli və dördüncü, makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması. Qeyd edim ki, ayrılan vəsait ölkənin ÜDM-nin 1.3%-nə, büdcə gəlirlərinin isə 4.2% nə bərabərdir. Göründüyü kimi, dövlət başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir. Amma eyni zamanda düşünürəm ki, dövlətlə yanaşı, özəl sektorun da belə günlərdə daha çox sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir. Əminəm ki, görülən bu tədbirlər iqtisadiyyatımızı daha da gücləndirəcək və əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq!”.

 





20.03.2020    çap et  çap et