525.Az

Hər il ad günümdə - Esse


 

Hər il ad günümdə - <b style="color:red">Esse </b>

"Mən sənətkaram, mənim incəsənət əsərim mənim həyatımdır!.."

Suzuki

Bax belə, hər il ad günüm yaxınlaşdıqca məni çox fərqli duyğular ağuşuna alır, olduğum məkanı, yaşadığım yeri, ünvanımı, hətta öz görkəmimi belə dəyişmək keçir könlümdən...

Mənə elə gəlir ki, hələ heç dünyaya gəlməmişəm, anamın o mübarək bətnindəyəm, vaxt yaxınlaşdıqca mən də səbirsizlənirəm, anamın qarnını yüngülcə təpikləyirəm, darıxıram, bu qaranlıq, amma xoşbəxt dünyada ömrümün sonu çatdığını hiss edirmiş kimi narahatam, o üz-bu üzə çevrilir, mayallaq aşır, ətrafa boylanır, bir sözlə, min hoqqadan çıxıram ki, bir daha dönə bilməyəcəyim məkanın dadı damağımda qala bilsin, yaddaşıma hopsun... Və bir də elə bilirəm anam sağdı, məni dünyaya gətirəcək hələ...

Anam insan doğmuşdu,
Məni dünya daş etdi.
Könlümü çilik-çilik,
Gözlərimi yaş etdi..

O gün mart ayının 20-si idi, Novruz bayramı axşamı... İndi də ad günümün bu möhtəşəm günə düşməsini eşidənlərin heyrət dolu baxışlarına tuş oluram. Hələ zarafat da edən olur: "Anana zülm eləmisən ki, Novruz bayramında!"

Anam haqqında heç vaxt keçmiş zamanda düşünə biılmirəm. İl boyu başım çox işlərə qarışır, özümün, doğmaların, ya da özgələrin qayğı və problemləri məşğul edir məni, bir də baxıram ki, sayılı günlər qalıb anamın "doqquz aylıq yük"ündən azad olmasına... Yəni mənim dünyaya gəlişimə. Hə, o vaxt indiki kimi deyildi axı, tibb elminin bu dərəcədə inkişaf etməsi heç adamın ağlına da gəlməzdi, ona görə uşağın cinsiyyətini yalnız dünyaya gələndə bilərdilər.

Mənə qədər artıq ailədə 3 qız, bir oğlan vardı. Ata-anam üçün fərqi olmasa da, on yaşlı Məzahir özünə qardaş gözləyirmiş o gün... Kənddə bütün uşaqları kəndin "mamaça"sı, heç bir tibbi təhsili olmayan, amma bu işi mütəxəssis dərəcəsində bilən Şüşə nənə "tutardı". O qadını indi də xatırlayıram, tək-tənha, heç kimi olmayan qoca qarı idi, beli də bükülmüşdü, amma üzündən təbəssüm, dilindən də dua əskik olmazdı. Özünün övladı olmamışdı, əli ilə dünyaya gətirdiyi bütün uşaqları öz balası bilirdi!.. Çiy kərpicdən tikilmiş balaca evi vardı, kənddə hamı - uşaqdan böyüyə onun xətrini istəyərdi...

Qardaşım söyləyirdi ki, həyətdə həyəcanla gözləyirdim.., düşünürdüm indicə şad xəbər eşidəcəm, ürəyim çırpınırdı, qardaşım olacağına nədənsə elə əmin idim ki!.. Bunu çox sonralar özü etiraf edəcək, mən doğulan günü əvvəlcə pərt olsa da, indi sevinclə, qürur hissilə "Sən, elə qardaş imişsən, bacı..." deyəcəkdi... Bəli, kainatda xaos yoxdur, baş verənlər mütləq hansısa məqsədlə baş verir.

Evimizdə ad günümü Novruzla birgə keçirərdilər. Xüsusi hədiyyə filan isə yadıma gəlmir, amma bayramda anam hamımıza mütləq təzə nəsə alardı, özü yaxşı dərzi olduğundan parça alıb öz qədim ayaq tikiş maşınında don da tikirdi... İlahi, o xırdaca payın yerini indi böyük hədiyyələrlə doldurmaq olmur!

Adımı Şahnaz qoysalar da, məni dünyadan gənc və nakam getmiş bacımın adı ilə çağırırdılar, sanki ikili ömür yaşayırdım, evdə Minayə, məktəbdə Şahnaz idim. Sonralar daha yuxarı siniflərdə oxuyanda hamıdan tələb etdim ki, öz adımı çağırsınlar... İnsan heç vaxt öz özündən baş aça bilməyib, nə qəmli-kədərli olanda, nə də sevincdən qanadlananda, xoşbəxtlik, bədbəxtlik hissi də elə nisbidir. Əslində, hər iki duyğunun rüşeymi bir-birinin nüvəsində gizlənir... Yəni başqa sözlə, bir hiss digərini "doğur!"

Əhvalı da gendən baxana bir cür gəlir, özünə başqa cür...

Hissimi saf-çürük edər,
Ruhumu duyan oxşayar.
Ömrümü haqqın duası,
Yolumu duman oxşayar.
Açılıb telimdən gedər,
Uçulub əlimdən gedər.
Sağımdan, solumdan gedər,
Canımı yalan oxşayar.
Qapımı döyən həmdəmim
Köhnə yurd, ocaq sakini...
Içini çəkib deyər ki:
Bu qədər adam oxşayar!?.

Bir də hər il ad günümdə dönüb uşaq oluram, nə yaşım düşür yadıma, nə də yaşadıqlarım. Elə bilirəm həyatım qabaqdadı hələ, nə gözlərim gördükləri dərs olub mənə, nə də çəkdiklərim.

Amma görürəm, toxunanda başımın daş dəyən yeri ağrıyır.., bax bu da öz əllərimlə sarıdığım dizim deyilmi.!? Bizim hər birimiz əslində, ağır bir daşı gecələr qan tər içində dağa qaldırmağa calışan, amma sabah açılar-açılmaz daşının sürüşüb yerə düşdüyünü görən yorğun, amma inadkar Sizik, məhək daşını axtaran Divanəyik, və elə həyat da budur məncə...

Və sonda, nəhayət..,
Bu gün ad günümdür, ömürdə bir an,
Sən mənə bir sevən ürək bağışla...

- deyirəm sevdiklərimə, sevənlərimə, əzizlərimə...

Bir də Lev Qumilyovun fikri fikrimlə üst-üstə düşür, təqvim mənim yaşımı neçə göstərir göstərsin, mən həmişə 17 yaşındayam...

"525"dən: Ad günü münasibəti ilə Şahnaz xanımı təbrik edir, ona sağlam ömür və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.

 





20.03.2020    çap et  çap et