525.Az

Dünya sənin, Dünya mənim, Dünya heç kimin! - Esse


 

Dünya sənin, Dünya mənim, Dünya heç kimin! - <b style="color:red">Esse </b>

Bu dünyaya göz açandan kütlədən eşitdiyimiz bir ifadə var: “Beşgünlük dünya”. Təəssüf ki, çoxluq sevimli şairimiz Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin“ misralarını da bu fikrin təsdiqi kimi kimi görür. Lakin şeirin özünü kənara qoyub yalnız bu 3 misraya diqqət yetirsək belə, yetərincə dünya, kainat, eşq və kamillik haqqında danışa bilərik.

Kamilliyə gedən yolu lap sadələşdirsək, 3 mərhələyə bölmək olar.

Birincisi mərhələ yolun başlanğıcıdır. Bu elə mərhələdir ki, sən sevdiklərini, bəyəndiklərini kor-koranə sevir, başqalarının diqtəsinə əsasən bəyənir və ya bəyənmirsən. Sənə görə kütlənin qəbul etdiyi qəbulediləndir. Ətrafla idarə olunursan, ətrafın düşüncəsinə tabesən. Kütlənin həzm edə bilmədiyi sənin də boğazından keçmir. Yəni sən özün olaraq yoxsan. Özünü bilmirsən. Sənin üçün yalnız başqaları var. Bu mərhələni şair də birinci olaraq vurğulayır: “DÜNYA SƏNİN”

İkinci mərhələ - bu mərhələ ikinci olmaqla, həm də partlayış mərhələsidir. Zaman-zaman içinə yığdığın, qəbul etdiyin, tabe olduğun hisslər qabarır, kiçik-kiçik partlayışlara səbəb olur. İçində bir dəyişiklik yaranmağa başlayır. Sənin kiçik partlayışlarla üzə çıxan sevgilərin zamanla birləşir və böyük bir partlayışa çevrilir. Sən xırdalıqlardan qurtulub bütöv bir Eşqə dönürsən. Sən öz Mənini, öz içindəki Allahı tapırsan. Zərrələr birləşib, bütövləşib tam olanda öz kimliyindən həzz almağa başlayırsan. Anlayırsan ki, əslində hər kəsin içində Allah var. Bunu insanlara çatdırmaq üçün var gücünlə haykırırsan. Onları sənə inanmağa çağırırsan. Bunu daha aydın çatdırmaq üçün öz yaşantılarını söyləyirsən, özünü misal çəkirsən. Amma səni anlamırlar. Nəsimi “Həqq mənəm” deyincə dərisini soyan kütlə sənin də qanını içməyə hazırdır. Sən özünü ətrafdakılara sübut etmək üçün çox çətinliklər yaşayacaqsan, canın yanacaq. Dəli deyəcəklər, axmaq deyəcəklər, kafir deyəcəklər amma Allah deməyəcəklər. Bax bu mərhələdə anlayacaqsan ki, çoxluq içində həm də təksən. Özünü, yalnız özün dərk edirsən. Öz böyüklüyündən yalnız özün xəbərdarsan. Səndən başqa hər kəs yenə öz iş-gücündə, çalıb-oxumağında, alış-verişində, çapıb-talamağındadır. Tənhalığın əzabı ilə yanaşı böyüklüyünün həzzi səni pıçıldamağa məcbur edər: “DÜNYA MƏNİM“

Üçüncü mərhələ - Bax üçüncü mərhələ həm də bir az qorxulu mərhələdir. Artıq elə bir zirvədəsən ki, əvvəllər sənə əlçatmaz görünənlər indi səndən çox geridədir. O qədər çox ki, qalxdığın və qaldığın zirvədən geridönüşün, qayıdışın mümkünsüzdür. Bu qayıdış sənin məhvin olar. Durduğun zirvə isə daha səni qane etmir. Sən o zirvədən də yuxarı qalxa biləcəyinə inanırsan. Öz “gücünə”, öz “qüvvənə” əminsən. Və nəhayət böyük ümidlə atdığın addım nəhəng, qara bir boşluğa düşür. Əslində o, boşluq deyil. Sənə qaranlıq görünən o “boşluq“ nəhayətsizliyin, əsl işığın özüdür. Sadəcə o işığı görmək sənin “gücün“ daxilində deyil. Sən o işığı yalnız hiss edirsən, yaşayırsan. Zehnin, ağlın, ruhunla bir gün tamamilə o “qara işığa” qarışırsan. Özünün də bir zərrəsi olduğun işığa... Budur, sən insan olaraq yox olursan... Və onda Məmməd Araz üçüncü misranı “pıçıldayır”: DÜNYA HEÇ KİMİN!

 

 





26.03.2020    çap et  çap et