525.Az

“Qurban olduğum”un notlardakı sədası - Şahanə Müşfiq yazır


 

“Qurban olduğum”un notlardakı sədası - <b style="color:red">Şahanə Müşfiq yazır</b>

Repressiya qurbanı olmuş, istiqlal şairimiz Əhməd Cavadın ömür-gün yoldaşı, Batumlu Süleyman bəyin qızı Şükriyyə xanımla məhəbbəti dillər əzbəridir.
 
Əhməd Cavadın qısa ömründə yazdığı şeirləri də bəzən iki yerə bölürlər: Şükriyyə xanıma yazılanlar (“Şükriyyənamə”si) və digərləri.

Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi-peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!

Kimə, hansı insana bu qədər ürəkdən, bu qədər səmimi və bu qədər böyük yanğıyla “qurban olduğum” deyə bilərik ki? Ancaq sonsuz eşqlə sevdiyimizə… O da əgər köksümüzün altında hməd Cavad ucalığında bir ürək daşıyırıqsa. Bəli, Əhməd Cavad öz Şükriyyəsini yoluna qurban olacaq qədər çox sevirdi. Onun namusuna, ismətinə, qanına hər şeydən çox inanırdı. Ona görə də 17 yaşlı qızı özünə xanım kimi seçmişdi. Şükriyyə xanım da onu eyni məhəbbətlə sevir, cəmi 17 yaşında atasının bütün var-dövlətini, rahat həyatını arxasında qoyub sevgilisiylə Batumdan Gəncəyə gələcək qədər inanırdı, güvənirdi.

Gözəl Şükriyyəsinə olan məhəbbətini vərəqlərə, qələmlərə çox pıçıldayıb Əhməd Cavad. Az qala onun hər sevgi şeirində Şükriyyənin gözləri, Şükriyyənin nəfəsi duyulur. Yuxarıda ilk bəndini misal çəkdiyimiz “Qurban olduğum” şeiri də onlardan biri, ən məşhurlarındandır. Şeirdə şair sevdiyi gözələ olan inamını bu cür ifadə edir:

Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!

(O təmiz qanına qurban olduğum!)

1916-cı ildə Batumda yazılan bu şeirdən düz 20 ildən çox zaman sonra Şükriyyə xanım repressiyanın, sürgünün ən ağır məqamlarında özünün təmiz qanını, ismətini və Əhməd Cavad adına, şərəfinə sadiqliyini davranışları ilə, düşmənə boyun əyməməklə sübut edəcəkdi.

Bu zamanlara kimi şeir kimi oxuduğum bu misralar qısa vaxt öncə Xalq artisti, dəyərli bəstəkar Aygün Səmədzadə tərəfindən mahnıya çevrildi. Sözlərin və musiqinin ruhlarının bir-birini mükəmməl tamamlaması ilə yaranan sənət əsərinə gənc müğənnilər Nigar Cəlilova və Pərviz Abdullayev öz məlahətli səsləriylə can verdilər. Mahnının yaranma tarixçəsi haqqında Nigar xanım məlumat verdi:

“Əhməd Cavadın öz ailəsi bu mahnının sözlərini Aygün Səmədzadəyə həvalə etmişdilər. Onlar bu sözlərə Aygün xanımın mahnı yazmağını istəyirdilər. Aygün xanım da olduqca gözəl, mükəmməl bir əsər yazdı və çox sevinirəm ki, mahnının ifasını həvalə etdiklərindən biri də mənəm. Biz “Qurban olduğum” mahnısını dəyərli həmkarım Pərviz Abdullayevlə birgə ifa etdik. Düşünürəm ki, tam sözlərə uyğun əsər yazılıb və çox maraqlı ifa alınıb. Çünki biz onu ürəklə ifa etmişik. Sözlərini və sözlərdəki səmimiyyəti sevərək, hiss edərək oxudum. Fikrimcə, Əhməd Cavad və Aygün Səmədzadə birliyindən yaranan bu gözəl sənət əsərinin öhdəsindən gəldik. Bu cür dəyərli əsərin mənə həvalə olunması ilə fəxr edirəm. İstərdim ki, daha çox yayılsın, daha çox tanınsın. Çünki dinləyicilərin də zövqünü oxşayacaq əsərdir”.

Türkiyənin “TRT Avaz” televiziyası tərəfindən çəkilən “Əhməd Cavad: Bir millətin ruhu” adlı sənədli filmdə Aygün Səmədzadənin Əhməd Cavad sözlərinə yazılmış digər əsərləri kimi “Qurban olduğum” mahnısı da yer alır. Filmin Əhməd Cavadla Şükriyyə xanımın sevgisindən, ömür-gün yoldaşlığından bəhs edən hissələri məhz bu mahnının sədaları altında anlatılır:

Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə çaxdı,
Baxdı qurbanına qurban olduğum!

Bu sözlərin və bu musiqinin sədası altında göylərə baxdım. Orda, bir yerlərdə bir-birinə qurban olan iki aşiq gülümsəyirdi…

 





26.03.2020    çap et  çap et