525.Az

Qazi taleyi


 

Qazi taleyi<b style="color:red"></b>

"Qazi taleyi" "Qaziler.az" saytı ilə "525-ci qəzet"in birgə layihəsidir.

Layihənin rəhbəri Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan peşəkar zabit Nazim Bayramovdur.

Maviddin Pakiddin oğlu Əlisultanov - 1974-cü il martın 18-də Qusar rayonun Gedəzeyxur kəndində dünyaya gəlib. Yeniyetmə yaşlarından hərbə maraq göstərən M.Əlisultanov "Zarnitsa" və "Orlenok" hərbi-idman oyunlarının dəfələrlə qalibi olub.

1992-ci ildə müddətli hərbi xidmətə çağırılır. Bakıdakı artilleriya hərbi hissəsində xidmət edən M.Əlisultanov könüllü cəbhəyə yollanmaq barədə komandanlığa raport yazır. Lakin raportun baxılması uzandığından o, cəbhəyə yollanmaq xahişi ilə həmkəndlisi, 701-ci briqadanın kəşfiyyat rəisi, peşəkar hərbçi Bəhram Ağakişiyevə müraciət edir.

Qeyd edək ki, həmin dövrdə Bəhram Ağakişiyevlə yanaşı onun iki qardaşı Eyvaz və İlyas da çiyin-çiyinə döyüşürdülər. Nəhayət, Bəhram Ağakişiyevin vasitəsi ilə Mavəddin Əlisultanovu 701-ci briqadanın kəşfiyyat bölüyünə götürürlər. O, Laçın, Kəlbəcər, Ağdərə istiqamətlərində bir çox kəşfiyyat-diversiya əməliyyatlarında və döyüşlərdə iştirak edir. 1993-cü ilin fevralında Ağdərə istiqamətində gedən ağır döyüşlərdə yaralanan M.Əlisultanov müalicədən qayıdandan sonra hərbi xidmətini davam etdirir, 1996-cı ilin iyununda ordu sıralarından tərxis olunur.

Həmsöhbətimiz, hazırda ehtiyatda olan polkovnik-leytenant Bəhram Ağakişiyev Mavəddin Əlisultanovu qorxmaz, nizam-intizamlı, bacarıqlı kəşfiyyatçı, döyüşçü kimi xarakterizə edir.

M.Əlisultanov ikinci qrup Qarabağ qazisidir, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. Hazırda Qusar-Bakı avtobusunda sürücü işləyir. O, torpaqlarımızın azad olunması üçün hər an cəbhəyə yollanmağa hazır olduğunu bildirir.

Ailəlidir, dörd övladı var. Oğlu, ali təhsilli Tofiq Əlisultanov atasının yolunu davam etdirərək, hərbi xidməti cəbhənin Xocavənd istiqamətində keçib.

 





28.03.2020    çap et  çap et