525.Az

Təhsil Nazirliyindən yeni layihə - Virtual məktəb


 

Təhsil Nazirliyindən yeni layihə - <b style="color:red">Virtual məktəb</b>

Aprelin 2-dən etibar Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib.  Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq. “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

C.Valehov bildirib ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər: “Təhsil Nazirliyi bütün şagirdləri və onların valideynlərini aprelin 2-dən başlayaraq virtual.edu.az onlayn portalında qeydiyyatdan keçməyə dəvət edir. Qeydiyyatdan keçmək üçün şagird və valideynlər təlimatla tanış ola bilərlər”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyir ki, Təhsil Nazirliyi ilə "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq: “Xeyli texniki imkanların olmasına, elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcəyini hamı dərk edir. Fərəhləndirici haldır ki, təhsillə bağlı istənilən baş verə biləcək yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflərin irəli sürülür, cəmiyyət bu kimi hallara biganə deyil. Hər kəs çıxış yolu bildirmək üçün öz köməklyini göstərməkdən çəkinmir”.

N.İsrafilovun dediyinə görə, müxtəlif təhsilalma formaları var, distant təhsil, fərdi yaradıcılıq üsulları, müstəqil işlərin təşkili, ev tapşırıqlarının yerinə yetirilməsi, məktəbdən kənar fəaliyyətin müxtəlif formaları, özünütəhsil və s. Bu istiqamətdə artıq istər ali, istərsə də ayrı-ayrı ümimi orta təhsil müəssisələrində müəyyən təcrübə əldə edilib və bu istiqamətdə işlər uğurla davam etdirilir: “Bu gün başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən, məktəb-valideyn-şagird əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirməkdən, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, “vizuallaşdırılmış dərs” formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, "Facebook", "WhatsApp", "Skype", adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaqdır”.

N. İsrafilov Təhsil Nazirliyinin yeni layihəsini uğurlu hesab edir: “Düşünürəm ki, “Təhsil Nazirliyi ilə "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq. “Virtual məktəb” layihəsi üzrə müəllimlər tərəfindən həftəiçi teledərslərin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə biləcəklər. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdıracaq. Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir”.

S.QARAYEVA

 





02.04.2020    çap et  çap et