525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

"Statusman"

Status-esselər və sms-esselərdən ibarət "Qələmsiz yazılanlar" kitabını çap etdirəcəyimlə bağlı anons verəndən sonra Sumqayıtdakı dostlar mənə yazmışdılar ki, bizdə bir dəfə belə təşəbbüs olub, Sumqayıtda yaşayan həkim Hümbət Quliyev "Statusman" adlı kitab nəşr etdirib. Düzü, o vaxt elə də diqqətə almamışdım. Feysbuk dostluğumda olmadığına görə, onun statusları ilə də tanış deyildim.

Fevralın 29-da Əli Kərim adına Sumqayıt Poeziya evində "Qələmsiz yazılanlar" kitabımın təqdimatı keçirildi. Tədbirin sonunda bir nəfər yaxınlaşıb "Sumqayıtın dostları" klubu adından hədiyyə olaraq Hümbət Quliyevin "Statusman" kitabını mənə təqdim elədi.

Karantin günlərində imkan tapıb həmin kitabı oxudum. Açığı, məndə xeyli xoş təəssürat yarandı və bu kitabla daha öncədən tanış olmadığıma təəssüfləndim. Hümbət Quliyevlə "Statusman" kitabı vasitəsilə qiyabi tanışlığım məni sevindirdi.

Hümbət Quliyev 1972-ci ildə Sumqayıtda orta məktəbi bitirib. Bakıda və Rusiyada tibbi təhsil alıb. Moskva və Leninqradda hərbi tibbi müəssisələrdə çalışıb. Beş il Almaniyada hərbi həkim işləyib. Berlin biznes məktəbini bitirib. Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb və hazırda Sumqayıtda yaşayır, özəl bir şirkətin təsisçisi və rəhbəridir.

Kitabdan oxuduğuma görə, Hümbət Quliyev 2016-cı ildən Feysbukdadır. Feysbuk və onun mahiyyəti ilə bağlı çox fikirlərimiz üst-üstə düşür. Məsələn, müəllif deyir:

"Feysbuk sözün yun kimi çırpıldığı məkandır.

Feysbuk bir günlük qəhrəmanlıq məkanıdır.

Dostlar, Feysbukda status yazmağın çox asan yolu var: ya qeyri-adi şeylər haqqında adi yazırsınız, ya da adi şeylər haqqında qeyri-adi".

Misal çəkdiyim bu statuslarda, xüsusən sonuncusunda Feysbuk şəbəkəsindəki cəlbediciliyin, Feysbukun təsirinin, burda necə yazmağın yolu bir cümləylə aydın izah edilib.

Hümbət Quliyevin zəngin həyat təcrübəsi var. Bir çox xarici ölkələrdə işləyib, müxtəlif xalqların arasında yaşayıb və xalqlar arasındakı psixoloji fərqləri görmək, hiss etmək baxımından böyük təcrübə qazanıb. Kitabda bir çox məsələlər barədə orijinal fikirləri yer alıb - burada aforizm kimi bir cümləlik statuslar da var, böyük hekayələr də, hansısa məsələlərə münasibət də. Müəllifin yaşadığı şəhər, onun tarixi, atributları, Sumqayıtdakı heykəllər, şəhərin simvolu - göyərçin heykəli, "Sumqayıt" sözünün izahı və əfsanə barədə, əfsanənin təbliği və qəhrəman Sumun kiçik heykəlciklərinin yaradılması ilə bağlı fikirlərini, həmşəhərlilərinin həyat tərzi, şəhərə münasibəti haqda düşüncələrini maraqla oxudum. Hiss olunur ki, o, Sumqayıtı dərin məhəbbətlə sevir və şəhərə çox bağlıdır.

Onun həkim kimi müxtəlif xəstliklərlə bağlı statusları da maraqlı və insanlara praktik kömək baxımından çox faydalıdır. Məsələn, müəllif adicə qızılgülün hansı xəstəliklərə dərman olmağı, insan həyatındakı rolu barədə çox maraqla söz açır.

Kitabda qalstuk taxmağın göz xəstəliklərinə səbəb olması, gözü zəiflətməsi, yaxud da mənim eşitdiyim, amma görmədiyim, Sumqayıtda məşhur olan "ikiqat dolma" haqda maraqlı statuslar da var. Müəllif söz açdığı bütün hadisələrə həm həkim, həm də bir yazıçı kimi fərqli rakuslardan yanaşır və bəzən toxunduğu mətləbə bir az yumor qarışıq anlamlar da verir. Məsələn, qədim vərdişlərimizdən olan, anaların uşaqlarını belinə şəlləməsi haqda danışırkən, müəllif məsələni həkim kimi tibbi cəhətdən əsaslandırır və bunun körpələrə faydasından da söz açır. Bir başqa statusunda isə meyvələrin ardıcıl yetişməsini mənalandırır və gətirdiyi arqumentlərlə oxucunu inandırmağı bacarır. Göz həkimi kimi qara eynəyin orqanizmə fəsadlarına diqqət çəkir, onun insanların ünsiyyətinə vurduğu ziyanlardan bəhs edir.

Müəllifin hazırcavablığın, iti yumorun insan psixologiyasında rolu, insan münasibətlərinə təsiri barədə də maraqlı mülahizələri var. Təsadüfi deyil ki, elə onun özü də bəzi statuslarında proseslərə iti yumorla yanaşır, çatışmayan cəhətlərimizə, qüsurlarımıza, klassiklərimiz kimi, yüngül sarkazmla münasibət bildirir.

Kitabda diqqətimi çəkən məqamlardan biri də qadın və sevgi barədə bir çox fərqli və maraqlı fikirlər oldu. Bu fikirlərdə qadına qarşı böyük sevgi hissi ifadə olunmaqla bərabər, eyni zamanda, hərdən yüngül sancmalar da duyulurdu.

Hümbət Quliyev bir çox statuslarında, həkim kimi, millətimizin bədbin, neqativ ovqatı ilə bağlı olduqca maraqlı və tutarlı arqumentlər gətirir və öz fikirləri ilə insanları pozitiv istiqamətə yönləndirir.

Kitabda insan psixologiyası, cəmiyyətimiz barədə düşüncələr, müəllifin xaricdə başına gələn hadisələr və bu hadisələrin Azərbaycan həyatı ilə müqayisəsi kimi məsələlərə də yer ayrılıb.

Şübhəsiz, bu qiyabi tanışlıqdan sonra Hümbət Quliyevi Feysbukda axtarıb tapacam, dostluq göndərəcəm və onu sosial şəbəkədə izləməyi dostlarıma da tövsiyə edəcəm. Bu kitab həqiqətən də mənə çox maraqlı bir insanı tanıtdı. Mən tərəddüdsüz, ona yazıçı deyə bilərəm. Onun yazdıqları ilə tanışlıq mənim Feysbuk statuslarının yeni bir janr olmasına inamımı daha da artırdı. Doğrudan da, bu kitab və kitaba olan reaksiyalar göstərir ki, bütün bunlar yeni dövrün, yeni situasiyanın diktəsi və tələbidir.

Sonda Hümbət Quliyevin "Statusman" kitabından maraqla oxuduğum statuslardan bəzilərini sizlərin diqqətinə çatdırıram:

"Pəhriz saxlamaq bahalı bir işdir. Hər adamın gücü çatmaz".

"Feysbukda çoxları ilə dostluğumuzun uzun müddətli olmasının səbəbi bir-birimizi yaxşı tanımamağımızdır".

"Özünün hər əməlinə bəraət qazandıran insan kamilləşməz".

"Uşağını sünnət edərək, onun müsəlman olmasını araqla qeyd edən həmvətənlərim".

"Qarşı tərəfin sevgisindən sui-istifadə etmək böyük günah sayılmalıdır. Çünki sevgi Allaha məxsusdur".

"Cəhənnəmə xəstə də getsən olar, onsuz da yandıracaqlar. Cənnətə isə mütləq sağlam düşməliyik".

***

"Mədəniyyət" kanalında Seyid Şuşinski haqqında efirə gedən veriliş çox maraqlı, informasiyayla zəngin idi. Sağ olsun yaradıcı heyət.

***

İspaniya karantin rejimini yumşaldır. Sağ əli İtaliyanın başına...

***

Heç nə dəyişməyəcək. Təkcə insanların baş barmağı uzanacaq.

***

Bununla ikinci dəfədir, Məhsəti Musa öz yazısıyla məni sözün yaxşı mənasında diksindirir, heyrətləndirir. Feysbukda bir statusu diqqətimi çəkdi. Onu esse kimi işləyib "525"ə göndərməsini təklif etdim. Beləcə, bir aydır, qəzetə yazmağa başlayıb. Bu gün isə yeni yazısını oxuyub yenə təəssübləndim. Belə çıxır ki, səhv etməmişəm. Maraqlı şeirlər müəllifi, şair, rayonda yaşayan yetkin ziyalı xanım. Və iti müşahidə qabiliyyətinə malik publisist.

Təbrik edir, uğurlar arzulayıram. Yazmağa davam!

***

Trampın Ümumdünya Səhiyyə Təşkilatına ittihamları hələ başlanğıcdır.

Tedros Adhanom Ghebreyesusun başı hələ çox ağrıyacaq.

***

Neçə il əvvəl haqqında eşitsəm də, indiyəcən izləyə bilməmişdim. Karantin günlərdə izləmək qisməti varmış, sən demə. 2017-ci ildə Rusiyanın NTV telekanalında yayımlanan "Sən supersən!" musiqi yarışmasında iştirak edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanovanın hamını heyran qoyan çıxışını deyirəm. Rus dilini bilməyən 17 yaşlı qızcığaza dəstək vermək üçün səhnəyə çıxan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sadəliyi isə xüsusi ehtirama layiqdir. Rusiya tamaşaçılarının sevimlisi olan görkəmli sənətkarımızın yeniyetmə həmyerlimizə səmimi və doğma münasibəti olduqca duyğulu və təsirli idi.

***

Bu sual verən jurnalistlər çıxış edənləri dinləmirlər?!

Adam "nə var, nə yox"un, "nələr olur"un bütün cavablarını verəndən sonra jurnalist qayıdıb soruşur ki:

- Başqa nə var, nə yox?! :)

***

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlını mən də bəyəndim. Yığcam, sərrast, mahiyyəti üzrə danışır. Pozitivi də, neqativi də qədərində çatdırmağı bacarır. Tərifi də ölçüsündədir, problemi qabartması da...

Kadr kimi uğurlu tapıntıdır, peşəkardır.

Ciddi, həm də səmimidir.

Hazır nazirdir.

***

Biri yazıb ki, koronavirusun qənimi "Şipr" odekolonudur. Əllərinizi "Şipr"ləyin! :)

***

Əgər özüm də maraqla baxdımsa, deməli, Aytən xanım Rəhimli məqsədinə çatıb. Müsahibi danışdırmaq jurnalistin məharətindən asılıdır. Üstəgəl, ehtiram, hörmət, diqqət hiss edəndə qonaq daha da açılışır. Karantin günləri öncəsi etdiyimiz söhbət bu gün yayılıb. Çox məsələlərdən danışmışıq, çox adamların adını çəkmişəm. İşarələsəm, geniş bir siyahı alınar. Ona görə də kimin həvəsi olasa, baxsın. Bəlkə adınızı eşitdiniz... :)

***

"Dikdaban"ın aparıcıları səviyyəli və məlumatlı xanımlardır. Müzakirəyə çıxardıqları mövzunu əvvəlcədən öyrənirlər, bilgiləri çoxdur, maraqlı qonaqlar seçirlər. Son günlər qonaqların onlayn qatıldıqları verilişləri də baxımlıdır. Hərdən hər üç aparıcı xanımın eyni vaxtda danışmasının və çərçivədə görünmələrinin qeyri-estetikliyi bir qədər mane olsa da, tamaşaçını cəlb etməyi bacarırlar.

Uğurlar arzulayıram...

***

Dünən "Euronews" kanalı iki nəfər qocanın koronavirusdan sağalaraq xəstəxanadan çıxmaları ilə bağlı süjet verirdi. Kameraların əhatəsində ağır-ağır addımlayan qocalar məyus görünürdülər. Hiss olunurdu ki, sağalmalarından elə də məmnun deyillər...

***

Bir də var pəncərə çərçivəsinin arasına qoyulan kitablar...

***

Evdə qal!

Gecəyarısı qonşular üçün piano çal! :)

***

Canlı insan ünsiyyətini neç nə əvəz edə bilməz.

***

Qəzetlə saytın bir fərqi də odur ki, saytda səhvləri düzəldə bilirsən. qəzetdə isə "yazılana pozu yoxdur"... :)

Sayt işlətmək asan və rahatdır.

***

Kimin layihəsiydisə, sevinə, rahat ola bilər, niyyətinə çatıb, arzuladığı mənzərəni yaradıb; bomboş, məzlum dünya, kimsəsiz küçələr, bədbin adamlar... Həvəssiz, yorğun Günəş...

***

"Ehtiras yoluxucudur!" Həmişə belə fikirləşmişəm. İndi məşhur bestsellerdə bu qənaəti görəndə gülümsədim.

İnsan enerjisi, coşqusu, ehtirası, sevgisi korona kimi olmasa da, ətrafdakıları yoluxdurur. 1-i 5 edir! Adamları silkələyir. Belə misralarım da var:

Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır qüvvətimi, çoxalt gücümü
Sıfırı bir eylə, biri beş eylə!..

Narazı, bədbin, məyus, darıxdıqıcı ovqat ətrafa ancaq qaramat yayır. Ehtirasınızı, coşqunuzu qoruyun!

Evdə qalın, Ruhsuz qalmayın!

***

Dava əgər 7 milyardı azaltmaqdan gedirsə... Qadınlar birdən artıq uşaq doğmasın, dünya əhalisi getdikcə tənzimlənsin Müharibəsiz, virussuz...

 





23.04.2020    çap et  çap et