525.Az

Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu yaradıla bilər


 

Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu yaradıla bilər <b style="color:red"></b>

“Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini tarixi və elmi əsaslarla daha geniş şəkildə dünyaya çatdırmaq üçün daha sistemli fəaliyyət göstərmək üçün Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu yaradılmalıdır”.

APA-nın məlumatına görə, bu təkliflə millət vəkili Fatma Yıldırım çıxış edib.

O bildirib ki, bu gün Ermənistanın Azərbaycanın dilbər guşəsi, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərini işğal etməsindən 28 il ötür: "Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Qədim tarixə malik olan Şuşa yaddaşımızda zəngin tarixi keçmişi  və mədəniyyət abidələri, yetişdirdiyi məşhur şəxsiyyətləri ilə tanınan məkan kimi dərin izlər buraxıb. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli musiqiçilərinin, böyük bəstəkarların və sənətkarların  vətənidir. Bu torpaqda olan qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Təəssüf ki, işğal nəticəsində ermənilər Şuşada bütün mədəniyyət abidələrini məhv ediblər”.

Millət vəkili bildirib ki, bu gün işğalçı Ermənistan diplomatik cəbhədə, informasiya müharibəsində Azərbaycana uduzur: "Bu müstəvidə mübarizəmizi davam etdirməliyik. Biz millət vəkillərinin, əsas vəzifələrindən biri də Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini tarixi və elmi əsaslarla daha geniş şəkildə dünyaya çatdırmaqdan ibarətdir. Çünki beynəlxalq ictimaiyyət tarixi və elmi əsaslı məlumatlara üstünlük verir. Xaricdə diaspor fəaliyyəti ilə məşğul olduğum zamanlarda bu reallığın şahidi olmuşam.

Ona görə də, düşünürəm ki, bu istiqamətdə daha sistemli fəaliyyət göstərmək üçün Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu yaradılmalıdır. Buraya yerli və xarici mütəxəssislər, alimlər, tarixçilər  cəlb olunmalıdır. Belə bir elmi institut və ya mərkəz Qarabağın tarixini geniş şəkildə araşdıraraq dünya ictimaiyyətinə əhəmiyyətli elmi-tarixi əsərlər təqdim etməlidir. Əlbəttə, indiyə qədər bu istiqamətdə alimlərimiz tərəfindən bır sıra dəyərli əsərlər yazılıb, nəşr edilib. Bununla belə hesab edirəm ki, belə bir institutun yaradılması vacibdir və ümummilli problemimiz  olan bu məsələyə daha da böyük töhfələr verə bilər”.

F. Yıldırım qeyd edib ki, bugün şuşalılar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın, o cümlədən Şuşamızın erməni işğalından azad olunacağına inanır: ”O torpaqları yenidən qarış-qarış gəzmək və doğma torpağın qoxusunu duymaq bütün xalqımızın arzusudur. Dövlətimiz bu problemin sülh yolu ilə həlli üçün bütün imkanlarını illərdir səfərbər edib, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan xalqı Şuşanın azad olunacağı günü səbrsizliklə gözləyir. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızı tərk etməzsə, müstəqil Azərbaycan Respublikasının qüdrətli ordusu öz gücü ilə bu məsələni həll etməyə qadirdir”.

 





08.05.2020    çap et  çap et