525.Az

Naxçıvan Muxtar Respublikası: Dinamik iqtisadi inkişaf və etibarlı potensial


 

Naxçıvan Muxtar Respublikası: <b style="color:red">Dinamik iqtisadi inkişaf və etibarlı potensial </b>

Azərbaycan Respublikasında möhkəm iqtisadi baza üzərində davam etdirilən milli iqtisadi quruculuq prosesləri özünün sosial mahiyyəti ilə də daha çox önəm kəsb etməkdədir.
 

Əldə olunan olunan uğurlar bütün regionlar üzrə artan tələbatların etibarlı şəkildə qarşılanmasına istiqamətlənərək, güclü infrastruktur potensialı fonunda istehsalın fasiləsizliyini təmin etmiş və bu, əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaratmışdır. Artıq hər bir region istehsaldan istehlaka qədər kəsintisiz iqtisadi potensiala malik inkişaf yolu keçməkdə, dövlətin bu yöndəki dəstəyi ilə əhatə olunmaqdadır. Nəticədə isə, zaman-zaman hətta dünya iqtisadiyyatı üçün təhdidə çevrilən tənəzzül meyllərindən qorunmaq üçün makroiqtisadi müqavimətliliyin güclənməsi istiqamətində dayanıqlı bazanın yaradılması prosesləri daha da əlçatan olmaqdadır.


Ölkənin milli iqtisadi quruculuq proseslərində uğurla iştirak edən, onun regional iqtisadi siyasətinin səmərəliliyinin yüksəldilməsində mühüm rola malik olan Naxçıvan Muxtar Respublikası davam edən sosial-iqtisadi inkişafı ilə daha da önəm kəsb etməkdədir. Məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi, iqtisadiyyatın bütün sahələri üzrə səmərəli olacaq layihələrin reallaşması, insanların məşğulluq imkanlarının artırılmasına yönəldilmiş tədbirlərin üstünlük təşkil etməsi və s. genişmiqyaslı tədbirlər mövcud sosial-iqtisadi bazanın artan perspektivlərə yol açmasına istiqamətlənmişdir.


Təbii ki, əsas məqsəd, ölkədə həyata keçirilən iqtisadi islahatlarla ayaqlaşan və nəticə etibarı ilə daha məhsuldar göstəricilərlə müşayiət olunan proseslərin düzgün təşkili və idarə olunmasından ibarətdir. İstər keçdiyimiz, istərsə də hazırkı dövrlərin sosial-iqtisadi nəticələrinə diqqət edəndə aydın olur ki, muxtar respublikada yaradılmış sağlam iqtisadi mühit özünün dayanıqlığı ilə seçilir və davamlı xarakterə malikdir. Bu isə, həm də mövcud pandemiyadan əvvəlki mərhələ üzrə bazanı, indiki mərhələ üzrə məqsədyönlülüyü və sonrakı mərhələlər üzrə perspektivliliyi daha da gücləndirməkdədir.


Artıq 2020-ci ilin yanvar-aprel ayları da geridə qalmaqdadır. Əvvəlki dövlərin sosial-iqtisadi göstəricilərinə baxarkən iqtisadiyyatın sosialyönümlülüyü və onun daha çox əhalinin firəvanlığının güclənməsi sahəsindəki tədbirlərə istiqamətləndiyi görünməkdədir. Burada həm də regional inkişaf proqramlarının səmərəli icrasının yaratdığı əlverişli şərait də mühüm təsirə malik olmuşdur. Hazırkı ilin ötən dörd ayında da əldə olunan sosial-iqtisadi inkişaf məhz bu əsasda qorunmuş və iqtisadi artım təmin olunmuşdur. Belə ki, yanvar-aprel aylarında muxtar respublikada 743 milyon 26 min 800 manat həcmində Ümum Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur. Təbii ki, bu göstərici ötən illərin eyni dövrünün göstəriciləri ilə müqayisədə artıq olmuşdur. Xüsusilə də, sözügedən Dövlət Proqramlarının üçüncü mərhələsinin başlandığı 2014-cü ilin yanvar-aprel aylarının makroiqtisadi nəticələri ilə müqayisədə bu görünməkdədir. Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində istehsal olunan ÜDM-nin həcmindəki artım 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,3 dəfə və ya 27,2 faiz artmışdır.


İqtisadi inkişafın təmin olunması daha çox bir tərəfdən artan perspektivlər vəd edən tədbirlərin regionlara doğru şaxələndirilməsi, digər tərəfdən də onun səmərəli nəticələrinin isə regionlardan mərkəzə doğru genişlənməsi ilə ifadə olunmaqdadır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının əldə etdiyi sosial-iqtisadi uğurları həm də ölkəmizin məqsədyönlü regional inkişafı və davamlı milli iqtisadi quruculuq prosesləri fonunda strateji əhəmiyyətli göstərici olaraq dəyərləndirmək olar. Belə bir potensial imkan verir ki, dövlət öz vətəndaşlarının daim diqqət və qayğı ilə əhatə olunmasına nail ola bilsin və onu təmin etsin. 2020-ci ilin dörd ayının sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət edərkən aydın olur ki, makroiqtisadi göstəricilər sosial dayanıqlığa verdiyi təkanla müşayiət olunmuş və bu, özünü əhalinin sosial müdafiəsinin güclənməsində göstərməkdədir. Təhlillər göstərir ki, hazırkı ilin ötən dörd ayı ərzində muxtar respublikada istehsal olunan ÜDM-nin hər bir nəfərə düşən həcmi qeyd olunanların gerçək təsdiqi olmuşdur. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında bəhs olunan göstəricinin həcmi 1615,3 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin eyni göstəricisindən 1,2 dəfədən çox və ya 20,6 faiz artıq olmuşdur.


Milli iqtisadiyyat üçün mühüm göstərici olan bu amillər ölkə iqtisadiyyatının təkanverici qüvvəsinə çevrilmişdir. Onun aparıcı sahələrinin islahatlar fonunda inkişafı, sənaye əhəmiyyətinin yüksəldilməsi, aqrar təsərrüfatçılığın çoxşaxəliliyinin təmin olunması ona həm də yeni mahiyyət qazandırmaqdadır. Sənayeləşmə siyasəti, sosiallaşma prosesləri kimi anlayışlar artıq milli iqtisadiyyatımızın ayrılmaz tərkib hissəsini təşkil etməkdə, bu isə öz növbəsində zəncirvari əlaqədə olmaqla kəndlərin iqtisadi inkişafı üçün əlverişli mühitin təsisatlarını yaratmaqdadır. Çox əlamətdar haldır ki, muxtar respublika iqtisadiyyatının inkişafında bütün sahələrin özünəməxsus rolu və əhəmiyyəti vardır.


Fikrimizi təsdiq etmək üçün sənayenin məhsuldarlıq göstəricilərinə istinad edə bilərik. Ardıcıl inkişaf vəziyyətinə görə ÜDM-nin strukturunda ilk yerdə olan bu sahənin perspektivləri artmaqdadır. Qeyd edək ki, müasir dövrdə sənayenin inkişafı digər sahələrin də fəallığının bariz göstəricisi olaraq çıxış edir. Çünki, burada təmin olunan artım sahələrarası inteqrasiyanın səmərəli nəticələrini ifadə etməkdədir. Bu isə, bütün sahələr üzrə düzgün əlaqələndirmənin mümkünlüyünə əlverişli zəmin açmaqdadır. Bununla yanaşı, sənayenin inkişafı ölkənin regional inkişafının hərəkətverici qüvvəsi olaraq artan mahiyyət kəsb etməkdədir. Belə ki, son illərdə Sənaye Parkları və Məhəllələrinin yaradılması proseslərində daha çox regionların çəkisinin artması həm də demoqrafik tarazlığın qorunmasında qətiyyətli addımların atıldığını göstərməkdədir. Naxçıvan Muxtar Respublikasında da Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında dövlət başçısının 13 sentyabr 2019-cu il tarixli Fərmanı bu sahədə keyfiyyətcə yeni mərhələnin əsaslarını yaratmışdır. Qeyd edək ki, Fərmanın 7-ci bəndinin yarımbəndlərində müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri” ifadəsindən aydın olur ki, muxtar respublikada qarşıdakı dövrlərdə də Sənaye Məhəllələrinin yaradılması proseslərinin davam etdirilməsi təmin oluna bilər. Təbii ki, bu, regional inkişaf, məşğulluq, məskunlaşma, sosial-iqtisadi inkişaf və s. anlayışlara yeni ruh verəcəkdir. Bu yöndəki proseslərin düzgün təşkilinin nəticəsidir ki, təkcə 2020-ci ilin dörd ayı ərzində muxtar respublikada 337 milyon 363 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur. Bu da müvafiq olaraq, 2014-cü il üzrə eyni dövrün göstəricisindən 1,2 dəfə və ya 19 faizdən çox artıq olmuşdur.


İqtisadiyyatın əsas və aparıcı, həmçinin onun sosialyönümlülüyünü artıran sahələrindən birini də kənd təsərrüfatı təşkil etməkdədir. Bu sahə hazırda ölkənin uzunmüddətli hədəf və prioritetlərinin reallaşmasında və əhalinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin olunmasında böyük əhəmiyyətə malik olmaqdadır. Ona görə də istər ölkəmizdə, istərsə də onun bütün regionları kimi Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafına dəstək olacaq tədbirlərin, zəruri infrastruktur tədbirlərinin həyata keçirilməsinə ciddi yanaşılır, bu sahədə səmərəli tənzimləmə reallaşdırılır. Təbii ki, kənd təsərrüfatının inkişafı bütün tərəfləri ilə yanaşı, öz növbəsində həm də məskunlaşma siyasətinin səmərəli təşkilində, məşğulluq imkanlarının artmasında, sosial dayanıqlığın daha da güclənməsində aqrar sferanın rolunun artmasına səbəb olmaqdadır. Digər tərəfdən, kənd yerlərində yaşayan zəhmətkeş insanların təsərrüfat fəaliyyətlərinin düzgün və məqsədyönlü qurulmasında, ərzaq (və ya iqtisadi) təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin həyata keçiridiyi tədbirlərə dəstək olunmasında həmin sahənin mühüm əhəmiyyətini vurğulamaq olar. Qeyd edək ki, kənd təsərrüfatının davamlı inkişafının təmin olunması həm də iqtisadiyyatın digər sahələri üçün mezoiqtisadi baxımdan mühüm əhəmiyyət daşımaqdadır. Eyni zamanda, yeni hədəflər baxımından turizm sənayesinin inkişafında bu sahənin aktuallığı özünü göstərir və nəticə etibarı ilə əldə olunan uğurlar ümumilikdə, kənd təsərrüfatı məhsullarının da dinamik artımına səbəb olmaqdadır. Statistik məlumatlara istinad edəndə 2020-ci ilin yanvar-aprel aylarında muxtar respublikada 42 milyon 248 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 1,3 dəfədən və ya 32 faizdən çox artmışdır.


Milli iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər həm də çoxşaxəlilik əsas götürülməklə daha etibarlı şəkildə öz nəticələrini verməkdədir. Bu, Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafında da özünün əhatəliliyi ilə daha çox seçilməkdədir. Əlbəttə ki, iqtisadiyyatın sahələri üzrə inkişafın əldə olunması məntiq baxımından da istehsalın fasiləsizliyini və bu isə, məşğulluq təminatını ifadə etməkdədir. Digər tərəfdən, belə bir dinamika həm də iqtisadiyyatın bölmələri baxımından mikro, mezo və makro səviyyələrdəki perspektivləri də gücləndirməkdədir. Təbii ki, bu da yeni iş yerlərinin açılması, tələbatların qarşılanması ilə yanaşı, həm də iqtisadi islahatların əhəmiyyətini və hədəflər üçün səmərəsini daha da artırmaqdadır. 2020-ci ilin ilk dörd ayı üzrə əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturuna diqqət edəndə aydın olur ki, həm regional inkişaf proqramlarının, həm də digər sahəvi tənzimləmə vasitələrinin yaratdığı əlverişli mühit nəticəsində dinamik artım təmin olunmuşdur. Təhlillər göstərir ki, Nəqliyyat sektorunda yük daşınması 1,1 dəfə və ya 9,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 1,2 dəfə və ya 15,6 faiz, o cümlədən, mobil rabitənin həcmi 1,1 dəfə və ya 9,6 faizdən çox, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,5 dəfədən və ya 52,2 faizdən çox, əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 1,3 dəfə və ya 26,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının həcmi isə 1,4 dəfə və ya 37,3 faizdən çox artmışdır.


Beləliklə, 2020-ci ilin yanvar-aprel aylarında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı davamlı xarakterə malik olması ilə təşəkkül tapmışdır. Sosial dayanıqlığın və islahatların səmərəliliyinin gerçək ifadəsinə çevrilən bu göstəricilər növbəti dövrlər üzrə daha məhsuldar nəticələrə yol açacaqdır. Digər tərəfdən, iqtisadiyyatın müqavimətlilik qabiliyyətinin artmasında mövcud potensialın əhəmiyyəti daha böyük olacaq.

 





17.05.2020    çap et  çap et