525.Az

Boloniya prosesi - təhsilin dostu, yoxsa düşməni?


 

Boloniya prosesi - <b style="color:red">təhsilin dostu, yoxsa düşməni?</b>

2001-ci ildən etibarən Azərbaycanın Avropa Şurasına üzv olması ölkəmizin Avropaya inteqrasiyasını sürətləndirdi.


Avropaya inteqrasiyanın tərkib hissəsi kimi Azərbaycanın Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya təhsil prosesinə qoşulması respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə keçidi yolunda mühüm addım oldu.

 
Nədir Boloniya prosesi?

 
Boloniya sistemi 1970-ci illərin ortalarında, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnaməni qəbul etdiyi vaxtlarda yaradılıb.


Qeyd etmək lazımdır ki, təhsildə Boloniya prosesinə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunan konfransda 4 ölkə - Almaniya, İtaliya, Böyük Britaniya və Fransa təhsil nazirləri tərəfindən "Sarbonna Bəyannaməsi"nin qəbulundan sonra başlandı.


Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə İtaliyanın Boloniya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsili məkanı" bəyannaməsi və ya Boloniya bəyannaməsi qəbul olunur. Hazırda bu prosesə 45 ölkə qoşulub. Sənəddə ikipilləli təhsil, təhsilin keyfiyyət amilinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomların Avropa ölkələri tərəfindən tanınması və digər müddəalar əksini tapıb. 2004-cü ildə Avropa Şurası Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində təşkil olunan Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransında xüsusi bəyannamə qəbul edildi.


Boloniya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Rusiya Boloniya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Boloniya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.


Ölkələr Boloniya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Bu zaman həmin ölkələr müəyyən öhdəlikləri üzərilərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti var: 2005-ci ildən Boloniya sisteminin iştirakçısı olan bütün ölkələrin məzunlarına havayı bakalavr və magistr diplomlarına olan yeganə əlavəni vermək.


Boloniya prosesinin aşağıdakı prinsipləri var:


*
Hamının başa düşdüyü və qəbul etdiyi təhsil dərəcələrinə (bakalavr, magistr) aparan sistemin yaranması.


*
Əsasən iki pilləli bakalavr (BA), magistr (MA) təhsil sisteminin tətbiqi.


*
Avropa Kredit Transfer Sisteminin (ildə 60 kredit yığmaq) tətbiqi.


*
Mobilliyin təmin olunması (məs.: Erasmus proqramı).


*
Təhsildə keyfiyyətin təmin olunması sahəsində Avropa ölkələrinin əməkdaşlığı.


*
Ali təhsildə Avropa modeli (Bunlar 1999-cu ildə Boloniya Bəyannaməsində qəbul olundu).


*
Ali təhsilə ömür boyu yiyələnmək prinsipi.


* Ali təhsil müəssisələrinin və tələbələrin rolunun cəmiyyətdə artırılması.


* Avropa Ali Təhsil Məkanının dünyada maraq oyatması (Bunlar Praqa konfransında (2001-ci il) əlavə edilib)


* Avropa Ali Təhsil Məkanının Avropa Elmi-Tədqiqat Məkanına inteqrasiyası, yəni 3-cü təhsil pilləsinin - Ph.D-nin Boloniya təhsil sistemi kimi qəbulu (Berlin, 2003-cü il).
 

Azərbaycan təhsili və Boloniya prosesi 


Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan dövləti cəmiyyətin inkişafında birmənalı olaraq əvəzsiz sayılan təhsil sahəsinin Avropa təhsil məkanına inteqrasiyasını prioritet elan etdi.


Azərbaycan bu prosesə qoşulmaq üçün ilk addımlarını 2004-cü ildən atmışdı. Belə ki, həmin ildə Boloniya prosesinə qoşulmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan hesabat Avropa Komissiyasına təqdim edildi. 2005-ci ilin mayın 19-da Bergen şəhərində keçirilən konfransda Boloniya prosesinin həqiqi üzvü seçildi. Hazırda 26 ali məktəbdə (21-i dövlət, 5-i özəl) ayrı-ayrı ixtisaslar üzrə kredit sistemi tətbiq olunur. Bununla bağlı normativ-hüquqi sənədlər qəbul olunub. 2010-cu ilədək ölkənin bütün ali təhsil müəssisələrində bu sistemin bütövlükdə tətbiqi nəzərdə tutulurdu.


Bu sistem ilk dəfə ölkəmizdə 2006-2007-ci tədris ilinin birinci kurslarına qəbul olunanlara şamil edildi. Sənəd "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu"nun hazırlanması əsasında reallaşdı. Həmin sənədə əsasən ali təhsil müəssisələrində fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldıldı, tələbələr tərəfindən seçilən fənlərə ayrılan saatların miqdarı isə 5 faizdən 20 faizədək çoxaldıldı, nəzəri həftələr 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə, humanitar fənlər sayına görə 10-dan 3-ə endirildi. İxtisaslardan asılı olaraq istehsalat təcrübəsi 18 həftə çərçivəsində müəyyən edildi.


Yeni sistemin əsas şərtlərinə ali təhsildə keyfiyyət göstəriciləri səviyyəsinin qaldırılması, kredit sisteminin tətbiqi ilə bərabər, daha iki əsas funksiya - tələbələrin öz mobilliyini təmin etmək və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları da daxildir. Qaydalarda kredit sistemində təhsil alan tələbələr üçün auditoriya və auditoriyadankənar dərs yükünün həcmi 45 saat nəzərdə tutulur. Bir kredit 15 və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər tələbə bir semestrdə 30 kredit müəyyənləşdirə bilər. Yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavr pilləsində tələbələrin 200-250 kredit yığması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə müvafiq fənn imtahanından müvəffəq qiymət almış olsun.


"Boloniya" təhsilimizə ziyan vurur?


Bu sistemin müsbət tərəfləri kimi, mənfi tərəfləri də yox deyil. Məsələn, "Neue Zurcher Zeitung" alman qəzetinin yazdığına görə (aprel 2007-ci il), yeni sistemə birinci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini gizlətmirlər. Təhsilin standartlaşdırılmasının və ECTS bal sisteminə girişin daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər.


Buna görədir ki, ölkəmizdə də Boloniya sistemini müsbət qəbul etməyən ali məktəb müəllimləri, professorlar, təhsil ekspertləri heç də az deyil. İllərdir ki, müxtəlif mətbuat orqanlarında onlardan bəzilərinin fikirlərini oxuyur, eşidirik. Bu dəfə etiraz edənlərdən biri Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli oldu. O deyir ki, bu, artıq qüvvə, artıq ştat tələb edən bir sistemdir: "Uzun illərin Universitet müəllimi kimi qazandığım az-çox pedaqoji təcrübədən çıxış edərək etiraf edim ki, Boloniya təhsil modeli tələbələrin yüksək səviyyədə savadlanmasına, bilik almasına heç bir yenilik gətirmədi. Azərbaycanın bir sıra təhsil ekspertlərinin də fikri belədir. Boloniya artıq qüvvə, artıq ştat tələb edən bir sistemdir. Hər hansı bir fəndən kəsiri olan tələbənin həmin fəndən növbəti semestrdə dərslərdə oturması, bunun üçün əlavə rüsum ödəməsi kimi artıq zaman və artıq xərc problemi səmərə verməyən havayı zəhmətdir. İmtahandan qeyri-kafi qiymət alan tələbə illərlə bu fəndən yenidən imtahana gələ bilər, kefi istəsə, illər sonraya saxla bilər və sair".


Professor bu sistemin müəllim-tələbə ünsiyyətinə ziyan vurduğunu da iddia edir: "Bilirsinizmi, hər xalqın öz mental xarakteri var. Məsələn, "Boloniya" tələbəyə çox müstəqillik verir: dərsdə iştirak edə də bilər, etməyə də bilər. Axırda imtahan məsuliyyəti var. Amma inanın ki, bu qayda bizdə olduğu kimi tətbiq edilsə, tələbənin böyük bir qismi dərsə gəlməyəcək. İmtahana nə var ki, dərsliyi, mühazirəni əzbərləyib verə bilər. Amma müəllim-tələbə ünsiyyətini heç nə əvəz edə bilməz. Bizdə tələbənin dərsə gəlməsi qəti tələb olunur. "Boloniya"dakı bir çox qaydaları dəyişərək onunla işləmək məcburiyyətindəyik. Mənə elə gəlir ki, tələbəni Azərbaycan müəllimləri ürəkdən çox istəyən insanlardır. Ancaq tələbəyə bu qədər "azadlıq" vermək onların çalışma məsuliyyətini azaldır.


Bu gün dünyaya öz fizikası ilə meydan oxuyan Almaniya, Rusiya kimi ölkələr Almaniya təhsil modeli ilə tədris işi aparırlar. "Boloniya" isə, deyəsən, elə boloniyalıların özlərinin də yadından çıxıb. Dörd il aktiv, üç il passiv statusu ilə "oxuyan" tələbə universitetdən xaric ediləndən 15 il müddətində yenidən bərpa olunur. Arxayınçılıq belə qaydalardan doğur. Bir sözlə, təhsilin Almaniya məktəbindən imtina etmək bizə çox zərər verdi".


Lakin Azərbaycanda Boloniya təhsil sisteminin doğru tətbiq olunmadığını, əgər doğru tətbiq olunarsa, bu sistemin çox faydalar verəcəyini müdafiə edənlər də az deyil. Təhsil eksperti Kamran Əsədov Boloniya sisteminin lazım olub-olmadığının deyil, bizim bu sistemdən niyə doğru yararlana bilmədiyimizin sorğulanmalı olduğunu bildirir: "Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var. Mövcud standartlar həmin sistemdə əhatəli və səmərəli formada əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycanın təhsil məkanında məhz Boloniya prosesinə xüsusi önəm verilir. Boloniya sisteminin üstünlükləri sırasına daha operativ və müasir biliklərlə silahlanmaq, təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq imkanı da daxildir. Boloniya prosesi təhsil müddətində qazanılan bilik, bacarıq və vərdişlərin səmərəli olmasına xidmət edir. Təhsildə yeni texnologiyaların tətbiqinə, internet resurslarından istifadəyə, tələbələrin sərbəst hazırlığı ilə bərabər, qazandıqları nəzəri billikləri praktikada reallaşdıra bilmək bacarığına üstünlük verən bir prosesdir.


Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə Boloniya prosesinin tələblərinə uyğun fəaliyyət göstərən ilk ali təhsil ocağı sayılır. Boloniya sisteminin faydasız olduğunu iddia edənlərə xatırladım ki, bu sistemin əsas məqsədlərindən biri, ali təhsil alanların imkanlarını oxuduğu təhsil müəssisəsi ilə məhdudlaşdırmamaq, mobilliyi artıraraq dünyanın bu prosesə qoşulan istənilən ölkəsində təhsilini davam etdirmək, beləcə, elmini, dünyagörüşünü və dost şəbəkəsini genişləndirməkdir. Başqalarını demirəm, təkcə Azərbaycandan 1000-lərlə tələbə məhz bu prossesə qoşulduğumuz üçün Avropanın ən müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edərək böyük təcrübə, müasir bilik əldə ediblər. Eləcə də çoxlu sayda avropalı tələbə Azərbaycana gəlib mükəmməl ali təhsilimizin səviyyəsinə heyran qalıb.


Sorğulamaq istəyiriksə, bizim bu sistemdən niyə maksimum faydalana bilmədiyimizi sorğulamalıyıq. Misal üçün:


- niyə daxili mobilliyi tam təmin edə bilməmişik?


- niyə tədris proqramlarını, material və vəsaitləri əmək bazarına uyğunlaşdıra bilməmişik?


- niyə özəl sektorla, iş dünyası ilə əməkdaşlıq qura bilməmişik?


- niyə təhsildə keyfiyyətin təminatı sistemini qura bilməmişik?


- niyə nəticə əsaslı təhsil sisteminə keçid edə bilməmişik?


- niyə təhsili elektronlaşdıra bilməmişik?


- niyə tələbə, valideyn və digər maraqlı tərəflər üçün şəffaf və hesabatlı məlumat sistemi qura bilməmişik?..


Nə vaxt ki bu problemləri səmimi etiraf edib üzərində işləməyə başlayacağıq, o zaman inkişafa doğru yelkən açacağıq. Əks halda hər şey olduğu kimi qalacaq..."

 





22.05.2020    çap et  çap et