525.Az

TAP kəmərinin Albaniya hissəsinə qazın vurulmasına başlanıldı


 

TAP kəmərinin Albaniya hissəsinə qazın vurulmasına başlanıldı<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşası çərçivəsində Albaniya ərazisində test rejimində qazın vurulmasına start verilib.

"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, Albaniya ərazisində kəmərin alban-yunan sərhədi və Biliştdə yerləşən qaz ölçü stansiyası arasında olan hissəsinə (4 km) qazın vurulmasına başlanılıb.

Məlumata əsasən, milli və beynəlxalq təhlükəsizlik və istismar standartlarına uyğun olaraq, bu, boru kəmərini sınaqdan keçirmə prosesinin ilkin mərhələsidir. Əsas məqsəd isə infrastrukturun tamamilə təhlükəsiz və istismara hazır olmasını təmin etməkdir.

"Bu hissə istifadəyə verildikdən sonra qaz tədricən gələcək həftələr və aylar ərzində boru kəmərinin Albaniya ərazisindən keçən digər hissələrinə çatdırılacaq", - məlumatda qeyd edilir.

Məlumatda vurğulanır ki, həm istismara verilmə, həm də istismar boru kəmərinin bütövlüyünü və təhlükəsizliyini qorumaq məqsədi ilə TAP fasiləsiz (24/7) monitorinq metodlarından istifadə edəcək və müntəzəm patrul işlərini həyata keçirəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. Aprel ayının axırına olan məlumata əsasən, kəmərin inşa işləri 95,1% yekunlaşıb.

 





22.05.2020    çap et  çap et