525.Az

Nəriman Nərimanovun həyat və yaradıcılığı haqqında sanballı tədqiqat


 

TANINMIŞ ALİM TEYMUR ƏHMƏDOVUN MONOQRAFİK ƏSƏRİ DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB

Nəriman Nərimanovun həyat və yaradıcılığı haqqında sanballı tədqiqat<b style="color:red"></b>

Ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə elə mövzular var ki, ictimai fikir tariximizdə böyük əhəmiyyət kəsb etdiyindən onlara zaman-zaman müraciət olunur, tədqiqata cəlb edilir. Əlbəttə, bunların sırasında ən ümdəsi xalqın tarixi taleyi ilə bağlı olan, milli, bəşəri mahiyyət kəsb edən mövzular, eləcə də görkəmli şəxsiyyətlərin vətən və xalq təəssübkeşliyi uğrunda mübarizəyə həsr etdikləri həyat yoludur.


Belə mövzulardan biri də millətin ictimai şüurunun oyanmasında misilsiz xidmətləri olan, Azərbaycanın bütövlüyü, müstəqilliyi yolunda ömür əridən, eləcə də Şərq xalqlarının azadlığı uğrunda mübarizənin önündə gedən yazıçı, publisist, pedaqoq, görkəmli ictimai-siyasi xadim doktor Nəriman Nəcəf oğlu Nərimanovdur.


Azərbaycanda N.Nərimanov mövzusunu geniş, əhatəli şəkildə araşdıran görkəmli ədəbiyyatşünas alim Teymur Əkbər oğlu Əhmədovdur. Alim vaxtilə keçmiş SSRİ-nin əksər respublikalarının arxiv və kitabxanalarında - Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq, Kazan, Həştərxanda,... N.Nərimanovun həyatı, yaradıcılığı, ədəbi mühiti, maarifçilik görüşləri, pedaqoji və ictimai-siyasi fəaliyyəti ilə bağlı axtarış-araşdırmalar aparmış, xeyli materiallar toplamışdır.


Bəllidir ki, bu gün ədəbiyyatşünaslıqda görkəmli, tarixi şəxsiyyətlərlə bağlı geniş, həm də davamlı olaraq araşdırmalara rəvac verən tədqiqatçılar azlıq təşkil edir. Belə ki, bir namizədlik, yaxud doktorluq işini başa çatdıran tədqiqatçı həmin mövzuda işini bitmiş hesab etdiyindən bu istiqamətdə araşdırmalarına sanki xitam verir. Bu mənada qeyd etməyi vacib sanırıq ki, ədəbiyyatşünas-alim Teymur Əhmədov neçə onilliklər boyu Nəriman Nərimanov mövzusunu geniş aspektdə tədqiq etsə də, işini bitmiş hesab etmir, başqa sözlə, bu gün də Nərimanov irsinin yeni və fərqli aspektdən öyrənilməsi alimin əsas tədqiqat sahəsidir.


T.Əhmədov N.Nərimanovun bütün istiqamətlərdə həyat yolunu, ictimai-siyasi, ədəbi-pedaqoji fəaliyyətini, işıqlandıran dəyərli monoqrafik əsərlər nəşr etdirmişdir.


Onların sırasında Nəriman Nərimanovun dramaturgiyası. (Bakı, Elm, 1971), Nəriman Nərimanov (Bakı, İşıq, 1977), Nəriman Nərimanov (Bakı, Yazıçı, 1982), Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi yaradıcılığı (Bakı, Elm, 2015), Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı. (Bakı, Nurlar, 2019), Nəriman Nərimanov. Kitab-albom (Bakı, Nurlar, 2019), Bir şəhid ailənin tarixçəsi (Bakı, Nurlar, 2019) kitabları geniş oxucu kütləsinə təqdim olunmuşdur.


Yaxın günlərdə Teymur Əhmədovun "Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı (Bakı, Nurlar, 2019)" monoqrafik əsəri Dövlət Mükafatına təqdim olunmuşdur. Ədəbiyyatşünas alimin bu əsəri özünün genişəhatəli tədqiqi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Burda ictimai xadimin həyat yolu, ədəbi mühiti, inqilabi fəaliyyəti, əsərlərinin yaranma tarixi, şəraiti və yaradıcılıq diapozonu sənədlər, səhih mənbə-məxəzlər əsasında elmi-nəzəri-ədəbi mövqedən işlənmişdir.


Böyük şəxsiyyətin "Uşaqlıq və gənclik illəri" maraq doğuran məlumat, hadisələrlə zəngindir. Bütün bunlarla tanışlıq oxucuda ilkin olaraq belə bir fikir formalaşdırır ki, Nərimanın kamil bir ziyalı kimi yetişməsinə onun mənsub olduğu maarifpərvər nəslin, ailə mühitinin və dövrün ciddi təhsil ocağı olan Qori Müəllimlər Seminariyasında təhsil almasının təsiri böyük olmuşdur. Eləcə də rus və Qərb ədəbiyyatı ilə tanışlığı, dünyaya bəsirət gözü ilə baxması onun maarifçilik görüşlərinin, inqilabi, ədəbi, ictimai-siyasi fəaliyyətinin yaranmasında mühüm rol oynamışdır. Tədqiqatçı gənc Nərimanın Qızılhacılı kəndində ilk müəllimlik fəaliyyəti dövründə doğma xalqını ətalət, avamlıq, səfalət girdabından xilas etməkdən ötrü nə qədər çətinliklərlə dolu bir həyat yaşadığını açıb-göstərir, bu yolda fədakarlığını obrazlı şəkildə belə qiymətləndirir: "Nəriman burada zülmət gecənin bağrını yaran şimşəyi xatırladırdı. Onun ziyası qatı qaranlığı parçalayır, qəflətdə yatanları oyadırdı..."


Həyatının Bakı dövrünə qədəm qoyan 21 yaşlı Nəriman xalqının nicat yolunu yalnız məktəbdə gördüyündən bu yolda ideoloji mübarizənin önündə gedirdi. Tədqiqatçı bu yolu diqqətlə izlədiyindən onu "bacarıqlı müəllim, görkəmli yazıçı, tərcüməçi, alovlu publisist və istedadlı aktyor" kimi fəaliyyətinin fonunda tədqiq etmişdir. T.Əhmədov yazır ki, Bakının mədəni həyatında nurlu çıraq olan Nəriman zülmət səltənətini işıqlandırır, həmvətənlərini qəflətdən ayıldır, onlarda ictimai mühitə qarşı tənqidi münasibət oyatmağa çalışırdı... Bu fikirlərdən aydın olur ki, geniş erudisiyaya malik olan gəncin qayəsi doğma xalqını maarifləndirmək yolu ilə xoşbəxt həyata və azadlığa qovuşdurmaq idi. Bu dövr N.Nərimanovun ictimai həyatda həm də axtarışlar dövrü idi. Tədqiqatçı onun Bakı mühitində maarifçilik axtarışlarının mahiyyətini, bu sahədə çalışmalarını, müvəffəqiyyətli addımlarını tədqiq etmişdir. Yazıçının ətrafda baş verən hadisələrə bəsirət gözü ilə baxması, müşahidələri onun bədii yaradıcılığında da öz əksini tapmışdır. Bu illər ərzində N.Nərimanov "Nadanlıq", "Dilin bəlası", "Bahadır və Sona", "Nadir şah" əsərlərini yazır, N.V.Qoqolun "Müfəttiş" əsərini tərcümə edir, eyni zamanda, özünün müşahidəsi, biliyi, pedaqoji təcrübəsi sayəsində 3 adda dərslik yazır. Uşaqlarda danışıq dilini inkişaf etdirmək, onlarda nitq vərdişi aşılamaq üçün bu kitablarda o, hər iki dildə - Azərbaycan və rus dillərində mətnlər, atalar sözləri, hekayələr verməklə şagirdlərin biliyini artırmağa çalışmışdır. T.Əhmədov diqqəti həmin dərsliklərə yönəldir, onları nəzəri, metodoloji təhlilə cəlb edir, N.Nərimanovun maarifçilik görüşlərinin təməldaşı olan pedaqoji fəaliyyətini işıqlandırır.


T.Əhmədovun araşdırmalarından bəlli olur ki, təcrübəli pedaqoq xalqla yaxından ünsiyyət qurmaq, onların dünyagörüşünü artırmaqdan ötrü milli qiraətxana açmağın zəruri olduğunu düşünür. Odur ki, özünün təşəbbüs və səyləri nəticəsində ilk milli qiraətxananın (Nəriman qiraətxanası) açılması zamanı üçün böyük hadisəyə çevrilir. O, fikirlərini mətbuatda dərc etdirməklə maarifçi ziyalılara bir növ çağırış edir, savadsızlığa qarşı mübarizə yollarına aydınlıq gətirir. Tədqiqatçı-alim N.Nərimanovu görkəmli teatr xadimi kimi də xarakterizə edir. Bunun üçün onun yaradıcılıq yolunda apardığı elmi axtarışlar zamanı topladığı xeyli sənədlər, məlumatlar əsasında tədqiqatlarını təhlil müstəvisinə gətirir.


Tədqiqatçı qeyd edir ki, XIX əsrin 90-cı illərində onun təşəbbüsü və rəhbərliyi ilə yerli ziyalı gənclərdən ibarət aktyorlar truppası yaradılmışdır. Haqverdiyev bu hadisəni, ümumən Nərimanovun teatrla bağlı fəaliyyətini yüksək qiymətləndirirdi. S.Qənizadə də öz xatirələrində N.Nərimanovu bacarıqlı həvəskar aktyor, səhnəni böyük ehtirasla sevən teatr xadimi kimi səciyyələndirir, onun baş rollarda məharətli çıxışlarını təqdir edirdi. O zaman N.Nərimanovun Qoqolun "Müfəttiş" komediyasını tamaşaya qoyması cəmiyyətdə böyük maraqla, hərarətlə qarşılanmış, bu barədə "Tərcüman", "Kaspiy" qəzetlərində xeyli məlumat, rəylər dərc olunmuşdur. Bu maraqlı məlumatları ilk dəfə nərimanovşünas Teymur Əhmədov klassik mətbuat səhifələrini zərrəbin dəqiqliyi ilə araşdıraraq elmi-publisistik dilin tədqiq-təhlili ilə təqdim etmişdir. Müəllif öz təhlillərində bildirir ki, N.Nərimanova görə teatrın başlıca vəzifəsi insanların diqqətini ətrafda baş verən hadisələrə cəlb etmək, özbaşınalığa, haqsızlığa və zülmə qarşı onlarda nifrət hissi oyatmaqdır.


Müəllif onun gənclik dövrü fəaliyyətini tədqiq edərkən belə bir qənaətə də malik olur ki, N.Nərimanov ilk gənclik illərindən çoxcəhətli fəaliyyəti - metodist, müəllim, ilk milli qiraətxananın banisi, yazıçı, rejissor, aktyor kimi xalqın etimadını qazanmışdır. Onun bu sahələrin hər birində peşəkar kimi yetişməsini bir tərəfdən dövrün tələbi olduğunu, digər tərəfdən isə gənc Nərimanın şəxsi keyfiyyətlərindən irəli gələn ümdə cəhətlərin - vətəninə, xalqına bəslədiyi tükənməz sevgisi ilə bağlı olduğunu qeyd etmişdir. N.Nərimanov dərk edirdi ki, ana dilində mətbuat olmasa, ziyalıların xalqla sıx əlaqəsi yarana bilməz. Onun "Təzə xəbərlər", "Məktəb" adlı elmi-pedaqoji məzmunlu aylıq jurnal dərc etdirmək məqsədilə Qafqaz senzura komitəsinə dəfələrlə müraciət etməsini, bu xüsusda yazdığı məktub-müraciətləri arxivlərdə araşdırıb üzə çıxarmışdır. Tədqiqatçı mövzu ilə bağlı şəxsi fondlardan əldə etdiyi xatirə və məktubları da tədqiqat materialı olaraq təhlilə cəlb etməklə əsərin daha da oxunaqlı olmasını təmin etmişdir.


T.Əhmədov N.Nərimanovun siyasi fəaliyyətini inqilabi ideyaların beşiyi olan Odessada, Novosibirski İmperator Universitetində, gizli tələbə dərnəklərində izləyir. Rusiyada yenicə başlayan inqilabın dalğaları, tətil, nümayişlər Odessada təhsil alan N.Nərimanovun həyatına öz təsirini göstərir. Tədqiqatlardan aydın olur ki, zəhmətkeş kütlələrin həyat tərzi, mübarizəsi ilə yaxından tanışlıq N.Nərimanovun dünyagörüşünə təsirsiz qalmır. Və o, ilk olaraq bir inqilabçı kimi bu hadisələrin içində yetişir. Müəllif onun əməli fəaliyyətini bütün istiqamətlərdən işıqlandırır. Rusiyada təhsil alan tələbə N.Nərimanov Azərbaycanın bir çox şəhərlərindən məktublar aldığına görə Zaqafqaziyada baş verən hadisələrdən də xəbərdar olurdu.


XX əsrin əvvəllərində "Neft və milyonlar səltənətində" baş verən siyasi tətil və nümayişlər Zaqafqaziya boyunca baş qaldıran ümumxalq hərəkatına yeni vüsət gətirdiyindən N.Nərimanov fəhlələri bu tətil və nümayişlərə cəlb etməkdən ötrü öz fəaliyyətini genişləndirirdi. Tədqiqatçı N.Nərimanovun siyasi fəaliyyətinin əhatə etdiyi sahələrdə onun daim neft mədənlərində, zavod və fabriklərdə fəhlələrlə görüşünü, fəhlə sinfinin haqq işi uğrunda mübarizəyə hazırlanmasına çalışdığını da çox dəyərli məlumatlara əsaslanaraq təhlil etmiş, hadisələrə doğru mövqedən yanaşmışdır. Nərimanovun inqilabi mübarizəyə çağırışını, İran milli hərəkatına qardaşlıq köməyini, onun "İctimaiyun-amiyun"un yaradıcısı kimi "Nicat" maarif cəmiyyətində" fəaliyyətini saralıb qat kəsmiş vərəqlərdən həssaslıqla öyrənib araşdırmış, maraqlı, tarixi əhəmiyyətli məlumatların müşayiəti ilə işıqlandırmışdır. Qafqaz müsəlman müəllimlərinin I qurultayının təsis komissiyasına rəhbərlik edən N.Nərimanovun ictimai tələbləri müzakirəyə çıxarması, bu böyük zəka sahibinin xalqın maariflənməsi yolunda can fəda etdiyini, ictimai şüurun oyanmasına təsirini açıq-aydın göstərir.


Tədqiqatçı bu dövrdə N.Nərimanovun "Həyat", "İrşad" qəzetlərində "Nər", "Arı bəy" imzaları ilə yazdığı felyeton və publisistik məqalələrdə qaldırdığı məsələlərin ideya mahiyyətindən bəhs edir. Göstərir ki, jurnalist bu qəzetlərdən "qabaqcıl ideyaları yaymaq, xalqa həqiqəti başa salmaq və onları inqilabi mübarizəyə hazırlamaq üçün bir tribuna kimi istifadə edirdi". Məhz bu fikirləri işıqlandırdığına görə də tərəqqipərvər ziyalılar bu qəzetləri xalqın nicat, ümid yeri sanırdılar.


Əsərdə N.Nərimanovun "İnqilabçı həkim" kimi də xarakterizə olunması böyük mütəfəkkirin bu sahədə də xalqına xidmətinin bir çox istiqamətlərdən açılmasını səciyyələndirir. Novorossiysk İmperator Universitetinin Tibb fakültəsini bitirib Bakıya qayıdan N.Nərimanovun həkim adının qarşısına "inqilabçı" titulu da əlavə olunur. O, xalqı müalicə etməklə yanaşı, gizli inqilabi fəaliyyətlə də məşğul olur. Həyatının bu səhifələri nə qədər qaranlıq, məxfi olsa da, tədqiqatçı dərin, həm də inadkar axtarışları sayəsində ilk dəfə N.Nərimanovun birmənalı səslənməyən fəaliyyətinə sənədlərin işığında aydınlıq gətirməklə, təzadlı, bir-birinə zidd olan fikirlərə son qoyur. Əldə etdiyi sənədlərin varlığından vəcdə gələn müəllif qənaətini maraqlı formada ifadə edir: "Budur, axtarılan tapılmışdır. Bu tarixi həqiqətin elçisi sanki, Prometeyin insanlara gətirdiyi od parçasıdır. Elə bir od parçsı ki, ürəklərə nur çiləmiş, gözləri açmış, beyinlərdən ətalət dumanını qovmuş, beləliklə, hamını zülmətlər səltənətini tarmar etməyə, azad və məsud həyat uğrunda mübarizəyə qaldırmışdır". Və bu fəaliyyət sahəsi də müəllifin tədqiqatlarına xas olan bir nizam, xronoloji ardıcıllıqla təhlil olunur. T.Əhmədovun sənədlərə istinadən aydınlaşdırır ki, N.Nərimanovun İran inqilabına təkcə maddi və mənəvi köməyin təşkilatçısı olaraq, dövri mətbuatda etdiyi çıxışları ilə deyil, İrana göndərdiyi "Qafqaz mücahidləri"nin köməyi ilə hadisələrin gedişinə istiqamət verməsi, milli azadlıq hərəkatının qələbəsinə çalışması olmuşdur.


İnqilabi mübarizələrdə çətin, ağır yollardan keçən N.Nərimanovun "Həştərxanda sürgün illəri" də mətin inqilabçının fəaliyyətində maraqla izlənilən məqamların ifadəsinə söykənir. Tədqiqatçı bu bölmədə bir çox hadisələrə özünün səhih araşdırmaları ilə aydınlıq gətirir. Elə təkcə mövzuların adlarına diqqət edəndə müəllifin onlarla, bəlkə də yüzlərlə sənədlərin arasında uzun zaman araşdırmalara ömür sərf etdiyini duymamaq mümkün deyil. Diqqət edək: Metex qalasında; "Darül-ədəb" məktəbində və "Şurayi-İslam" cəmiyyətində həkim; Müsəlman teatr dərnəyinin və "Ağ çiçək" mərasiminin təşkilatçısı; qabaqcıl ideyalı tatar ictimai xadimləri ilə dostluq əlaqəsi; İ.İ.Meçnikovla görüş; "Bürhani-tərəqqi" və "Prikaspiyski Kray" qəzetlərində çıxışları... Məkan, zaman, təbəddülatlar dövrü, müxtəlif istiqamətlərdə fəaliyyət proqramları N.Nərimanovun nə qədər gərgin, həm də dolğun, mübariz bir həyat yaşadığını göstərirsə, tədqiqatçının da bu həyatın dolanbaclarında ciddi, məsuliyyətli araşdırmalarından xəbər verir. Və nəticədə N.Nərimanovun fəaliyyət tarixçəsinin bir parlaq dövrü də gözümüzün qarşısından keçib gedir...


1913-cü il. N.Nərimanov yenidən Bakıdadır. "Mübarizələr qaynağında" həkim, inqilabçının üç ildə (1913-1916) xalqına bir çox istiqamətdən xidmətləri araşdırılır. Doktor Nəriman xəstələrini evdə də təmənnasız müalicə edir, dövri mətbuatda tibb elminə maraq oyatmaq üçün məqalələrlə çıxış edir, "xalq universiteti"ndə şəhər əhalisinə elmi-kütləvi mövzularda mühazirələr oxuyur, həmin vaxt yazdığı "Tibb və islam" kitabını yoxsul fəhlələrə pulsuz paylayırdı. Eyni zamanda, bir sıra qəzetlərdə tibbə dair elmi-kütləvi məqalələrlə yanaşı, ədəbi-tənqidi, ictimai-siyasi, publisistik əsərlərlə çıxış edir, yeni məcmuələr açmaq təşəbbüsündə olur. Bu məqalələri araşdırarkən, onun ideyasına bələd olan tədqiqatçı göstərir ki, N.Nərimanova görə insan həyatın, təbiətin sirlərinə bələd olmaq üçün mübarizə aparmalı, yeni elmi fikirlər irəli sürməli, ixtiralar etməlidir. Tədqiqatçı qeyd edir ki, həmin vaxtda N.Nərimanovun rəhbərliyi altında təsis edilmiş "Tənqid gecələri"ndə maarifçi ziyalıların, yazıçıların əsərləri müzakirə olunurdu. Təbii ki, burda keçirilən yığıncaqların məqsədi də Azərbaycan ədəbiyyatında inqilabi demokratik meyllərin artmasına, xəlqilik və realizm uğrunda mübarizəyə müəyyən təsir göstərmək idi. T.Əhmədov bu istiqamətdə apardığı tədqiqatlarında Azərbaycan musiqili teatrının yarandığı ilk dövrlərdən onun fəaliyyətini diqqətlə araşdırmış və göstərmişdir ki, N.Nərimanov teatra qazanc mənbəyi kimi baxanları ciddi tənqid etmiş, teatrın inkaşafına çalışmışdır.


T.Əhmədov N.Nərimanovun "Hümmət" təşkilatında və "Hümmət" qəzetinin fəaliyyətindəki rolunu, mövqeyini də tədqiqata cəlb etmişdir. O qeyd edir ki, çar mütləqiyyəti devrildikdən sonra N.Nərimanov gizli inqilabi fəaliyyət şəraitindən çıxaraq açıq mübarizəyə keçir, fəhlə və kəndlilərə siyasi hadisələrin mahiyyətini başa salırdı. Həmin vaxtda "Hümmət" təşkilatının yaranması və onun siyasi fəaliyyətini işıqlandırmaqdan ötrü təşkilatın adını daşıyan qəzetin nəşr olunması haqqında qərar verilir. Görkəmli ictimai xadimin "Hümmət"in redaktoru kimi jurnalistik fəaliyyətini tədqiq edən T.Əhmədov qəzetin məramını, siyasi motivini, orda dərc olunmuş məqalələrin ideya-mahiyyətini də tədqiqat obyekti olaraq təhlilə cəlb edir. Bu tədqiq-təhlillərdən aydın olur ki, həmin dövrdə qəzet kütlənin gözünün açılmasında böyük rol oynadı, xalqın etimadını doğrultdu. Müəllif haqlı olaraq bildirir ki, "Hümmət" qəzeti N.Nərimanovu redaktor kimi səciyyələndirmək üçün zəngin material verir.


Xalq komissarı N.Nərimanov vətənin və xalqın həyatında müstəsna əhəmiyyət kəsb edən vəzifələrin öhdəsindən bacarıqla gəlmişdir. Belə ki, Bakının dağılmış təsərrüfatını qaydaya salmaqdan ötrü gecə-gündüz yorulmadan çalışmışdır. Onun öhdəsinə aldığı vəzifə olduqca məsuliyyətli və geniş miqyaslı idi. Tədqiqatçı bu vəzifənin əhatə dairəsini birər-birər araşdırmış və göstərmişdir ki, "Nərimanovu ticarət, şəhər nəqliyyatı, təchizat və ərzaq məsələləri ilə yanaşı, xalq maarifi və mətbuat məsələləri də ciddi məşğul edirdi..." Bütün bunlarla yanaşı, Xalq komissarının Bakının neft rayonlarında yeni məktəblər, kurslar, kitabxanalar, fəhlə klublarının açılmasına göstərdiyi qayğı xalqına əsl sədaqət nümunəsi idi.


Əlbəttə, N.Nərimanov xalqda "Gələcəyə böyük inam" yaradırdı. Ancaq inamı doğrultmaq üçün bu mübariz insan böyük çətinliklər, məhrumiyyətlərdən keçmiş, bitib-tükənməyən ağrılar yaşamışdır. Bütün bunlara baxmayaraq, geniş ürəklə daim xalqına xidmətdə olmuşdur. Gələcəyə böyük inamla gedən "qoca Şərqin Nərimanı"nın Moskvaya çağrılması, V.İ.Leninlə görüşü, RSFSR Xalq Xarici İşlər Komissarlığında işləməsi, Bakıda Müvəqqəti Hərbi İnqilab Komitəsinə sədr seçilməsi, Xalq Komissarları Sovetinin sədri kürsüsündə olması, eləcə də Şərq xalqlarının I qurultayı, Azərbaycan əyalətlərində tarixi görüşlər... Və yenidən Moskvaya dəvət olunaraq SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçildiyi gündən Sovet siyasi kursuna inanan böyük əqidə sahibinin fədakarcasına çalışması bu cəfakeş, işıqlı şəxsiyyətin öz taleyində Azərbaycanın taleyini yaşadığının bariz göstəricisidir. İctimai xadimin gördüyü işlərin diapazonunu bu tədqiqatların işığında təsəvvür etmək belə, insanda heyrət doğurur...


Görkəmli nərimanovşünas Teymur Əhmədovun bu monumental tədqiqat əsəri bizdə belə bir fikir yaradır ki, o, sanki Nərimanovun müasiri, silahdaşı, həmkarı kimi, onun bütün həyatını, fəaliyyətini özünün müşahidəsi, fəhmi ilə izləmiş, sonradan tədqiqat materialına çevirmişdir. Yazı boyunca bu monoqrafik əsər haqqında söylədiyimiz fikirlər müəllifin genişəhatəli, dərin məzmun və ideyaya söykənən tədqiqatının ehtiva etdiyi dəyərləri ifadəyə söykənir. Zənnimizcə, Teymur Əhmədovun haqqında bəhs etdiyimiz "Nəriman Nərimanov (Həyatı, ədəbi mühiti, yaradıcılığı") qeyd olunan dəyərli cəhətlərinə görə Dövlət Mükafatına layiqdir.

 





22.05.2020    çap et  çap et