525.Az

Aldatdığım xəyallarım - Esse


 

Aldatdığım xəyallarım - <b style="color:red">Esse</b>

Uşaq idim, uşaq xəyallarım var idi. Hər gün bir fikrə düşər, hər gecə bir xəyal qurub yatardım. Məhəmməd Əlinin kinosuna baxanda boksçu, futbola baxıb yatanda futbolçu, ya da nə kinoya, nə də futbola baxmağa icazə vermədiyi gün tez yəkəlib atam kimi ata olmaq istərdim. Amma mən oğluma səhərə qədər kinoya baxmağa icazə verərdim.
 

Bir də bu uşaq arzularımın arasına yeni insanlar tanımaq, yeni şəhərlər görmək - bir sözlə, dünyanı gəzmək kimi dünya boyda bir arzu sığışdırmışdım. Uşaq idim, amma pulun nə demək olduğunu az da olsa bilirdim. Məsələn, xəyal qurmağın pulsuz olduğunu bilirdim, lakin onu gerçəkləşdirmək üçün pul lazım olduğunu bilmirdim. Bəlkə də bilirdim... Hə? Hardan biləydim e, uşaq deyildim?
 

Böyümüşəm artıq, nə futbolçu olmaq istəyirəm, nə boksçu. Uşaqlıq xəyalım, elə uşaqlığım kimi saflığını və təmizliyini qoruyub saxlasa da, təəssüflər olsun ki, mən böyümüşəm, ruhum kirlənib. Böyüklərin ən yaxşı bacardığı işi edirəm, onlara qarşı yalan danışıram. Nə deyim axı? Deyim ki, bağışlayın, o vaxt balaca idim, bilməmişəm bahalı xəyallar qurduğumu? Bilməmişəm, dünyanı gəzmək üçün imkanlı olmaq lazım imiş, vicdanlı yox? Mən hardan biləydim e, uşaq idim də. İndi də guya yekəlmişəm. Əlimdən gələn iş də xəyallarıma yalan danışmaqdır. Dünyanı gəzmək xəyalımı fərqli ölkələr, fərqli qitələr haqda fərqli yazarlar oxumaqla ötüşdürürəm.


Xalid Hüseyni oxuyuram - əfqan xalqının adət-ənənəsini, dünyagörüşünü, davranışını, sevgisini, nifrətini, dərdini, sevincini, talibanların gəlişindən əvvəlki Əfqanıstanı, sonrakı Əfqanıstanı bilirəm.


Dostoyeviskini oxuyuram - Rusiyaya gedirəm: böyük bir yazıçının qələmində bir xalqı, milləti, onun psixoloji vəziyyətini, əsl rusu, kimliyini bilirəm. İçkiyə düşkünlüyünü, eyni zamanda, dindarlığını bilirəm, halbuki mən təyyarəyə belə minməmişəm. Amma bax, kitablar sayəsində "dünya görmüş" adam oluram.


Oskar Uayld oxumuşam, Mark Levi, Murakami, Oşo və sair və ilaxır. Atışdırmalıq yeməklə mədəni necə aldadarlarsa, mən də xəyallarımı oxuduğum kitablarla o cür aldadıram və bir də xəcalət çəkdiyim bir şey var. Mən ac qalsam ölə bilirəm, kitabsız yox. Axı, mən insanam.

 





22.05.2020    çap et  çap et