525.Az

Yol - Esse


 

Yol - <b style="color:red">Esse</b>

Həyat qatarımızın ən birinci və ən önəmli stansiyası "18 yaş". Ora çatdıqda qapılar açılacaq və biz xarüqələr yaradacağıq və həyatımız çox gözəl olacaq, deyə düşünürük.


Valideyn, müəllim diktəsindən qurtulacaq, həyatımızın ən önəmli qərarlarını özümüz verə biləcəyik. Hətta ən sadələrinin də. Məsələn, çayımızı neçə qaşıq şəkərlə şirin edəcəyimizi, saçımızı necə kəsdirəcəyimizi, yeməyi soyuq ya isti yeyəcəyimizi və s. Bizə böyüklər istədiklərini yeridə bilməz, çünki biz artıq vəsiqəsini almış sərbəst insanlarıq, deyə zənn edəcəyik. Lakin verə biləcəyimiz qərarlar elə xırda qərarlar olaraq qalır, çünki önəmli qərarların məsuliyyətini daşımaq üçün maddi gücümüzün olmadığını, qatara bilet almaq lazım olduğunda anlayırıq. Çünki biletin pulu üçün böyüklərimizə müraciət etməli oluruq.


Qanadlarımız bir balaca aşağı sallanır. Bunu da böyüklərin bizi manipulyasiya edə bilməsi kimi qəbul edirik. Biz öz övladlarımızla belə rəftar etməyəcəyimizi düşünərək, öz-özümüzə ürək-dirək veririk.


Sonra digər stansiyaya yola düşürük. İşə düzələcəyimiz stansiyaya. Burada hər şey əvvəlkindən daha yaxşı olacaq. Axı bizim artıq öz pulumuz olacaq və biz xəyallarımızı gerçəkləşdirə biləcəyik.


Sonra stansiyalar bir-birinin ardınca davam edir. Hər dəfəsində də yeni ümidlər, yeni xəyallar. Ailə quracağıq. Övladlarımız olacaq. Bir, iki, üç. Sonra bir anda özümüzü yorğun hiss edirik. Gücümüzün tükəndiyini düşünürük. Bizə elə gəlir ki, uşaqlarımız gec böyüyür. Qatar sanki yerindən tərpənmək istəmir. Elə gözləmədiyimiz bir anda qatar yenidən yola düşür. Yenidən ümidlənirik. Uşaqlarımız böyüyəcək və biz daha az yorulacaq və onlarla birlikdə özümüzü daha xoşbəxt hiss edəcəyik. Bir anda qatar sürətini artırır. Çox arzusunda olduğumuz məqama çatırıq. Övladlarımız artıq xeyli böyüyüb. İndi onlar sərbəstləşmək istəyir və keçid dövründə biz onlardan gileylənməyə başlayırıq. Onlarla ünsiyyətin çətinləşdiyini düşünürük. Özümüz də hiss etmədən bir zaman bizə qoyulan qadağaları, qaydaları onlara tətbiq edirik. Getdikcə anlaşmaq çətinləşir. Özümüzün o dövrü bir anda yadımıza düşür və düşünürük ki, bu dövr də keçsə bir az rahatlaşacağıq.  Hətta etiraf etməyi cürət etməsək də, qəlbimizin dərinliyində bir zaman bizi anlamaq istəmədiklərini zənn etdiyimiz valideynlərimizə haqq qazandırırıq.


Yolumuz bu təlaşla davam edir. Ailə böyüyür. Yol uzanır. Sıxılmağa başlayırıq. Sonra düşünürük ki, əgər evimiz geniş olsa, daha rahat olacağıq. Hərənin öz otağı, geniş mətbəx, qonaqları toplaya biləcəyimiz geniş qonaq otağı, əla şərait. Bax budur problemlərin həlli, deyə düşünürük. Bir də maşın. Maşınımız da olsa ailəliklə gəzməyə gedə bilərik. Beləcə rahatca zamanı çatdığında  təqaüdə çıxarıq.


Bu düşüncələrlə artıq stansiyaların sayını itiririk. Özümüzü yolun ixtiyarına buraxırıq. Hər stansiyada, hər mərhələdə bizi xüsusi xoşbəxtliyin gözlədiyini zənn edirik. Lakin məsələ burasındadır ki, özünü xöşbəxt hiss etmək üçün xüsusi bir an yoxdur. O an hər andır. İndi deyilsə, nə zamandır?.. Bu cür düşündüyümüz həmin o anda bizə elə gəlir ki, budur, həyatımız indi yenidən başlayır. Əsl həyat. Lakin yenə də hər zamankı kimi yolda qarşımıza çıxan maneələr, maneələr! Hansısa bitirilməmiş iş, bağlanmamış kredit. Bax bunları həll etsək, əsl həyatı yaşamağa başlaya bilərik, hətta çoxdan reallaşdırmaq istədiyimiz xobbimizlə də məşğul ola bilərik, deyə yenə gücümüzü toplayırıq.


Əgər yol boyu diqqət yetirsək görərik ki, əslində, bu cür problemlər sonsuzdur və həyat elə onlardan ibarətdir. Onlar bizə xoşbəxtliyə gedən xüsusi yolun  olmadığını başa salır, çünki xoşbəxtlik özü bir yoldur. Bu yolda biz hər anın qədrini bilməliyik. Xüsusən də onu bölüşəcəyimiz başqa insalar da varsa, bu anlar da daha qiymətli olur, olmalıdır. Bir də vaxt var. Axı o heç kəsi gözləmir. Stansiyada azacıq ləngidinsə, qatar yoluna davam edir və biz sadəcə qaranəfəs ya qatarın dalınca qaçmalı, ya da növbəti qatarı gözləməli oluruq. Bu zamansa bütün planlar, ümidlər alt-üst olur.


Vaxt bir tuneldir. Odur ki, orada nə dayanacağın, nə də fasilənin olmadığını hər an xatırlamalıyıq. Xoşbəxt olmaq üçün məktəbi bitirməyimizi, ali təhsil almağımızı, bu gün gözəl görünmək üçün bir neçə kiloqram arıqlamağımızı, istirahət edə bilmək üçün beşinci günün bitib, həftə sonunun gəlməsini, havadan zövq almaq üçün qışın bitib yazın gəlməsini gözləməməliyik. Həyat davam edən bir yoldur. Problemlərdən birinin digəri ilə əvəz olunduğu, lakin son stansiyasının harada tamamlandığını bilmədiyimiz bir yol. Xoşbəxtlik isə bu yolda görə biləcəyimiz, duya biləcəyimiz, yaşaya biləcəyimiz anlar toplusudur. Bu anlar hər kəs üçün müxtəlif ola bilər. Məsələn, körpəmizin ilk addımı, şaqqanaq çəkərək ilk gülüşü, anamızın gözləmədiyimiz anda, lakin çoxdandı xəyalını qurduğumuz ləziz yeməyi, atamızın nərd oynadığı zaman yaşlandığını və  bizim ondan daha mükəmməl oyunçuya çevrildiyimizi hiss etdirməmək üçün, ona bilərək uduzub, onu uşaq kimi sevindirməyimiz, sevdiyini görə bilmək üçün bir gəncin yolunu iki məhəllə uzatmasına rəğmən, onu görəndə yorğunluğunu unudub üzündə güllər açması, qarpızı ətrafında heç kəs yoxdursa, balacalıqdakı kimi dilimli, şirəsini axıdaraq tez-tələsik yemək və s.


Elə isə işimizi elə işləyək ki, sanki pula heç ehtiyacımız yoxdur. Çünki bu ehtiyac heç bitməyəcək. Qazanc çoxaldıqca xərclər artacaq. Elə sevək ki, sanki qəlbimiz heç vaxt yaralanmayıb və yaralanmayacaq. Çünki bundan hələ heç kəs sığortalanmayıb. Elə rəqs edək ki, sanki bizi heç kəs görmür. Çünki hər zaman bizi bəyənən və bəyənməyənlər olacaq. Hər anın sevinci o ana özəldir və o an sabah təkrarlanmayacaq. Çünki sabah bambaşqa bir gün olacaq.

 





05.06.2020    çap et  çap et