525.Az

Julia Behbudova: "Azərbaycan mədəni irsinin bir parçası olmaqdan çox məmnunam"


 

Julia Behbudova: "Azərbaycan mədəni irsinin bir parçası olmaqdan çox məmnunam"<b style="color:red"></b>

O, fərqli səs imkanları ilə dünyanın müxtəlif opera səhnələrində yaddaqalan çıxışlar sərgiləyib. Sadəcə bəstəkarların ariyalarını və romanslarını son dərəcə yüksək və dərin performansla ifa etmir, eyni zamanda, aşağı notlarda səsləndirərək həzin avazı ilə tamaşaçıların qəlbinə yol tapa bilir.

2017-ci ildə Opera de Monte-Carlo Teatrında opera və konsertlərdəki çıxışlarından sonra 2018-ci ildən bəri Azərbaycanda, Bakıda fərqli səhnələrdə sənətini fəal şəkildə davam etdirir.

Həmsöhbətimiz vokalist Julia Behbudovadır. O, Azərbaycan gəlinidir. Soyadının Behbudova olması ilə bilirik ki, sizə yalnız bir ehtimal verir - Rəşid Behbudov. Julia Behbudova elə məhz bu ailənin gəlinidir. O, 1991-ci ildə Rusiyanın Omsk şəhərində dünyaya göz açıb. 2001-ci ildə musiqi məktəbinə, fortepiano sinfinə daxil olub. 7 il sonra 2008-ci ildə Şebalin adına musiqi kollecinə daxil olub. Davamını onun öz dilindən öyrənək. 

- Julia xanım, yaradıcılığınıza nəzər yetirdikdə opera sənətini beynəlxalq teatrların səhnəsində ifa etdiyinizin şahidi oluruq. Yəqin ki, çıxış etdiyiniz hər bir səhnənin enerjisi və tamaşaçı aurası sizdə unudulmaz xatirələr buraxıb. 

- Opera sənəti fərqli bir dünyadır, yetər ki, siz onu sevəsiniz və anlayasınız. Operada hər şey var - canlı sənət növü, musiqi, mimika, jestlər, plastika və sair. Əgər opera ifaçısısansa, həm qəhrəmanı canlandırmalı, həm ifa etməli, həm də tamaşaçıda bir fikir formalaşdırmağı bacarmalısan. Bu baxımdan özümü şanslı hesab edirəm. Belə ki, heç nə anidən baş verməyib. Mərhələli şəkildə bu sənətin sirlərinə yiyələnib, sonra müxtəlif səhnələrdə tətbiq etmişəm. 2011-ci ildən Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Balet Teatrında çalışmışam. 2012-ci ildə Herzen Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinə daxil oldum  və 3 il sonra, 2015-ci ildən İldar Abdrazakovun (Rusiyanın Xalq rəssamı V.B.Vaneevin sinfi) rəhbərliyi altında Beynəlxalq Musiqi Akademiyasının solisti olaraq çalışmağa başladım və "Akademiyanın ən yaxşı səsi" nominasiyasının qalibi oldum. 2016-cı ildə İtaliyanın "Montecatini Terme" Beynəlxalq Opera Akademiyasına qəbul oldum. 2017-ci ildə Monakoda Opera de Monte-Carlo opera evində böyük təcrübə keçdikdən sonra 2019-cu ildə Herzen Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, Rusiyanın əməkdar artisti E.V.Morozova sinfində magistraturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra önümdə fərqli qapılar açıldı. 2016-cı ildə Sıktıvkardakı Komi Respublikasının Opera və Balet Teatrında Çaykovskinin "İolanta" operasını ifa etdikdən ondan sonra hər dəfə fərqli obrazda səhnəyə çıxdıqda, fərqli qəhrəmanların həyatlarını canlandırdıqda müsbət enerji alırdım və bu da məni həvəsləndirirdi. Sankt-Peterburqdakı Dövlət Akademik Kapellasında Çaykovskinin "İolanta" operasını ifa etdikdə və mütəxəsisslərdən müsbət rəy aldıqda özümü tamam fərqli hiss edirdim. Səhnəyə çıxdıqca özgüvənim çoxalır, səhnə təcrübəsi peşəkarlığımı daha da artırırdı. Sankt-Peterburqdakı Filarmoniyanın Böyük Zalında və Montecatitni (İtaliya), Pesaro (İtaliya) və Finlandiyada Filarmoniyanın Kiçik Salonunda orkestr və maestro Fabio Mastrangelo ilə konsertlərdəki ifamla özümə nələrsə qatmış oldum. Daha sonra Rusiyada silsiləli olaraq konsertlər verdim, fərqli teatrlarda maraqlı obrazlarla çıxışlarım oldu. Onların hər birindən fərqli təcrübələr qazandım. Məsələn, "Sankt-Peterburq - Opera" Dövlət Teatrında Bizetin "Les pecheurs de perles" operası mənim üçün unudulmaz idi. Eyni zamanda, Sankt Peterburqdakı Ermitaj Zirehli Zalında Motsartın "Don Juan"ında ifam da onun kimi.

- Yəqin razılaşarsınız ki, bu gün opera sənətinə maraq o qədər də ürəkaçan deyil. Şou hər zaman daha çox diqqət çəkib. Sizcə, bu, nədən qaynaqlanır?

- Opera mövcud olduğu dövrdən bəri digər musiqi janrlarına gec təsir göstərib. Simfonik əsərlərin XVIII əsr italyan operalarına yazılması instrumental müqəddimədən yaranıb. Opera kollektivlərinin tərkibi solistlərdən, xordan, orkestrdən ibarət olur. Bəzi Avropa opera teatrlarında orkestra orqan da daxil edilir. Təəssüflər olsun ki, sivil dünya musiqisinin ən yüksək zirvəsi sayılan klassik opera musiqisinə, o cümlədən, "Toska" operasına cəmiyyətimizdə biganəlik hallarına həddindən çox təsadüf edilir. Ancaq operanın da öz dinləyici kütləsi var.

- Azərbaycanın unudulmaz, əfsanəvi sənətkarı Rəşid Behbudovun ailəsinin bir parçasısınız. Bu ailənin bir üzvü olduqdan sonra Rəşid Behbudov haqqında sizdə hansı yeni fikirlər formalaşdı?

- Əslində, biz əfsanəvi insan haqqında eşitdikdə, onu dinlədikdə və gördükdə, əlçatmaz olduğunun fərqinə varırıq. Rəşid Behbudov da onun kimi kənardan necə qürurlu və əzəmətli olduğunu düşünürdümsə, ailəsi ilə tanış olduqdan sonra bunun əslində, deyildiyi kimi də olduğunun fərqinə vardım. Rəşid Behbudovun əzəməti gündəlik həyatda da aydın görünür. Ailə üzvlərimin sözlərindən və danışdıqlarından da onu daha yaxından tanımış oluram. Belə ki, o, möhtəşəm sənətkar olduğu kimi də, möhtəşəm insan olub. Bir şəxsiyyət kimi onun xeyirxah, rəğbətli və ədalətli, səmimi biri olduğunu söyləyirlər. Həyata qarşı məsuliyyətli davranan insan olub. Özünü böyük bir həvəslə yaradıcılığa və ailəsinə həsr edib, heç vaxt darıxmayıb, hər zaman ətrafındakı insanları sevindirməyin yollarını axtarıb, bacardığı qədər heç kəsin könlünü qırmayıb. Yəni sənətində necə əfsanəvi insan olubsa, bir şəxsiyyət kimi də eyni sözləri demək mümkündür.

- Xatirələrində nələr danışırlar?

- Onun haqqında danışılan xatirələr bitib tükənmir. Dünyanın müxtəlif dillərində yazılmış əsərlərdən ibarət böyük bir kitabxanası var. Bu, musiqiçi və müxtəlif dilləri sevən bir şəxs kimi bizə böyük töhfədir. Əvvəllər bir neçə dil bilmək və bu dildə oxumaq çox çətin idi. Bütün bu istedadın bir müğənnidə təcəssüm etməsi isə sadəcə inanılmazdır. Rəşid Behbudov harada olursa olsun, həmişə konsertlərinə öz ölkəsinin milli mahnılarını daxil edib. Bu da onun ölkəsinə, vətəninə, dilinə olan sevgisindən xəbər verir. Rəşid Behbudov dünyanın məşhur simaları ilə dostluq edib. Onun dünyaca məşhur bir sənətkar olduğunu nəzərə alsaq, bu, normal haldır. Bollivudun tanınmış siması olan Rac Kapurla həyatları boyu apardıqları böyük dostluq onun dünyanın hər tərəfində yaxşı dostluq əlaqələrinin olmasından xəbər verir. Hətta özünü pis hiss edən Rəşid Behbudov son dəfə Hindistana ciddi xəstə olan dostunu ziyarət etmək üçün gedib. Onun Boliviya, Çili, Peru səfərləri unudulmaz xatirələrlə zəngindir. Latın Amerikasında 12 ölkədə olub, Hindistanda, Finlandiyada, Efiopiyada, Çində və Belçikada konsertlər verib. Konsert proqramı ilə çıxış etdiyi bir çox dövlətlərin rəhbərləri Rəşid Behbudova heyran idilər və hamısı mahnıların milli dillərə uyğun ifasında ustad olduğunu qeyd edirdilər. Bu, müğənninin özünəməxsus xüsusiyyətlərindən biri idi.

- Dünyanı gəzirsiniz. Behbudov soyadını dünyada tanıyırlarmı? Rəşid Behbudov ailəsinin gəlini olmaq hansısa başqa ölkədə sizi fərqləndirirmi?

- Əslində, çox səyahət edirəm və səyahət zamanı fərqli mədəniyyətlərlə tanış olduqca o ölkə haqqında fikirləriniz formalaşır. Musiqi və sənətçi hər hansı bir ölkəyə və ya millətə aid olmayan universal anlayışlardır. Sənətkar olmaq hər zaman çox məsuliyyətlidir və mən bu məsuliyyəti getdiyim bütün ölkələrdə, çıxış etdiyim bütün obrazlarımda hiss etmişəm. Opera sənətçisi olaraq nəcib və ağıllı qalmaq üçün həmişə olduğunuz sənətə uyğun davranmalısınız.

Behbudovlar ailəsinin bir hissəsi olduqdan sonra gördüyüm işlərin də, daşıdığım Behbudov soyadının da məsuliyyətini dərk edirəm. Təəccüblü deyil ki, Rəşid Behbudov dünyada təkcə fenomenal sənətkar kimi deyil, həm də yüksək mədəniyyətli bir ziyalı kimi tanınır. Nə xoşbəxtəm ki, mən də bu ailənin bir parçasıyam.

Ümumiyyətlə, Azərbaycan mədəniyyəti çox zəngindir, insanları mehribandır, qonaqpərvərdir. Mədəniyyəti də zəngindir. Belə ki, Azərbaycanın Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vaqif Mustafazadə, Müslüm Maqomayev, Tahir Salahov, Çingiz Abdullayev kimi sənətkarları var. Onların sırasında Rəşid Behbudovun xüsusi yeri var. Azərbaycanın nəhəng mədəni irsinin bir parçası olmaqdan çox məmnunam!

Şahanə MÜŞFİQ

 





15.06.2020    çap et  çap et