525.Az

Nənəmlə söhbət - Müsahibə


 

1988-Cİ İLDƏ ERMƏNİSTANDAN DEPORTASİYA OLUNMUŞ ZƏRİFƏ NAMAZOVA: "KƏNDİMİZİ, QƏLƏBƏNİ GÖRMƏDƏN ÖLƏN DEYİLƏM"

Nənəmlə söhbət - <b style="color:red">Müsahibə </b>

Müsahibim öz nənəmdir - Zərifə Pirməməd qızı Namazova (Xəlilova). 1945-ci il iyun ayının 20-də Ermənistan SSR-in Krasnoselo (Qırmızıkənd) rayonunun Gölkənd (Meşəkənd) kəndində dünyaya gəlib.

Ailədə 12 uşağın ən böyüyü olub. Gölkənd orta məktəbini bitirəndən sonra müxtəlif kurslar keçib, sağıcı və tütünçü kimi çalışıb. Sonra ailə qurması ilə əlaqədar Qaraqaya kəndinə köçən Zərifə Namazova (Xəlilova) qısa zamanda kəndin qabaqcıl əmək adamları sırasına qoşulub,  Kənd sovetinin, 15 Krasnoselo Rayon sovetinin deputatı olub, "Qabaqcıl kənd təsərrüfatı işçisi", "Kommunist əməyi  zərbəçisi" döş nişanı adlarına  layiq görülüb. 6 uşaq anası olan nənən Analıq medalı, eləcə də digər medal və döş nişanları ilə təltif olunub.

1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı Sumqayıt şəhərində məskunlaşıb. Hazırda Sumqayıtda yaşayır, təqaüdçüdür.  

-  Nənə, bildiyimiz kimi, sizin yaşadığınız ərazilər tarixi Azərbaycan torpaqları olub, əhalisinin də böyük əksəriyyətini türklər təşkil edib. Anadan olduğunuz yerin tarixi, mədəniyyəti haqqında nə deyə bilərsiniz?

- Bizim rayon 22 kənddən ibarət idi. 10 kəndində əsasən ermənilər məskunlaşsa da, azərbaycanlılar, ruslar, malakanlar da yaşayırdılar. 5 kənd Göyçə mahalının, 7 kənd isə sırf Qaraqoyunlular məskunlaşan Qaraqoyunlu dərəsinin tabeçiliyində idi. Kəndimizin əhalisi köçəri maldarlıqla məşğul olurdular. Bizim tərəflərdə ermənilər yaşamırdılar.

-  Yaşadığınız ərazilər Azərbaycan tarixini əks etdirən tarixi abidələrlə zəngin olub. Amma indi həmin o tarixi, maddi sübutları ermənilər öz adlarına çıxarırlar.

- Kəndimizdən aralıda  talada bir kilsə var idi. Deyilənə görə, bu kilsə qədim albanlara məxsus olubmuş. Belə danışırdılar ki, həmin kilsədəki yazıları ermənilər oxuya bilmirmiş. Oxuya bilənə oxutduranda yazılanların alban dilində olduğunu görürlər. Həmin yazılardan  bir cümlə daha çox diqqəti çəkir ki, təxminən belə idi: "Mənim ağlım başımdadır". Bir müddət sonra kilsənin damını uçurtdular. Sən demə, həmin cümlədə sətiraltı məna var imiş və kilsənin damında qızıl gizlədilibmiş. Bir çoban həmin ərazidə qoyun otaranda qırıq küpə və qızıllara rast gəlir.Tələsiyə düşüb qızılların bir qismini düşürüblərmiş. Sonra öyrəndik ki, həmin qızıllar qədim erməni  dövlətinin qalıqları kimi sərgilənir. Belə hadisələr çox olurdu. Cahillik dövrü idi. Haranı qazırdıq küp, saxsı qablar, sür-sümük çıxırdı. Uşaqlarımız sümüklərlə oynayırdı, biz də qabların istifadəyə yararlılarını gətirib içinə pendir, su, süd doldururduq. Hələ elə yerlər olurdu ki, qazırdıq səhər qalıqları çıxırdı. Bunu biləndə ermənilər tökülüb gəlirdilər. İllərlə işləyirdilər həmin yerdə.  Heç ağlımıza da gəlməzdi ki, belə olacaq (gözləri yaşarır).

Təkcə maddi mədəniyyətimiz yox, elə mənəviyyatımız da itib-getmək təhlükəsiylə üz-üzə idi. Dinimizi itirirdilər. Bizi kor böyüdürdü hakimiyyət. Elə bil hamı robot kimi yalnız işləmək üçün idi. Fəhlə kimi basıb işlədirdilər kişili-arvadlı bizi. Dini işlərə, bayramlara icazə yox idi. Mollaları, din xadimlərini sürgün edirdilər. Xalq gücü çatdıqca mollaları gizlədirdi. Mollalar yalnız dəfn, yas işləriylə gizlincə məşğul olurdular. Kəndlərdə məscidlər yox idi.

- Bəs, təsərrüfat sahəsində, ümumi işlərdə ermənilərin sizə münasibəti necə idi?

- Qabaqlar aclıq olurdu. Müsəlman kəndlərində hektarlarla bağları, meşələri qırıb tütün əkdirirdilər. Kartofu, ərzağı isə ermənilər əkirdilər ki, birdən aclıq güclənər, türklər azuqəyə yiyə çıxar. Birdən elə aclıq olurdu ki, adamlar bir ovuc un tapmırdılar.

Bizi həmişə türk adlandırırdılar. Harda gördülər, "Hayes? Turkes?" soruşurdular. Mən ermənicə bilirdim, amma işlətmədim deyə tədricən yadımdan çıxdı. Əvvəllər televizor çox az adamın evində var idi. İrəvana gedəndə mən də almışdım. Bir neçə kanal var idi, o da bütün gün ermənicə danışırdı. Yalnız tapanda val alıb oxudurduq. Yadıma gəlir, mən uşaq olanda kəndimizə Sara Qədimova gəlmişdi. Hara getsə, dalınca düşürdük. Xalq özümüzünkülərə pərəstiş edirdi. Muğamları, şeirlərimizi, aşıq  sənətini yaşadardıq. Aşıqlarımız da, Allaha şükür, göz qabağında idilər. Bir dəfə də dedilər ki, İrəvana Zeynəb Xanlarova gəlir. Camaat hansı evdə televizor vardısa, o evlərə yığılmışdı. İnandırım ki, evlərdə iynə atsan yerə düşməzdi. Hələ çöldən, qapının-pəncərənin qabağından qulaq asanlar da var idi.

- 1988-ci ilin Sumqayıt hadisələrindən sonra vəziyyət necə oldu? Ermənilərin sizə münasibəti necə idi?

- Biz ildə bir dəfə İrəvanda, ayda iki dəfə də rayonda iclasda olardıq. Raykomun yanına gedəndə uşaqpulunu kəsdiklərinə görə “Sobez” deyilən idarə vardı. Ora da döndüm. İdarədə işləyən erməniylə işlə əlaqədar az da olsa, münasibətim var idi. Allah tifağını dağıtmışların əksəriyyəti bizim dili bilirdi. Yanına girəndə əsəbi halda məndən soruşdu ki, Sumqayıtda qohumların varmı? Özümü bilməməzliyə qoydum və elə apardım ki, guya bu hadisədən xəbərim yoxdur. Qohumlarımız çox idi Sumqayıtda, amma mən bu faktı inkar elədim. Həmin gün iclasda oturanda  qabağımda iki böyük vəzifəli erməni məmur söhbət edirdi. Eşitdim danışıqlarını. Bir-biriylə ermənicə pıçıldaşırlar ki, türkü indi tərpətsək, xəzəlin altına dolacaqlar, axırlarına çıxa bilməyəcəyik. Salamatı qışda toyuğu tardan tökən kim töküb qıraq. Həmin gün bu vəziyyətlə bağlı digər azərbaycanlı deputatlarla məsləhət-məşvərət elədik. Qərara aldıq ki, ölsək də çıxmayaq torpaqlarımızdan, atalarımızın, qohumlarımızın qəbirlərini, yurd-yuvamızı qoyub getməyək. Dəfələrlə kəndlərə basqın etdilər. Arvad-uşaq dolurdu tütünlüyə. Əllərinə keçəni aparırdılar. Silahımız yox idi ki, müqavimət göstərək. Gördük ki,belə olmayacaq. Başladıq benzin yığmağa ki, bir də gələndə odlayıb yandıraq hər yeri içi onlar qarışıq. Bir müddət gəlmədilər. Qış düşəndə camaatı ayağı yalın maşınlara doldurub Qazaxa, Gədəbəyə tökdülər. Müqavimət göstərənləri isə ailələri ilə birgə öldürürdülər. Sovet hökuməti vecinə almadı bizi, bu qırğınlara, köçürülmələrə göz yumdular. Bala, torpağını kim istəməz ki? Bu dəqiqə də burnumun ucu göynəyir doğulduğum, böyüdüyüm o yerlər üçün. Kəndimizi, qələbəni görməmiş ölən deyiləm...

Sumqayıtda qohumlarımız çox idi. Birtəhər ev düzəltdik özümüzə. Sənin babanı kənddə ildırım vurub şikəst eləmişdi. O tərpənə bilmirdi deyə, lap əvvəldən burda idi. Əminin biri müəllimlik oxuyurdu. O biri əmin isə əsgərlikdə idi. Atanın 11 yaşı var idi o vaxtlar, gələndə günlərlə gözünə yuxu getmədi. Birtəhər həm kişi işi gördüm, həm qadın. Çörək sexinə işə düzəldim. İşdən də gəlib peraşki, kökə bişirib satırdım ki, tifillərim acından ölməsinlər. İndi də sizlərə arxalanıram.

Əmin Rusiyada hərbi xidmət keçirdi. Biz bura gələndə o hələ də orda xidmət edirdi. Biz gələndən bir neçə ay sonra erməninin biri tərəfindən bıçaqlandı. Bu xəbəri eşidəndə borc-xərc edib Rusiyaya getdim. Sən demə, həmin ermənin sürdüyü maşını onun əlindən alıb əmimə veriblərmiş. Bu xain də bir dəfə əmin maşını qarajda saxlayanda gizlicə dalınca gəlir, topuğundan, bir də budundan bıçaqlayır.

- Deportasiyadan sonra Qarabağda döyüşlər başlandı. O zamankı hadisələr necə yadınızda qalıb?

- Qardaşım və onun timsalında qeyrətli oğlanlar könüllü cəbhəyə yollanmışdılar. Hələ atan da məktəbdən qaçıb cəbhəyə getmişdi. Balaca idi deyə geri qaytarmağa məcbur olmuşdum. Bax biz belə millətik. Biz xəyanətə tuş gəldik. Kişi kimi yaşamağı bilən xalq xəyanət bilməz. Qardaşım 1992-ci ildə itkin düşdü. Nə öldüsü bilindi, nə qaldısı. Anam ölənə qədər 20 il gözlədi. Gözünün biri kor oldu. Elə öləndə də gözü qapıda qaldı. Yenə bir parça torpağı olsa, bilərdim ki,ölüb. Ona görə əlimizi üzmürdük ki,ermənicə yaxşı bilirdi. Həm də fərasətli oğlan idi. 2-3 nəfər qolu zorba oğlanla təkbaşına güləşib qalib olurdu. İndi də inanmıram. Heyf, o gedəndə oğlu təzə olmuşdu. Tək balasının üzünü də görmədi. Sağ olsun, hökumət pul ayırdı, böyütdü, oxutdu, ev verdi. Amma o qayıtmadı.

Atan da əsgərliyə gedəndə cəbhəyə getmək istədi və istəyi qəbul olundu. 3 il atan, 4 il də ortancıl əmin xidmət elədi. Atan əlil oldu, səni çəliyə söykənə-söykənə böyüdür.

Amin NAMAZLI

 





18.06.2020    çap et  çap et