525.Az

Paşinyanın növbəti fiaskosu


 

Paşinyanın növbəti fiaskosu<b style="color:red"></b>

Azərbaycanla Avropa İttifaqı(Aİ) arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Aİ rəhbərliyin dəfələrlə ölkəmizin qurum üçün əhəmiyyətini vurğulayıb. Bu gün Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasındadır.

İyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən Aİ ilə ölkəmizin əlaqələrinin möhkəmlənməsi, Şərq Tərəfdaşlığının inkişafı baxımında əhəmiyyət daşıyırsa, digər tərəfdən Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha beynəlxalq aləmə çatdırılması baxımından önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində  ölkəmizin Şərq Tərəfdaşlığının fəal tərəfdaşı olduğunu, quruma üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalandığını vurğulayıb. Hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Prezident növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Vurğulayıb ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, Dağlıq Qarabağ və daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məçburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hələ də Ermənistan tərəfindən icra edilməyib.

"Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. "Dağlıq Qarabağ Azərbaycandır!" və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Nikol Paşinyanın isterik vəziyyətdə həm ingilis, həm də erməni dilində danışması konfrans iştirakçılarının çaşqınlığına səbəb olub. O, ingilis dilində "danışarkən" "Dağlıq Qarabağ münaqişəsi", erməni dilində danışarkən isə "Artsax" ifadəsi işlədib. Bu isə bir daha onu göstərir ki, Ermənistanda hələ də münaqişənin adının nə olduğunu bilmirlər.

Prezident İlham Əliyevin çıxışına cavab verməyə çalışan Paşinyan  növbəti dəfə özünü gülünc vəziyyətə qoydu. O, Avropa İnsan Haqları Məhkəməsinin R.Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırmış və utanmadan iştirakçıları aldatmağa cəhd edib.

Prezident İlham Əliyev onun yalanlarını ifşa edərək deyib: "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdular. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv edilib. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".     

Paşinyan aciz və gülməli duruma düşərək bir daha küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirdi.

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, həmin konfransda Nikol Paşinyan növbəti təxribat çəhdi ilə yadda qaldı. Onun sözlərinə görə, Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harda gəldi özlərinə uyğun şəkildə səsləndirirlər.

Politoloq hesab edir ki, Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı: "Ancaq yenə alınmadı. Çünki Azərbaycan Prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu".

PƏRVANƏ

 





21.06.2020    çap et  çap et