525.Az

Qayğı, hörmət və sevgi dolu xəzinə...


 

Qayğı, hörmət və sevgi dolu xəzinə...<b style="color:red"></b>

Əlimdə qələm, sakitcə oturmuşam. Bilmirəm, necə başlayım. Nə müddətdir, ürəyimdə gəzdirdiyim ən səmimi sözləri kağıza köçürmək fürsəti yaransa da, çətinlik çəkirəm. Sözlər çox əziz bir adam haqqındadır. Ona görə çətindir yazmaq... Hansıları seçib yazım ki, düz yerinə düşsün.

Yaşım az olsa da, bir həqiqəti dərk etmişəm ki, şəxsiyyətinə, varlığına hörmət edilməli, mənəviyyatına vurğun olunacaq insanlar dünyada azdır. Bu günümüzdə onları barmaqla saymaq olar. Nəsillərdən-nəsillərə keçən dürüstlük, dönməzlik, əsl azərbaycanlı kişisinə məxsus təəssübkeşlik, torpaq sevgisi... Bütün bu xüsusiyyətlərin bir xarakterdə, bir insanda cəmlənməsi isə nadir haldır. Ancaq şükürlər olsun ki, belə insanlar yox da deyil. Hər zaman var olsunlar! Onlardan biri də Nadir Nəsibovdur...

Hələ gənc vaxtlarından çoxlarından seçilən, o vaxt daha yaxın yanaşa bildiyimiz "böyük qardaşımız", sonradan qayğılara bürünmüş, amma bir az çəkindiyimiz ağsaqqalımız Nadir müəllim... Hər addımı ilə örnək olan fəxrimiz, qürur yerimiz. Nəsibovlar nəslinin layiqli davamçısı... Şəxsən mən bu cür düşünürəm. Onu da bilirəm ki, təvazökarlığı hər şeydən üstün tutur və buna görə də cümlələri yazdıqca mümkün qədər pafosdan qaçıram. Sanki sətirlər arasından onun məzəmmətli baxışları görünür. Danlağına məruz qalacağımı bilirəm. Ancaq deməmək alınmır. Ürək sakit olmur.

Nəsillər bir-birini əvəz edir. Həyat durmadan axır. Böyüklük, ucalıq timsalı kimi Nadir müəllim ömür zirvəsində inamla addımlayır. Bu gün Nadir Nəsibov ömrünün 60-cı ilinə qədəm qoyur. Məncə, 60 yaş heç də zirvə deyil. Hələ irəlidə görüləsi işlər, yaşanacaq onilliklər çoxdur...

Nadir müəllimi hər zaman yol göstərən, öz kökləri ilə torpağına, nəslinə bağlı nəhəng bir çinara bənzədərdim.

Bütün mənəvi zənginliklərə malik olan müdrik bir insandır o.

Bəli, illər keçir. Mən də gəncliyi geridə qoyuram. Amma bir şeyə şükürlər edirəm ki, səhvlərimlə, düzlərimlə yaşadığım illərin çoxunu ondan öyrənərək, həyat dərsi alaraq ötürürəm. Hər müdrik addımı, hər sözü, adi bir baxışı yetər. Anlayıram ki, ona bənzəmək qeyri-mümkündür. Ancaq heç olmasa nələrisə ondan öyrənmək qismətdirsə, bu, eyni zamanda, böyük xoşbəxtlikdir. Təkcə mən yox, etimad göstərdiyi hər birimiz üçün.

Bütün bu illər ərzində Nadir müəllim çətinliyi olanın köməyində, ağrıyanın yanında, dara düşənin dayağında olub. Özü də bunu elə edib ki, qarşıdakı insan utanmasın, rahat olsun. Ürəyimdə deyiləsi sözlərim lap çoxdur. Tərtəmiz ürək sözlərim...

İstər-istəməz, 60 yaşa çatan insan geriyə dönüb diqqətlə baxır. Olub-keçənləri saf-çürük edir, necə deyərlər, "papağını qabağına qoyub" öz-özünə hesabat verir. Arxada qalan illər ləyaqətlə yaşanıbsa, onlara "heyif" demək olmaz. Bu illər xəzinədir. Həyat xəzinəsi. Qayğı dolu, hörmət, sevgi dolu bir xəzinə.

Əzizimiz Nadir müəllim! Yeni yaşınız mübarək! Sizi Əliyevlər ailəsi adından ürəkdən təbrik edirəm. Başımızın üstündən əskik olmayın. Mənalı ömür kitabınızın hər səhifəsi tarixə dönsün. Yeni onilliklərdə görüşmək arzusu ilə... 

Alnında qırışlar, cığırlar dərin,
Hər zaman qürurlu, hər yerdə mətin,
Belə qeyrət çəkmək deyilsə çətin,
Demək, timsalısan sən həqiqətin.

Dəyişsə fəsillər, dolansa illər,
Saçı ağartsa da, sazaqlı yellər,
Sənə neyləyəcək tufanlar, sellər,
Poladdan üstündür güc-dəyanətin.

Nadirlik - bu sözün özü mənalı,
Sözün özündədir cahi-cəlalı,
İllərin yaddaşı ağlı-qaralı,
Ömür yollarındır şanın-şöhrətin...

Günər ƏLİYEV

 





01.07.2020    çap et  çap et