525.Az

Medelin Poeziya festivalı onlayn keçiriləcək


 

AÇILIŞ MƏRASİMİNDƏ XALQ ŞAİRİ RAMİZ RÖVŞƏN ŞEİRLƏRİNİ OXUYACAQ

Medelin Poeziya festivalı onlayn keçiriləcək<b style="color:red"></b>

Dünyanın ən böyük poeziya bayramlarından olan Medelin Beynəlxalq Poeziya Festivalı bu il 1 avqust-10 oktyabr tarixləri arasında keçiriləcək. COVİD-19 pandemiyası səbəbi ilə ilk dəfə virtual məkanda onlayn olaraq təşkil ediləcək festivalda 103 ölkədən 180 şairin iştirakı gözlənilir.

Şeir oxularının açılışı 1 avqust tarixində baş tutacaq. Açılışda Azərbaycanı Ümumdünya Poeziya Hərəkatının (World Poetry Movement) Asiya üzrə koordinatoru, Xalq şairi Ramiz Rövşən təmsil edəcək. O, çıxış edərək öz şeirlərindən bir neçəsini poeziya sevərlər üçün oxuyacaq.

Ramiz Rövşənlə birlikdə açılış günündə 10 ölkəni təmsil edən 10 şairin çıxışı nəzərdə tutulub. Hindistandan K.Satxidanandan, Botsvanadan Tje Dema, Serbiyadan Çarls Simiç, Nigeriyadan Ayo Ayola Amale, Braziliyadan Klaudio Viller, Kolumbiyadan Romulo Bastos, Polşadan Adam Zaqajevski, İrlandiyadan Paul Maldun, Çindən Jidi Majia da şeirlərini öz dillərində təqdim edəcəklər.

Ramiz Rövşəndən başqa, Azərbaycanı festivalda Nigar Arif, Nigar Həsənzadə, Aqşin Əliyev təmsil edəcəklər. Nigar Arifin çıxışı sentyabrın 1-nə, Nigar Həsənzadə və Aqşin Əliyevin çıxışları isə sentyabrın 5-nə nəzərdə tutulub.

Qeyd edək ki, Medelin Beynəlxalq Poeziya Festivalı 1991-ci ildən Kolumbiyanın ən böyük ikinci şəhəri olan Medelində keçirilir. Festivalın təsisçisi tanınmış Kolumbiya şairi Fernando Rendondur. Hər il festivala dünyanın fərqli ölkələrindən yüzlərlə şair qatılır və şeirlərini öz ana dillərində oxuyurlar. Bu şeirlər paralel olaraq tərcüməçilər tərəfindən fərqli dillərə tərcümə olunur. Festival 2006-cı ildə alternativ Nobel mükafatı adlandırılan "The Right Livelihood" mükafatına layiq görülüb.

ŞAHANƏ

 





08.07.2020    çap et  çap et