525.Az

Azərbaycan fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab


 

Azərbaycan fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab<b style="color:red"></b>

Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı monoqrafiyasının ikinci hissəsi "Elm və təhsil" nəşriyyatında çap olunub.

Bu barədə məlumat verən F.Ələkbərli bildirib ki, kitabın 2-ci bölümündə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.

Müəllif kitabda Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib. Birinci istiqamət milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, F.Köçərli, Ə.Topçubaşov, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, H.Bayqara və başqaları) şəklindədir. İkinci istiqaməti marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, C.Nağıyev və başqaları) təşkil edir. Üçüncü isə milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları) olaraq düşünülüb.

Kitabın elmi redaktoru dosent Zeynəddin Şabanov, rəyçiləri isə professor Əlikram Tağıyev və dosent Müstəqil Ağayevdir.

F.Ələkbərli hazırda kitabın 3-cü hissəsi üzərində işlədiyini və bu bölümdə 20-ci əsrdə Azərbaycanın güneyində yaşamış mütəfəkkirlərin irsini tədqiqata cəlb etdiyini bildirib.

 





15.07.2020    çap et  çap et