525.Az

Liviyada sular daha da bulanacaq


 

Liviyada sular daha da bulanacaq<b style="color:red"></b>

Liviyada "suların durulması"na olan ümidlər öləziməyə başlayır. Son günlər Liviya ətrafında baş verənlər bunu deməyə əsas verir.

Öncə Misir Ərəb Respublikasının parlamenti Liviyaya ordu göndərmək üçün dövlət başçısına səlahiyyət verdi. Bununla da Misirin Liviyadakı vətəndaş müharibəsinə rəsmən müdaxiləsi gündəmə gəldi. Misir Liviyada ölkənin Şərqini nəzarətdə saxlayan qiyamçı general Haftarı müdafiə edir. Haftara tabe olan silahlı qüvvələrin və qəbilələrin paytaxt Tripolini ələ keçirmək cəhdinin qarşısını Türkiyənin müdaxiləsi almışdı. Türkiyə Liviya Milli razılıq hökumətinin rəsmi dəvəti ilə Liviya ordusuna yardım etməyə başladı. Türkiyənin hərbi dəstəyi ilə Liviya ordusu qiyamçı general Haftarın silahlı dəstələrini paytaxtdan uzaqlaşmağa və ələ keçirdiyi torpaqların bir hissəsini boşaltmağa vadar etmişdi. O zaman belə qənaət yaranmışdı ki, Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli razılıq hökuməti tezliklə bütün ölkə üzərində nəzarəti bərpa edəcək. Ancaq Misirin Liviyaya ordu göndərmək qərarı mənzərəni tamamilə dəyişir və Türkiyə ilə hərbi toqquşma ehtimalın yaradır.

Rusiyanın qiyamçı general Haftara siyasi və hərbi dəstəyi Liviyada vəziyyəti daha da mürəkkəbləşdirir. Məlumatlara görə, məhz Rusiyanın müdaxiləsi Liviya Milli razılıq hökumətinin bütün ölkə üzərində nəzarəti bərpa etmək cəhdinin qarşısını alıb. İndi isə Liviya olaylarına ABŞ qarışmağa başlayır. Vaşinqton öncə Misiri Liviyada ABŞ istehsalı olan silahlardan istifadə etməməyə çağırdı, daha sonra isə qiyamçı general Haftarı sanksiya ilə hədələdi. ABŞ qiyamçı generalı Rusiyanın qeyri-rəsmi silahlı qruplaşması olan "Vaqner qrupu" ilə əlaqədə ittiham edir. "Vaqner qrupu" Rusiya prezidenti Vladimir Putinin aşpazı kimi tanınan Yevgeni Priqojina bağlıdır və Vaşinqton bu şəxsə qarşı sanksiyalar tətbiq edib. Qiyamçı general Haftarın ABŞ-ın sanksiya tətbiq etdiyi Yevgeni Priqojinı ilə əməkdaşlığı "Ağ ev"in Liviyada baş verənlərə ən azından diplomatik səviyədə müdaxiləsinə gətirib çıxarıb.

Liviyadakı vətəndaş müharibəsinin tərəflərini müdafiə edən ölkələrin toqquşan maraqları bu ölkədə sülhün yaranmasına imkan vermir. Şərhçilər xüsusilə də Rusiyanın mövqeyinin sülhə əsas maneə hesab edirlər. Rusiya isə neft-qaz ölkəsi olan Liviyanın dünya enerji bazarlarına qayıtmasına imkan vermək niyyətində deyil. Rusiyanın qeyri-rəsmi silahlı qrupu olan "Vaqner qrupu" Liviyanın böyük neft yataqları olan ərazilərini ələ keçirməklə Milli razılıq hökumətinə neft satışını ələ almağa imkan vermir. Bu isə dünya bazarlarında neft və qazın qiymətinin yüksək olmasına və Rusiyanın dövlət büdcəsinə gəlirlərin daxil olmasına yol açır. Çox böyük iqtisadi böhranla üzləşmiş Rusiya üçün Liviyada yaranmış vəziyyət "nəfəslik" kimi görünür. Belə olduğu halda Liviyada suların daha da bulanacağı gözlənilir.

 





29.07.2020    çap et  çap et