525.Az

Maaş və pensiyalar artacaq


 

Maaş və pensiyalar artacaq<b style="color:red"></b>

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində büdcə təşkilatları üzrə əmək haqları, eləcə də pensiya, müavinət və təqaüdlərin artımı gözlənilir.

APA-nın məlumatına görə, bununla bağlı göstəricilər gələn il üçün hazırlanmış dövlət büdcəsinin ilkin layihəsində əksini tapıb.

Layihədə bildirilir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi siyasəti 2013-cü ildə də davam etdiriləcək. Belə ki, gələn il dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı müdafiə və hüquq mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının (700 min nəfər) aylıq əmək haqları və minimum əmək haqqının məbləği artırılacaq.

Bundan başqa, yaşa (16,4 min nəfər), əlilliyə (107,8 min nəfər), ailə başçısını itirməyə (39,5 min nəfər), uşağın anadan olmasına görə (112,4 min nəfər), sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara (0,8 min nəfər) müavinətlərin artırılması gözlənilir.

Həmçinin, şəhid uşaqlarına (0,4 min nəfər), müharibə əlillərinin uşaqlarına (18,4 min nəfər), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə (5,5 min nəfər) eləcə də müharibə veteranlarına (53,7 min nəfər) verilən müavinətlərin də artırılması gözlənilir.

Gələn il dəfn üçün müavinətlərin, əmək pensiyalarının minimum məbləğinin, məcburi köçkünlərə verilən yemək xərclərinin (538 min nəfər) də artırılması nəzərdə tutulub.

Eləcə də şəhid ailəsi (13,8 min ailə), müharibə əlilləri (18,8 min nəfər) üçün və Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərə (0,2 min nəfər) verilən prezident təqaüdünün məbləği artacaq.

Bundan başqa, ali, orta ixtisas, ilk peşə ixtisas təhsil sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara (85,8 min nəfər) verilən təqaüdlərin artırılması da təmin ediləcək.

Qeyd edilən əmək haqların və sosial ödənişlərin artırılması üçün 2013-cü ilin dövlət büdcəsi layihəsində ümumilikdə 240 mln. manatdan çox vəsait nəzərdə tutulub.

 





15.10.2012    çap et  çap et