525.Az

Kərgədanlaşan insanlar - Sosial şəbəkədə yazılanlar


 

Kərgədanlaşan insanlar - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Kərgədanlaşan insanlar

Mir Şahin, Real TV-nin baş direktoru:

- Misilsiz absurdist Ejen İoneskonun bir məşhur əsəri var: "Kərgədan". Əsərin məzmununu danışmayacam. İmkan tapıb oxusanız, faydalı olar. Qısa mahiyyət isə budur: şəhərdə bir kərgədan görünür. Sonra iki olur. Sonra lap çoxalırlar. Daha sonra məlum olur ki, kərgədanlar şəhərə hardansa gəlmir, elə şəhərin özcə sakinləridir, içlərinin xəbis cəhətlərinin diktəsi altında insandan kərgədana çevrilirlər.

Kərgədanların sayı artdıqca, insanların sayı azalır. Kərgədanlıq tədricən həyat tərzinə çevrilir. Kərgədan çoxluğu ictimai iradəyə dönür, dəyərlər, zövqlər dəyişir. Hər şeyin meyarı artıq kərgədan və kərgədanlıqdır. İnsan azdır, təkdir, kərgədanların fonunda eybəcər görünür. Ən gözəl də, ən ağıllı da kərgədandır. İnsan öz insanlığından utanır, xəcalət çəkir.

Mirşahin Ağayev koronavirusa yoluxdu -

Əsər kərgədana çevrilə bilməyən, bunu bacarmayan bir insanın əzablı iniltisiylə bitir... O, bədbəxtdir, çünki təkdir, kərgədana çevrilə bilmir. Amma həm də xoşbəxtdir. Çünki insan kimi qala bilib...
 
Feysbukda mən sürətlə kərgədanlaşma görürəm! Özümüzü qoruyaq, İNSANLAR! Kərgədana çevrilməyin. İNSAN GÖZƏLDİR!..

Velosiped - alternativ nəqliyyat vasitəsi kimi 

Nigar ARPADARAİ, millət vəkili:

- Dünyanın, xüsusilə də Avropanın bir çox iri şəhərində velosiped nəqliyyat vasitəsidir. Velosipedin məhz nəqliyyat vasitəsi kimi istifadəsi hər mənada sərfəlidir - ekoloji cəhətdən təmizdir, insanların sağlamlığına müsbət təsir göstərir, infrastrukturu ucuz başa gəlir, tıxacların və hərəkət sıxlığının aradan qaldırılması üçün də ən effektiv alternativlərdən biridir. Buna görə, dünyanın iri şəhərlərində velomədəniyyət gündən günə populyarlaşır.

Nigar Arpadarai istefa verir

Əminəm ki, Bakının mərkəzində nəqliyyat hərəkətinin sıxlığını nəzərə alaraq, bu sıxlığın aradan qaldırılması, ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə alternativ nəqliyyat vasitəsi kimi, velosiped infrastrukturunun (velosiped zolaqları, müvafiq nişanlanma, velosiped dayanacaqları və s.) yaradılmasının tam zamanıdır. Əlbəttə, bu, uzunmüddətli, böyük bir layihədir və insfrastrukturun yaradılması ilə yanaşı, vətəndaşların və avtomobil sürücülərinin maarifləndirilməsinə də ehtiyac var, bu isə zaman tələb edəcək.

Amma Bulvar ərazisindən başlamaq ən məntiqi bir yoldur. Bakı sakinlərinin ən sevimli istirahət məkanlarından biri olan Bakı Bulvarının uzunluğu 16 km olmaqla, Bakı Ağ Şəhər Bulvarından Bayıl bulvarının sonunadək olan ərazini əhatə edir. Son illər, Bulvarda velosiped sürənlərin sayı gündən günə çoxalır, amma vətəndaşlarımız üçün bu, daha çox əyləncədir. Digər tərəfdən, Bulvarın ancaq bir hissəsində velosipedlərin sərbəst hərəkəti üçün yer ayrılıb. Hazırda velosipedçilərin sayı artdıqca, onların üzləşdiyi problem artır, onları bəzən saxlayırlar, bəzən onlar piyadalara mane olur, yəni bu sahədə tənzimləmə olmalıdır. Bakı Bulvarının şəhərin mərkəzini əhatə etməsi, alternativ nəqliyyat vasitəsi kimi onun bütün dənizkənarı hissəsində velosiped infrastrukturunun yaradılmasını mümkün edir. Mən bununla bağlı Bakı Bulvar İdarəsinə sorğumu yönləndirmişəm və yaxın aylar ərzində aidiyyatı olan qurumlarla bu mövzunun müzakirəsini planlaşdırıram. 

Boş parıltıya aldanmayaq...

Sevinc FƏDAİ, jurnalist:

- Pandemiyaya yeni qədəm qoyduğumuz dövrdə Azərbaycanın şou adamları dəbdəbəli evlərində oturub xalqa ağıl öyrətdilər - "evdə qal, evdə qal" - deyə... İndi də ölkənin müxtəlif yerlərində, xarici ölkələrdə - Antalyada, Bodrumda çimərlik geyimlərini geyinib pozlar verirlər. Xoşlarına gəlməyən şərh yazan adamların abrını ətəyinə bükürlər. Ağıl öyrətdikləri xalq da bu şəkilləri, kef-damağı görüb daha da miskinləşir, aqressivləşir. O xalqın uşaqları da görür ki, yaşamaq üçün, adam kimi yaşamaq üçün məhz belə olmaq lazımdı. O uşaqların muzdlu işçi olan atası 5 manat pul qazanmaq üçün gedib, 100-200 manat cərimələnib qayıdanda, Antalyadakı rəngli bikinili xanımlar, əlbəttə, onlara daha cəlbedici görünəcək.

Sevinc Fədai: “Biz Mövludla ər-arvaddan daha çox dost idik ...

Hazırda sosial şəbəkələrdəki bəzək-düzəkli "bloqerlər", əyninə 3 paltar alıb reklam edə bilən bu xanımların, şou adamlarının yazıb-pozduqları, xidmət obyektləri, gözəllik mərkəzlərinin reklamlarının məzmunu, yazılma tərzi, savadsızlığın bariz nümunəsi olan və birbaşa evimizə, ailəmizə siraət edən bu paylaşımlar cəmiyyətə, xüsusilə yeniyetmə, gənc, hələ fikri formalaşmamış qızlarımıza nə aşılayır? Deyir, beyin, savad, intellekt, dünyagörüşü, oxumaq, zəhmət çəkmək boş şeydir. Çox nadan və düşüncəsiz, qəddar şəkildə deyir ki, sənin körpəlikdən arzuladığın gəlinlik, saç düzümü bizdədir. Deyir ki, hər şey puldu, zahiri gözəllikdi, cəlbedicilikdi, şarmdı, ucuz populyarlıqdı, bahalı restorandı, zər-zibalı geyimlərdi, tüksüz bədəndi, boyalı dırnaqdı, şişirdilmiş dodaqdı, kəsilmiş burundu... qalan hər şey boşdu. Deyir, ana dilini bilmək də, bu dildə danışıb-yazmaq da bir şey deyil. Hansı dildə, hansı qaydalara söykənərək yazıldığını anlamadığımız bu mətnlər sanki planlaşdırılmış şəkildə qızların beynini yuyur. Onlara qarşı savaşmaq, qızlarımızı bu parıltının əlindən almaq o qədər çətindir ki... üstəlik, o qızları düşünən, can yandıran o qədər az adam var ki...

Amma bu duruma biganə yanaşmaq olmaz. Mütləq uşaqlarımızı beyninin gücünə, aydınlığa inandırmalıyıq. Bu boş parıltılara aldanmamalıdırlar.

Bu ölkənin böyüklü-kiçikli hər bir vətəndaşı görməlidir ki, bu xalqın təkcə çalıb-oynayanı, söyüş söyəni, şpaqat açanı yoxdur. Bu ölkənin düşünən, ağıllı fikirlər yürüdən, cəmiyyəti arxasıyca aydınlığa aparan, aparmaq istəyən, xilas etmək istəyən qadını, kişisi var. Ağzısöyüşlü yox, əli kitablı insanları var. Onlar görməlidir ki, bu ölkədə səviyyəsiz müğənnilər, şoumenlər yox, ziyalılar başda oturdulur, görməlidirlər ki, onlara ehtiram var, sayğı var. Onlara düşünən beyni, elmi, zəhməti qarşılığında dilənçi payı yox, haqq etdikləri qonorar, maaş verildiyini görməlidirlər, onlara inanmalıdırlar. Onların simasında elmin, təhsilin, kitabın, beynin gücünə inanmalıdırlar. Sonra gec olacaq, çox gec...

Əli bəy Hüseynzadənin dediyi kimi, çirkablara daş atılmalıdır, həm də doluncaya, yox edilincəyə qədər, mümkün qədər böyük daşlar atılmalıdır!

Gec olmadan...

 





19.08.2020    çap et  çap et