525.Az

Normal insan olmaq beləmi çətindir? - Sosial şəbəkədə yazılanlar


 

Normal insan olmaq beləmi çətindir? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Türkiyə Qara dənizdə zəngin qaz yatağı kəşf edib

Ceyhun Bayramov, Xarici İşlər naziri:

- Qardaş Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərimi həmkarım Mevlüt Çavuşoğlunun diqqətinə çatdırdım.

Əminəm ki, bu kəşf Türkiyə Dövlətinin və Türkiyə Xalqının rifah və tərəqqisinə xidmət edəcəkdir. 

Hər kəs öz portretini çəkir

Şahlar Əskərov, professor:

- Hər kəs fəaliyyəti ilə öz portretini çəkir. Necə ki son günlər iki akademikimiz çəkdilər. Abel müəllimin çəkdiyi şəkil lap şedevr oldu. Akademik tostunda deyir: "Ramiz müəllim, siz çox böyük adamsınız.., biz isə çox kiçik (!). Akademikin məntiqi çox dolaşıqdır. Belə ki, böyük adamların toyunda çox kiçik adamların nə işi? Yox, əgər toya çağırılanlar çox kiçiklərdirsə, toy sahibi çoxmu böyükdür?

P.S. "Elmdə himayədarlıq akademik mühiti korlayıb" məqaləmdə AMEA öz məqsədinə qulluq etmir fikrini söyləmişdim. İlk akademiklərimizdən nə Səməd Vurğun, nə Yusif Məmmədəliyev, nə də digərləri (onlar cəmi 15 nəfər olub) - heç biri belə fikir söyləməz, belə işlər görməzdilər. 

İctimai qınağın nəticəsi

Aslan İsmayılov, hüquqşünas:

- Son günlər həyatımda heç vaxt olmayan bir bədbinlik məni əsir almışdı. Sağalmaz nikbinlikdən əsər-əlamət qalmamışdı. Bu gün yenə həmin adamam və buna çox sevinirəm. İlk dəfədir ki, xalqımızdan sözün əsl mənasında qəti bir ictimai qınaq gördüm və bu qınaq öz nəticəsini gözlənilmədən verdi. Dünən toy məclisinə "toplantı" deyən DİN indilərdə bəyanat yaydı ki, hazırda toy sahibləri - Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək. Hesab edirəm ki, həmin məclisdə iştirak edən hər kəs barəsində qanunun tələbləri ilə tədbir görülməlidir.

Bundan başqa, dünən İTV Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə bağlı ayrıca material yayımladı.

Əminəm ki, biz xalq olaraq bütün çatışmazlıqlara qəti mövqe bildirsək, çox şeylər dəyişəcək. Bu gün çoxlarının inanmadığı islahatları da görəcəyik. Sadəcə, vətəndaş olaraq oyunlarda iştirak etməyib, Dövlətimizə sahib çıxmalı və dəyişiklikləri tələb etməliyik.

Bir daha təkrar edirəm, sosial şəbəkələr böyük gücdür, sadəcə, bundan dedi-qodu üçün yox, cəmiyyətimizə fayda verəcək şəkildə istifadə etməliyik. 

Normal insan olmaq beləmi çətindir?

Çingiz Abdullayev, Xalq yazıçısı:

- Mən kəçən il Kürdəmirdə oldum. Respublikanın rayonlarından hər hansı birinə dəvət alanda heç kimə etiraz etmədən gedirəm. İcra başçısı tədbirin təşkilatçıları ilə öz aralarında olan münasibətə görə görüşü pozmaqdan ötəri hər şeyə əl atdı. Amma alınmadı. Mən oxucularımla görüşdüm. Rayon rəhbərliyindən ümumiyyətlə, heç kimlə görüşmədim. Hələ o zaman bu barədə yazmışdım. İndi onu bütün komandası ilə birlikdə həbs ediblər. Cənab məmurlar! Yəni sadəcə, normal insan olmaq beləmi çətindir? Mən başqasının fəlakətinə sevinmirəm. Onun ailəsi yazıqdır. Bizim hamımız acınacaqlı bir haldayıq. Mən özümün mizantropa çevrilmək prosesini tamamlayıram!..

Cəbrayıldan qalan xatirə

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Cəbrayılın işğal olunmasının növbəti ildönümüdür.

1988-ci ilin martında hansısa sərxoş sürücü Cəbrayılın ermənilər yaşayan Hərəkül kəndinə gedən yolun üstündəki alaqapını vurub zədələmişdi. Bizim Mərkəzi Komitədə bunu "xalqlar dostluğuna zərbə" hesab edib dərhal rayonda beynəlmiləlçilik mövzusunda söhbətlər aparmaq üçün ziyalı desantı göndərməyi qərara almışdılar.

Üç nəfər idik - Xalq şairi Qabil, əslən Cəbrayıldan olan keçmiş müəllimim, professor Tofiq Hacıyev (indi hər ikisi haqq dünyadadır, onlara Allahdan rəhmət və şəfqət diləyirəm) və bəndeyi-həqir.

Rayondakı Qonaq evi bərbad vəziyyətdə olduğundan Tofiq müəllimin qohumu, rayonun ağsaqqalı və respublikanın hörmətli adamlarından sayılan Köçəri Babayevin evinə düşdük. Mərhum Köçəri müəllim özü həmin günlərdə Bakıda idi. Amma gəlişimizdən xəbəri vardı və bizə beşulduzlu oteldən də yaxşı şərait yaradılmışdı.

Bir neçə görüş keçirib dostluqdan, qardaşlıqdan və s. qırıldatdıq. Görünür, "artıq-əskik" danışacağımızdan ehtiyatlandıqları üçün yanımızda həmişə raykomun bir təlimatçısı ilə DTK rayon şöbəsinin bir əməkdaşı da olurdu. Ermənilərin Sumqayıt fitnəkarlığının üstündən bir ay keçmişdi. Gələcək faciələrin miqyası o vaxtlar heç kimin ağlına gəlməsə də, adamların üzündən qayğılı, narahat olduqları sezilirdi.

Tofiq müəllim bizə çox qarışmırdı. Mən isə Qabilin israrlı təkidləri ilə ona badə yoldaşlığı edirdim və özünün dediyi kimi, bütün günü "dəmli samovar kimi" olurduq.

İctimai-siyasi planda heç bir əhəmiyyəti olmayan bu səfər zamanı bir gülməli hadisə də baş verdi.

Şəhər gəzintisi zamanı Cəbrayıl univermağına getdik. Demək olar ki, heç kim yox idi. Bir neçə nəfər xanım satıcı dayanıb söhbət edirdilər.

Qabil "Bu qızlar ayın axırında plan verməlidir. Gərək bir şey alasan" deyib kişi paltarları satılan bölmədən mənə Volodarka istehsalı olan müxtəlif şalvarlar, köynəklər və s. gətirdi. Arada da "Bizi biabır eləmə. Aramızda bir bazburuttu adam sənsən", - deyib seçdiyi malları tərifləyirdi. Nə isə, onun təkidi ilə ürəyimə yatmasa da, bəzi şeylər alası oldum.

Ən gülməlisi isə Bakıya qayıdandan sonra başlandı. Qabil müəllim məni harada görsə, yaxınlaşıb hamının eşidəcəyi səslə "Bu sənə Cəbrayıldan aldığım şalvardır?" Yaxud "Pencəkdir?" - deyə soruşurdu.

Sonra da ətrafdakılara bazarlığımızın tarixçəsini danışırdı.

Amma Cəbrayıl işğal olunandan sonra şair bu məsələnin üstünə bir də heç zaman qayıtmadı... 

Füzuli deyəndə... 

Billurə Aslanqızı, jurnalist:

- Füzuli deyəndə ən şirin məktəb illərim, babamgildə kənarında ağır mis parç (fincan) olan qədimi hovuz, təndir başında isti çörəyin küt getməməsini gözləməyimiz, nənəmgildə tut çırparkən o böyük çadırın bir ucundan tuta bilmə xoşbəxtliyim, 9 mayda yaxası orden-medallı babalarımla parka getməyim, qayğısız yay tətillərim, kənddəki meşəyə bənzər yamyaşıl bağ düşür yadıma... Füzuli deyəndə babamın yeri məlum olmayan qəbri, yarım qalmış uşaqlığım, bir də görə bilməyəcəyim məktəb şəkillərim, pilləkəndə oturub atamın evə gəlməsini həyəcanla gözlədiyim gərgin axşamlar düşür yadıma...

Füzuli deyəndə qəfil böyüməyə məcbur olduğum 23 avqust tarixi, ömrümün həm gözəl, həm ağrılı, gözü yaşlı, buruq təbəssümlü, amma ən unudulmaz bir parçası sızıldayır sinəmdə...

P.S. Ən son Füzulini görəndə 13 yaşım vardı... 

Vladimir Putinin xarici siyasəti

Elxan Şahinoğlu, politoloq:

- Rusiya prezidenti Vladimir Putin xarici siyasətdə qonşu dövlətlərlə əlaqələrə üstünlük verdiyini gizlətmir. Baltik ölkələri çoxdan Avropadadır, Moskvanın separatçılara verdiyi dəstəyə görə Ukrayna və Gürcüstanı itiriblər, ona görə yerdə qalanlarını özlərinə yaxın tutmağa çalışırlar.

Kremldə anlayırlar ki, Azərbaycan cəmiyyəti də Rusiyanın regional siyasətindən narazıdır və Türkiyə ilə strateji müttəfiqliyə üstünlük verir. Ancaq Kreml döyüşsüz təslim olmaq istəmir. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilk səfərini Türkiyəyə reallaşdırdı, dərhal onu Moskvaya dəvət etdilər. Azərbaycanın və Türkiyənin müdafiə nazirləri qarşılıqlı səfərlər etdilər, indi də Rusiyanın müdafiə naziri Bakıya gəlir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda keçiriləcək dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Bu yarışlar nədirsə bizə faydası yoxdur, əks halda Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatından sonra Rusiya işğalçı dövlətə tonlarla hərbi yük daşımazdı.

"Xainlər" filmi

Fazil Mustafa, millət vəkili:

- Mirşahinin "Xainlər" filmini diqqətlə izlədim. Çox yüksək peşəkarlıqla çəkilmiş, faktoloji bazası yüksək səviyyədə olan, problemin mahiyyətini dərindən anladan bir filmdir. Bu filmə görə Mirşahinə böyük təşəkkür düşür. Vətənimizə əsl xidmət budur, onun bölünməzliyini qorumaq üçün intellektual fədakarlıq budur! Bu filmdən yalnız can qardaşlarımız olan talışlar deyil, Azərbaycanın bütün xalqları - türklər, ləzgilər, kürdlər, tatlar, avarlar da ibrət götürməlidirlər, çünki erməni fitnəsi heç birimizə xoşbəxtlik vəd etmir, Şimaldan, Cənubdan xainlər vasitəsi ilə aramıza səpmək istədikləri nifaq toxumları bu Vətəndə cücərməməlidir. Ermənilərlə Vətən torpağı uğrunda savaşımız hamımızındır, şəhidimiz hamımızındır, qələbəmiz də hamımızın olacaqdır! Bir daha bu mükəmməl əsərə görə Mirşahinə minnətdarlığımı bildirirəm.

Vətəndaşlara sərf etməyən qərar

Vüsalə Mahirqızı,  "APA Group"un baş direktoru:

- Xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlə fiziki şəxslərə gətirilən malların dəyərinin 300 dollara endirilməsi gözlənilən idi. Çünki bizimkilərin sevimli müqayisə yeri olan MDB-də 1000 dollarlıq limit deyəsən, ancaq bizdə qalmışdı. Lap deyək ki, daxili bazarın qorunması üçün bunu başa düşdük. Halbuki xaricdən əsasən texniki avadanlıq və tekstil gətirilir ki, bu da ölkədə demək olar ki, istehsal olunmur.

Qərarın absurdluğu bir nəfərin 300 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsindədir. Yəni mən 50 dollarlıq bir şey aldımsa, bu ay ərzində bütün 300 dollarlıq limitdən istifadə etmiş hesab olundum. İndi bu nə deməkdir? Necə qərardır?

Bu qərar 2 cür ola bilər: 1. Vətəndaş şəxsi istifadə üçün cəmi ayda 1 dəfə istədiyi məbləğdə, yalnız bir çeşiddə və ölçüdə mal gətirə bilər.

2. Vətəndaş ay ərzində 300 dollar məbləğində mal gətirə bilər.

Yoxsa ay ərzində 50 dollarlıq mal gətir və sənə desinlər ki, 300 dollar limitin bitdi.

Ümumiyyətlə isə e-ticarətin bir nömrə olduğu, e-bay, Amazon kimi qlobal şirkətlərin olduğu dünyada məhdudlaşdırıcı qərarlar qəbul etmək yumşaq desəm, yaxşı hal deyil. İndiki vəziyyətdə bu, daha uyğun qiymətə öz ehtiyacını təmin edən vətəndaşa sərf etmir. Heç olmasa, qərara yenidən baxmaq olar.

 





25.08.2020    çap et  çap et