525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Xalq şairi Fikrət Qocanın "Risk" və "Cəsarət" şeirlərinin yaşı 40-ı keçib. Gəncliyimdən sevdiyim və əzbərlədiyim şeirlərdəndir.

Bu gün Fikrət müəllimin yubileyini və "İstiqlal" ordeniylə təltif olunmasını həm də bu iki şeirin qəzetdə dərciylə təbrik etmək istədik. Yaşlı şeirsevənlər xatırlayar. Amma gənclərin çoxu üçün bu şeirlərin təzə və təsirli olacağına inanıram.

***

Xorla işim yoxdur...

***

Legionerə ümid olan "milli"siz qalar...

***

Həyat hind kinosu deyil...

***

İndi hökumətdə işləmək, məsul vəzifədə, rəhbər işdə çalışmaq çox çətinləşib; hədsiz çeviklik, bilik, səbr, təmkin, tükənməz enerji tələb edir.

Mətbuat katiblərinin işləri isə lap ağırdır. İctimaiyyətin və medianın çoxsaylı suallarına cavab verib çatdırmaq fiziki cəhətdən mümkünsüzləşib. Açığı, bu sferada fəaliyyət göstərən həmkarlara, dostlara qarşı empati hiss edirəm. Hallarını anlayır, vəziyyətlərini başa düşürəm.

Sual verənlərə insaf, mətbuat katiblərinə isə səbr və tükənməz enerji arzulayıram.

***

Kamerunlu, nigeriyalı legionerlər "Şerif"in harasına yaraşır?.. :)

***

Aza qane olanlar...

***

Bizim dəhşətli müsibətlərimiz çox olub...

***

Salam verdim, gözləri telefonlardaydı deyə almadılar... :)

***

Hər kəs, hər qurum özünü tərifləyir; ətrafa baxmır, başqasını görmür...

***

Normal, ağlı başında bildiyin adamların də ilməsi qaçır...

***

Uşaq oyuncaqlarının evin ortasında dağınıq səpələnməsinin xoşbəxtliyi...

***

Nə qədər xatırlamadığımız toylarda olmuşuq?!.

***

Ömrünüzü kimlər yedi?..

***

Dostluq göndərənlər məni bağışlasınlar, limit dolub, qəbul edə bilmirəm...

***

İstedadlılara həmişə bacardığım köməyi etməyə çalışmışam. Qismən də abırlı ortabablara.

Amma mənim istedadı olmayandan "dahi düzəltmək" qabiliyyətim yoxdur.  Boşuna gileylənməyin... :)

***

Ömür həm də şəkillərlə xatırlanır

Arif Əliyevin 60 yaşı tamam olur. Onun haqqında "525-ci qəzet"də verəcəyimiz yubiley yazılarına şəkillər axtarırdım. Köhnə albomları vərəqlədikcə məni qəribə bir nisgil, hüzn bürüdü. Müxtəlif illərdə çəkilmiş bu şəkillər Arif Əliyevlə birlikdə olduğumuz çoxsaylı tədbirləri xatırlatdı, xarici səfərlərimiz, fərqli auditoriyalar, müxtəlif iclaslar, seminarlar, müzakirələr bir-bir gözlərim önündə canlandı. Ömür bir epopeyaya bənzədi, yaşanan illər, hadisələr nağıl kimi göründü. Artıq dünyasını dəyişmış neçə-neçə insanın şəkillərdən boylanan baxışları üzüntülü, kədərli ovqat yaratdı.

İndi uzaq görünən 1990-cı ilin axırı, ya 1991-ci ilin əvvəli idi. İkimiz də Aydın Məmmədovun rəhbərlik etdiyi Tərcümə Mərkəzində işləyirdik. Arif rus dilində nəşr olunan "Xazar" jurnalının baş redaktoru idi. Partiya yaratmaq, "Respublika" adlı gizli qəzet nəşr etmək istəyirdi. Dağlıq Qarabağ hadisələri, Milli Azadlıq hərəkatı, 20 yanvar qırğını, xalqın alışıb yanan azadlıq yanğısı, müstəqllik arzuları ölkənin siddi, taleyüklü proseslər astanasında olduğundan xəbər verirdi. Respublika fövqəladə vəziyyət rejimində yaşayırdı. Arifin təklifiylə Aydın müəllimlə birlikdə səfərə çıxdıq. Millət vəkili, parlamentin komissiya sədri olan Aydın Məmmədov çox məşhur idi, xalq arasında, cəmiyyətdə böyük nüfuzu vardı. Onun nüfuzu sayəsində fövqəladə vəziyyət rejimində rayonlarda gizli qəzet çap etməyə razılıq verəcək mətbəə axtarışındaydıq. O səfərlər zamanı Daşkəsənə, Zaqatalaya getməyimiz indi də yadımdadır...

Çox keçmədi, SSRİ dağıldı və Azərbaycan müstəqillik qazandı. Arif Əliyev bu illərdə media sahəsində bir çox ilklərə imza atdı. "Yeni nəsil" Jurnalistlər Birliyinin, Bakı Press klubunun fəaliyyətə başlaması, nüfuzlu "Media açarı" mükafatının təsis olunması, Mətbuat Şurası, İctimai teleyayım kimi ideyaların ölkəmizdə müzakirəyə çıxarılması bilavasitə onun təşəbbüsü ilə reallaşdı, Azərbaycan Mətbuat Şurasının yaranmasında əvəzsiz rol oynadı.

Bayaq Ariflə birlikdə bir çox səfərlərdə olduğumuzu qeyd elədim. İndi o səfərlərdən biri yadıma düşdü. 2001-ci ilin sentyabr ayında Ki-Uest sazişi ərəfəsində BMT-nin balaca, göyərçinə oxşayan təyyarəsilə biz - bir qrup Azərbaycan jurnalistinin Bakıdan Yerevana getməyimizi, orada görüşlər keçirməyimizi, Göyçə gölündə olmağımızı, jurnalist Mahal İsmayıloğlunun ata yurduna baş çəkib sonra Gürcüstandan Azərbaycana keçməyimizi, məşum 11 sentyabr hadisələri günü Qazaxa, Qırmızı Körpüyə çatmağımızı hələ də bütün təfsilatıyla xatırlayıram.

Son illər kölgəyə çəkilsə də, Arif həmişə müdrik, ağır, təmkinli duruşunu qoruyub saxlamağı bacarıb. Mətbuatdan, media idarəetməsindən geniş mənada uzaq düşsə də, səhv eləmirəmsə, 2005-ci ildə "Gü-səhər" qəzetinin yaradılmasına nail oldu, müstəqil mətbuat orqanı nümunəsi ortaya qoymağa çalışdı. Amma təəssüf ki, mailyyə problemləri ucbatından bu nəşrin ömrü uzun sürmədi.

Bu illər ərzində aktiv jurnalistika fəaliyyətindən kənarlaşsa da, Arif boş dayanmadı - kitab yazdı, film çəkdi, millət üçün, xalq üçün, Azərbaycan üçün gərəkli işlər görməyə çalışdı. 1920-ci ilin aprelində Azərbaycanın XI Ordu tərəfindən işğalına və Xalq Cümhuriyyəti hökumətinin devrilməsinə qarşı çıxan, Yalamada rus ordunun sərhədlərimizi keçməsinə müqavimət göstərən Azərbaycan sərhəd qoşunlarının 350 əsgərdən ibarət kiçik dəstəsinin taleyindən bəhs edən çox qiymətli "Yalama" povestini yazdı. Bu povesti oxuyanda bir məqam diqqətimi xüsusi çəkmişdi. Əsərdə Azərbaycan ordusunun 1920-ci ilin mart-aprel aylarında erməni daşnaklarına qarşı apardığı hərbi əməliyyatlardan da bəhs olunur və böyük əhəmiyyətə malik məşhur Əsgəran döyüşünə də toxunulurdu. Tarixdən məlumdur ki, o dövrdə Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün Əsgəranın böyük strateji əhəmiyyət vardı və ermənilər Əsgəran keçidini bağlayaraq Xankəndidəki, Şuşadakı hərbi qüvvələrimizi çətin vəziyyətə salmışdılar. Milli ordumuz o günlərdə hərbi əməliyyat hazırlayaraq Əsgəranı erməni silahlılarından təmizləmişdi. Əsərdə qonşu ölkələrin arxivlərindəki sənədlərdən istifadə etməklə qələmə alınan bu məsələlər ürəkdən, içdən yazılmışdı. Oxuduqca düşünürdün ki, baş verənləri o hadisələrin canlı şahidi olmuş, Qarabağın təbiətini, iqlimini, coğrafiyasıni dərindən bilən, sanki o yerlərdə doğulub boya-başa çatmış bir insanın dilindən eşidirsən. Bunları Arifin özünə də demişdim. Sonra Arif dostları və həmfikirləriylə birlikdə bu mövzuda "Əsgərlər unudulanda ölürlər" filmini də ərsəyə gətirdi,"Nizami" Kino Mərkəzində filmin uğurlu təqdimatı da keçirildi.

Bir il öncə isə Arif yenidən Bakı Press klubunu bərpa etdi, "Pressclub.az" adlı xəbər saytı, "Pressklub TV" internet televiziyası yaratdı, yenə də fərqli, təmkinli, kübar yanaşmasıyla səviyyəli media nümunələrinin fəaliyyətə başlamasına nail oldu.

Hələ 2003-cü ildə - Jurnalistlərin qurultayı ərəfəsində, Azərbaycan Mətbuat Şurasının formalaşdırıldığı dövrdə "525-ci qəzet"də onunla bağlı "Öz haqqından imtina edən adam" adlı bir yazı yazmışdım, qurultay nümayəndəsi olan həmkarlarımı Arifi Mətbuat Şurasının sədrliyinə razı salmağa çağırmışdım...

Bu günlərdə 60 yaşı ərəfəsində Arifin "Yolun haradı, ey yolçu" başlıqlı bir yazısını oxudum. Kövrək, məyus notlarla dolu, bəlkə də, həmkar yaşıdlarının çoxunun keçirdiyi hissləri qələmə almışdı bu yazıda. Çox kədərləndim.

Arif bu yazısında Məmməd Arazın məşhur "Ulduzlara barmaq silkib, daş atdım" misrasını sitat gətirmişdi. Mən isə indi sevimli şairimizin bir zamanlar özünə xitabən yazdığı başqa misrasını xatırladım: "Çox tozanaq atlını təmkin atınla keçdin..." Həmişə, bütün dövrlərdə belə olub: tozanaq atlılar keçib gediblər, Arif Əliyev kimi insanlar isə təmkinli və ağır yerişi, sanballı davranışları ilə öz yollarına davam ediblər...

Bir də 60 yaş nədir ki?! Ömür davam edir. Arifin yubileyini təbrik edir, gerçəkləşdirə bilmədiyi ideyalarının reallaşmasını arzulayıram.

 





02.09.2020    çap et  çap et