525.Az

Yeni İqtisadi Şuranın yaradılması hansı zərurətdən irəli gəlib?


 

Yeni İqtisadi Şuranın yaradılması hansı zərurətdən irəli gəlib?<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli Fərmanının ləğv edilməsi barədə" Fərman imzalayıb.

Fərmanla 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.

Bəs Maliyyə Sabitliyi Şurasının ləğv edilməsi, İqtisadi Şuranın yaradılması hansı zərurətdən qaynaqlanır?

Qeyd etmək lazımdır ki, 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiyaya ilə bağlı idi. O zaman yaşanan qlobal iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar edirdi.

Prezidentin Fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, adından da göründüyü kimi, makro-iqtisadi və maliyyə sabitliyin qorunub saxlanmasına nail olmaq idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib - Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.

Heç şübhəsiz ki, 2020-ci ilin əvvəlindən başlanan koronavirus pandemiyası ilə bağlı əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı  qarşısında da yeni strateji çağırışlar qoyur.

Hazırkı əlverişsiz qlobal mühitdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və post-pandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlər yaratmaqdır.

Əlbəttə ki, qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək lazımdır. Məqsədə nail olmaq üçün isə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. İqtisadi Şuranın yaradılması da məhz bununla bağlıdır.

Yeni yaranan Şuranın qarşısında qoyulan qlobal məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən, birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir.

İqtisadi Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən prosesləri öyrənməli, ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan əlavə, İqtisadi Şura post-pandemiya dövründə Azərbaycanın milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmalıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, ölkəmizdə iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şuranın yaradılması və qurumun qarşısında yeni hədəflərin qoyulması Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, pandemiya şəraiti 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hiss edilməsinə müəyyən qədər mane olub, vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələyib: "Pandemiya şəraiti bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın, digər ölkələrdəki kimi sürətli olmasa da, müəyyən qədər geriləməsinə səbəb olub. Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə çevik dəyişikliklərin aparılmasını labüd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s. kimi hədəflərin qoyulması Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir".

Komitə sədri qeyd edib ki, fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar qoyur: "Hesab edirik ki, müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkan yaradacaq, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacaqdır. Ümumi desək, Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət hər zaman sürətliliyi, çevikliyi, müasirliyi və sosiallığı ilə fərqlənib. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatın post-pandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın tam mümkünlüyünə əminik".

PƏRVANƏ

 





13.09.2020    çap et  çap et