Niyə öldün, Qələndər?
Milyonların arasından
Cənab Əzrayıl,
Səni necə tapdı?
Yoxsa, elə bilirdin
Ölüm bir zarafatdı?
Bir də səni tapmağa
nə vardı ki,
Yurd-yuvası pozulmuş
Bəxti belə... yazılmış
Suyuşirin bir kişiydin.
Sözlərdən kərpic kəsib
Şeirə dam hörərdin.
Söz-söhbət beşiyiydin.
Camaat arasındaydın
Xeyirdə-şərdə vardın.
Bir isti təbəssümlə
"Səni verənə şükür!"
deyib
Bizi salamlayardın.
Əzrayıl cənabın da
Xoşuna biri gəlsə,
beşi gəlməz.
Yaramazdan, idbardan
xoşu gəlməz...
Deyirlər ayaqdadır
Cəhənnəmlik axtarır
Orda, burda,
çöldə, çəməndə...
Niyə əziyyət çəksin,
Qoy eşitsin səsimi
Hazır siyahı - məndə...
Sən - cənnətlik
qanadlanıb
Qarabağa -
Qalayçılar tərəflərə
Uçasıydın...
Elə sən özün də
Xalis qalay parçasıydın...
... Həkimlər ha əlləşdilər,
Ha axtarıb gəzdilər
Sənə nəfəs vermək üçün
O yerlərin havasından
Bircə udum tapmadılar,
Tapa da bilməzdilər...
Əcələ qoşulub getdin,
Bizə yazığın gəlmədi,
Qələndər?!
Əfəndim o da uçdu,
Qonmuşdu, o da uçdu,
Cismi torpağa döndü,
Ruhu Göyə qovuşdu.
Şüvəlan,
30 avqust 2020ci il.
P.S. 2020-ci il oktyabrın 3-də Qələndər Xaçınçaylının vəfatından 40 gün ötür.