525.Az

Vektor" Akademiyası yeni mükafatçılarının adlarını açıqlayıb


 

Vektor" Akademiyası yeni mükafatçılarının adlarını açıqlayıb<b style="color:red"></b>

Vektor Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif olunanFəxri Doktor fəxri elmi dərəcəsinin 2020-ci il üçün sahibi məlum olub.

Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə, bu il Fəxri Doktor ünvanı Türk Ədəbiyyatı Vakfının Sədri Serhat Kabaklıya verilib.

İndiyə qədər Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Anar, Oljas Süleymenov, Muxtar Şahanov, Rauf Denktaş, Turan Yazgan, Namık Kemal Zeybek, İsmail Bozkurt, Ata Terzibaşı, Mustafa Cemil Krımoğlu və digər ünlü şəxsiyyətlər bu Fəxri ada  layiq görülüblər.

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2020-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə, builki laureatlar İmdat Avşar (Türkiyə), Sayman Aruz, Rəsmiyyə Sabir, Kənan Hacı və Qurban Cəbrayıldır.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 20 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayımlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol, Fərid Hüseyn və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

"Vektor" BEA tərəfindən indiyə qədər mükafat laureatlarının 74 adda kitabı yayımlanaraq oxuculara hədiyyə edilib.

Şahanə MÜŞFİQ

 





16.09.2020    çap et  çap et