525.Az

Daşkəsənin mədənlərinin fəaliyyəti canlanacaq


 

İQTİSADİYYAT NAZİRİ MİKAYIL CABBAROV RAYONDAKI QARA VƏ ƏLVAN METALLURGİYA MÜƏSSİSƏLƏRİNDƏ OLARKƏN BU MƏSƏLƏLƏRDƏN DANIŞIB

Daşkəsənin mədənlərinin fəaliyyəti canlanacaq<b style="color:red"></b>

"Qeyri-neft sektorunu, xüsusilə sənayesinin inkişafı iqtisadi siyasətin əsas hədəflərindən biridir. Son illərdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə edilib.

Ötən həftə Sumqayıt Kimya Parkının ərazisində peşə məktəbinin açılışı vaxtı möhtərəm cənab Prezident tərəfindən  qeyri-neft sənayesinin sürətlə inkişaf etdirilməsi üçün əlavə tədbirlər barədə fikirlər çatdırıldı, tapşırıqlar verildi. Bu mənada dağ-mədən sənayesi üzrə perspektivlər ölkəmizin iqtisadiyyatı üçün çox vacibdir". Bu fikirləri Daşkəsən rayonundakı qara və əlvan metallurgiya  müəssisələrində olduqdan sonra verdiyi açıqlama zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov səsləndirib.  

Bilindiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə" AzerGold" QSC-nə  ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Daşkəsəndə dəmir filizi saflaşdırılması müəssisəsi və Çovdar  mədənində gedən işlərlə tanış olub. Bu görüşlərdən sonra nazir Daşkəsəndəki bu əlvan və qara metallurgiya müəssisələrinin perspektivini dəyərləndirib:
 
"Son üç il ərzində Covdar mədənində həyata keçirilən işlərin nəticələrindən biri ondan ibarətdir ki, müəssisənin balansında təsdiq olunmuş əlvan metal, ilk növbədə də qızıl ehtiyatlarının həcmi əhəmiyyətli dərəcədə artıb, bu da istər ölkənin iqtisadi təhlükəsizliyi, istər də qeyri-neft bölməsinin ixracının artırılması baxımından əhəmiyyətli amillərdəndir. Digər bir istiqamət isə qara metallurgiya ilə, xüsusilə dəmir filizi yatağının işlənməsi, filizsaflaşdırma müəssisəsinin işinin yenidən qurulması  ilə bağlıdır.  Bu istiqamətdə də işlər həyata keçirilir. Bu gün bizə verilən məlumata əsasən, gələn ilin təxminən bu vaxtlarında vacib sərmayə qərarının verilməsi üçün bütün geoloji-kəşfiyyat işləri, texniki-iqtisadi əsaslandırma və ən əsası iqtisadi bazar araşdırmaları yekunlaşdırılacaq və  bunun nəticəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində əhəmiyyətli sərmayələr reallaşdırılacaq".

İqtisadiyyat nazirinin Daşkəsəndəki işgüzar görüşləri ilə paralel olaraq, paytaxtda, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında (BFB) "Açılış zəngi" mərasimi də keçirilib.

Mərasimə  Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar mədənindən birbaşa canlı bağlantı vasitəsilə qatılıblar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "AzerGold" istiqrazlarının tədavülə buraxılmasını kapital bazarları üzrə 2020-ci ilin ən mühüm hadisələrindən biri hesab edildiyini vurğulayıb. Nazir "AzerGold"un birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə və dağ-mədən sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

Tədbirin sonunda emitent "AzerGold" QSC-nin nümayəndəsi tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların BFB-nin ticarət platformasında ilkin ticarətinə başlanılıb.

Zakir MURADOV
Daşkəsən

 





25.09.2020    çap et  çap et