525.Az

Azərbaycanlı rəssamın daha bir beynəlxalq uğuru


 

Azərbaycanlı rəssamın daha bir beynəlxalq uğuru<b style="color:red"></b>

Oktyabrın 8-10-da Dubayda Yaxın Şərq regionunun ən böyük incəsənət sərgi-yarmarkası "World Art Dubai" baş tutub. 

Sərgi ənənəvi olaraq hər il dünyanın ən seçilmiş və müasir rəssamlarını bir yerə toplayır. Builki lahiyə üçün dünyanın müxtəlif ölkələrindən 2000-ə yaxın rəsm əsəri toplanmış Beynəlxalq Ticarət Mərkəzinin (World Trade Centre) "Şeyx Said" salonunda ABŞ, Almaniya, İspaniya, Fransa, Avstraliya, Yaponiya, Çin, Ərəb Əmirlikləri, Rusiya və Hindistandan ən tanınmış sənət xadimləri ilə bərabər, gənc rəssamlar da iştirak ediblər. Əsas mövzusu "Düşüncəni azad et" olan proqram çərçivəsində yaradıcılıq seminarları, görkəmli rəssamların açıq ustad dərsləri, moda dünyasının novatorlarının təqdimatları, foto və rəqəmsal incəsənət sahəsində çalışan tanınmış mütəxəssislərin çıxışları keçirilib.

Bu il forumda Azərbaycanı beynəlxalq müsabiqələr laureatı, Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam, "Nargiz Art Studio"nun rəhbəri Nərgiz Quliyeva təmsil edib. Geniş pavilyonu əhatə edən gənc rəssamın əsərlərinin nümayişi Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda mübarizə aparan Azərbaycan Milli Ordusuna həsr olunub. Rəssam Nərgiz Quliyevanın Azərbaycana ("Xəzər" və "Bahar qızı"), Türkiyəyə ("İzmir" və "Alaçatı") həsr etdiyi rəsmləri, eyni zamanda, multikulturalizm mövzusunda çəkilmiş "Çin şahzadəsi", "Afrikalı" və "Mərakeşli qız" və digər əsərləri incəsənət yarmarkasının ən uğurlu və yaddaqalan hadisəsi kimi qiymətləndirilib. Sərginin sonunda Nərgiz Quliyeva dünyanın tanınmış yaradıcı təşkilatları və şirkətləri olan - "Arabian boutique", "Origins collective"dən əməkdaşlıq təklifi alıb, eyni zamanda, "Artistree Gallery"in dəvəti ilə Hindistanda 2021-ci ildə fərdi sərginin keçirilməsi barədə razılığa gəlinib.

Qeyd etmək lazımdır ki, rəssam Nərgiz Quliyevanın "World Art Dubai" incəsənət sərgisində iştirakına təşkilatı dəstəyi Azərbaycanın Dubayda Baş konsulluğu verib.

ŞAHANƏ

 





19.10.2020    çap et  çap et