525.Az

Yapon balığı - Hekayə


 

Yapon balığı - <b style="color:red">Hekayə </b>

Yapon balığı

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə "Ədibin Evi" tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi başa çatıb. Müsabiqədə 539 müəllif iştirak edib.

Münsiflər heyəti müsabiqədə birinci yer üzrə mükafatın tələblərini doğruldan hekayənin olmadığı qənaətinə gələrək birinci yer üzrə qalib seçməyib. İkinci yer üzrə iki, üçüncü yer üzrə isə üç qalib müəyyən olunub. Birinci yer üçün ayrılan pul mükafatı isə həvəsləndirici mükafat qismində 6 iştirakçı arasında bərabər qaydada bölünüb.

Belə ki, ikinci yer üzrə Tural Turan "Xalça oğrusu", Sevinc Nuruqızı isə "Kəpənək ömrü" adlı hekayələrlə qalib olub. Üçüncü yerə Fuad Əliyev "Lödi Qellert Uayt", Vaqif Nəsib "Badamlar çiçəkləyəndə" və Mirmehdi Ağaoğlu "Yapon balığı" adlı hekayə ilə layiq görülüblər.

Qalib əsərlər sırasından M.Ağaoğlunun hekayəsini təqdim edirik:

O, biləklərini mənə bu hadisədən düz doqquz gün qabaq göstərdi.

Üstünə qırmızı boyayla gülümsəyən qız rəsmi təsvir olunmuş yaz köynəyinin qollarını foksçu ədasıyla yuxarı çəkib eynən köynəyin üstündəki qız kimi gülümsədi.

Əsl balıq pulları idi. Qollarının biləkdən dirsəyə qədər olan hissəsi başdan-başa qırmızı balıq pullarıyla örtülmüşdü. Çarhovuzda üzən qırmızı yapon çəkilərinin dərisinə bənzəyirdi.

- Toxuna bilərsən, qorxma, - o, astadan dilləndi.

Mən toxunmağa ürək eləmədim. Ömrümdə belə şey görməmişdim, açığı büruzə vermək istəməsəm də, çimçəşirdim, mənə keçməsindən qorxurdum. O, bir daha israrla dedi:

- Qorxma, toxun. İşdə hamı əlini vurur, o gonbul qadınlara elə gəlir ki, mənə vergi verilib. Açığı mən inanmıram. Bunlar cəfəng şeylərdir. Özün ki, bilirsən.

Şəhadət barmağımı uzadıb axçaların üzərində ehtiyatla gəzdirdim. Dərinin üstü pilək-pilək qızarmış, gicitkən dalayıbmış kimi yüngül qabar bağlamışdı, elə bil həqiqətən iri Naxçıvan çəkisinin gövdəsinə toxunurdum. Qırmızı qabarıqların arasında bitən narın tüklər dağ yamaclarına sərilmiş yaşıl otları xatırladırdı. Qollarının iç tərəfinin rəngi daha tünd idi, bəzi yerlərdə qara zolaqlar uzanırdı. Bunlar tavanın kənarlarının izləri idi, daha yumaqla da getmirdi.

- Tava qoluma dəyib yandırıb. Fikir vermə, bu yanıqlar məni ağrıtmır onsuz. Mənə də nə lazımdır? Axır ki, arzuma çatdım.

Biz beləcə xeyli söhbətləşdik. O, əsasən işlədiyi sexdə gün ərzində baş vermiş diqqətəlayiq hadisələrdən, bir də məhəlləmizdəki təzə dedi-qodulardan danışdı.

Araz nişanlısı ilə yenə dalaşıbmış. Alışdığımız xəbər idi, hər ayın başı məhəllədəki gözəllik salonunda işləyən nişanlısıyla dalaşırdı. Onlar dalaşanda seyrə dururduq. Qız salonun qapısından çıxıb üzüyü Azərin üzünə tullayır, üstündən iki gün keçəndən sonra da Azər salonun ətrafında küçə iti kimi boynubükük dolanırdı... Əcəb tamaşaydı, evlənsələr neyləyəcəkdik!

Sonra yan qonşuları Əkrəmə keçdi. Dünən gecə arvadı evdə dava salıb, səsi məhəlləni başına götürübmüş.

Əkrəm yuxarı məhəllədən olan, yaşca özündən xeyli kiçik bir qızla gəzirdi. Qız tez-tez onların məhəlləsinə rəfiqələrinin yanına gəlirmiş, o əsnada Əkrəmin təzə yeriməyə başlayan oğlunu da qucağına alıb oynadırmış. Deyilənə görə, Əkrəm də bundan istifadə edərək aranı düzəldib.

O, həvəslə növbəti dedi-qoduya keçəndə sözünü kəsdim.

- Atan zəng etməmişdi?

Susdu. Dinmədim, gözlədim söhbəti özü açsın.

Atası Rusiyada həbsxanada yatırdı. Narkotik alveri üstündə tutulmuşdu. Qabaqlar hər ay pul göndərirdi. Tutulandan sonra daha pul yollamasa da, arabir zəng edib yoluxurdu. Əvvəl böyük bacısı, sonra özü məktəbi buraxdı. Bacısı ərzaq mağazasında satıcı işləyirdi, səhər tezdən gedib, gecə onda, on birdə gəlirdi. O isə qənnadı firmasında işə düzəlmişdi, rahətülhülqum bişirirdi. Adı şirin gəlsə də işi çox acı idi. Bütün günü od kimi isti yerdə çalışırdı, deməyinə görə, xüsusən yayda sobanın qabağında dayanmaqdan adamın nəfəsi kəsilirdi. Qolları da hər dəfə rahatluqum dolu qaynar tavaları sobaya salıb-çıxarmaqdan yanıq-yunuq olmuşdu. Elə bil qollarının içinə qaynar tavaların açdığı zolaq-zolaq qara izlər düşməmişdi, özünün tale yazısı yazılmışdı.

O, qırmızı piləkləri də mənə göstərəndə əvvəl elə bildim köpüş-köpüş olmuş yanıq yerləridir.

- Yox. Səncə, niyə zəng etməsin? Türmədə başına bir iş gəlməz? Sən kişi xeylağısan, içəridəki təhlükələrə yaxşı bələdsən.

- Nadzoram?

- Nə?

- Heç. Yəqin zəng vurmağa imkanı yoxdu. Baxma da, qərib yerdədi. Ciddi bir hadisə olmaz, təlaşlanma.

- Bu neçə ildə heç vaxt belə olmamışdı. Anam deyir, bu həftə də zəng vurmasa, Xoşqədəmin verilişinə çıxacam.

Bilmədim zarafata salır, yoxsa ciddi deyir. Üç qız böyütmək asan deyildi. Ərinin intizarından, dolanışıq fikrindən qadının başına az qala hava gəlmişdi. Məhəllədə hamı bilsə də, heç kəs büruzə vermirdi. Gözəlçə böyük bacısısa öz hayındaydı, qazandığı qəpik-quruşu oğlanların xoşuna gəlmək üçün açıq-saçıq geyim-keçimə xərcləyirdi. Elə o səbəbdən məhəllədə axşamlar yolunu gözləyənlərdən ordu yaranırdı.

O, gələndə isə küçədə it ulayırdı. Hərdən mən qabağına çıxırdım.

Böyük bacısı ilə onu yanaşı qoysan, deməzdin eyni ana doğub. Nə oxşayırdılar, nə də üst-başları bənzəyirdi. Pal-paltarına fikir verməklə arası yoxdu. Evdə əsas yük onun çiyninə düşdüyündən qazancı anasına, balaca bacısına gedirdi, böyük özü öz başını saxlayırdı.

Susduq. Əlimi qolunda bu dəfə ürəklə gəzdirdim. İkimiz də barmaqlarımın açdığı tünd qırmızı şırıma baxdıq. Mənim daha çimçəşmədiyimi görüb gülümsədi.

- Bəlkə istidə işləməkdən olub? Bişməcə kimi, yox?

- Yox.

- Müdirə de, müalicə etdirsin. Bu, iş yerində qəza sayılır.

- Müalicəsi başına dəysin, maaşımı vaxtında versə bəsimdi, - güldü, - iki aydı, gecikdirir.

İşin yorğunluğunu axşamlar mənim yanımda canından çıxardığını bildiyimdən söhbəti ciddiləşdirmədim.

Əlim hələ də "var-dövlət"inə keşik çəkirdi.

- Kaş bu pullar doğruçu qızıllar olaydı, qoparıb xərcləyərdik. Varlanardıq, - qolunu sığalladım.

- Yox-yox, elə demə. Mən balıq olacam, balaca qırmızı balıq. Sonra üzüb dənizlərə gedəcəm, Xəzərin dərinliklərində uzanan yaşıl yosun meşələrinin arasında rəqs edəcəm.

- Yenə bütün günü sobanın qabağında dayanmısan?

- Necə bəyəm?

- İstidən beynin qıcqırıb.

- Bəsdi, - qolunu əlimdən çəkib incik-incik dedi: - Qoy pullar bütün bədənimi sarsın, özün gərəcəksən, üzüb gedəcəm.

- Ondansa bu pullar doğruçu qızıla çevrilsin. Özünüzə xərcləyərsən, atanı türmədən qurtararsan, nə paxıllığın, bir-ikisini də mənə verərsən, iş quraram. Bikar dolaşmaqdan bezmişəm.

Söhbətimizin fantasmaqorik məcraya yönəlməsi, məni zərrəcə narahat etmirdi, nağıl istəyir, olsun nağıl.

- Gəl, belə danışaq. Balığa çevriləndən sonra Xəzərin dibindən çoxlu mirvari toplayaram, sən Bulvara məni görməyə gələndə onları sənə verərəm, satıb pul edərsən.

- Xəzərdə mirvari yetişmir.

Fikrə getdi.

- E... batmış gəmilərin xəzinələrini gətirərəm.

- Ölmə, eşşəyim ölmə... Ondan bir şey çıxmaz, - mən də guya incidiyimi göstərmək istədim. - Soğan olsun, nağd olsun. Elə qollarındakı qırmızı axçalar xalis qızıla çevrilsə, bəsimizdir.

- Yox, keçəl suya getməz. Mənim də arzularım var axı! Bu pulların bütün bədənimi örtəcəyi günü gözləyirəm. Onda balığa çevrilib dənizlərdə üzəcəm.

Qollarını başının üzərində cütləyib incə belini işvə ilə oynadanda indicə üzüb gedəcəyindən qorxdum.

- Eh. - Onun uşaq arzusuna yalnızca "eh"lə cavab verə bildim, bununla nağılın da sona çatmasına işarə vurdum.

Gözümün qabağında böyümüşdü Əfsanə. Məhəllədə ora-bura qaçanda balaca, kifir qızdı. Onda heç kəs Əfsanəyə fikir verməzdi. Heç indi də fikir verən çox deyildi. İri sobanın qabağında rahatluqum bişirə-bişirə nə vaxt böyüdü, ev-iş yollarında nə vaxt çiçəklədi, heç kəs bilmədi.

Aramızda xeyli yaş fərqi olsa da, ünsiyyətimiz alınırdı. Hərdən mənə elə gəlirdi ki, çəkdiyi əzab-əziyyəti nəinki ailəsindən, özündən də ziyadə mən anlayıram. Ona görə də, balaca boyuna baxmayaraq, gözümdə böyüyüb zəhmətdən tökülü nəhəng heykələ bənzəyirdi. Onunla ağlasığmaz söhbətlərimiz çox olmuşdu, balığa çevrilmək istəyinisə ilk dəfə eşidirdim.

***

Doqquz gün idi onu görmürdüm. İşdən qayıtdığı saatı bilirdim, adətən bu vaxtlar avtobusdan düşüb evlərinə gedirdi, bizim evin qabağına çataçatda qarşılaşırdıq. Yox-yox, o gündən sonra bir dəfə görüşmüşdük. Qollarının vəziyyətini soruşmuşdum. Qırmızıların çiyinlərinə çatdığını demişdi. Üstəlik, qarnında da qızartılar əmələ gəlibmiş. Sağa-sola baxıb heç kəsin görmədiyinə əmin olandan sonra köynəyinin ətəyini qaldırmışdı. Göbəyinin ətrafını günəşi dövrələyən planetlər kimi saysız-hesabsız qırmızı axçalar bürümüşdü. Əlimi yaxınlaşdırıb arxasıyla narın, xırda axçaları sığalladım.

Tez köynəyini aşağı salıb pıçıldadı:

- Görən olar, neynirsən? - Dərhal da atasının hələ zəng etmədiyini deyib söhbəti dəyişdi.

- Anan çıxacaq Xoşqədəmin verilişinə, nə qərara gəldiz?

- Həftə tamam olmayıb, - cavabından belə başa düşdüm, Xoşqədəmin verilişinə çıxmaqda israrlıdırlar.

Danışa-danışa gəlib həmişə söhbətləşdiyimiz ağacın altında dayandıq. Adətən burdan o yana evlərinə tək gedirdi. Mənim iş tapıb-tapmamağımla maraqlandı.

- Bu gün bir auditor firmasına CV verdim.

- Aha, götürürlər? Nə dedilər?

- Dedilər, özümüz zəng edərik.

- Həmişəki kimi. Bəs neyləyəcəksən?

- Gözləyəcəm.

O gün söhbətimiz belə yekunlaşdı.

***

Qaranlıqda itib-batmış qapılarını astadan döydüm. Əvvəl ayaq səsləri eşidildi. Bir qədər sonra evin divarına yapışmış köhnə plafon işıldadı, lap axırda qapı açıldı. Anası küçəyə çıxanda da çox vaxt əynində olan yenə o qolsuz, rəngbərəng xalatında göründü.

- Əfsanədən sarı narahatam. İşdən gəlməyib?

- Əfsanə day işləmir, - axşamın adamtərlədən istisində anasının ağzından sözlər buz parçası kimi töküldü.

- Çıxıb? Məhəllədə də görmürəm.

- Sənə deməyib? - Yenə eyni soyuqluq. Başını çevirib bir anlıq evin içinə baxdı. Elə bil içəridə kimisə qoyub gəlmişdi. Kimi qoyub gəldiyini bilirdim - televizoru. Yəqin sevimli serialından ayırmışdım.

- Nəyi?

- Bədənini balıq pulları bürümüşdü; qolları, kürəyi, qarnı, ayaqları qırmızı-qırmızı pullarla örtülmüşdü. Əynini geyinə bilmirdi, elə deyirdi, yanıram, bədənimə su vurun.

- Həkimə niyə getmirdiz? Özünə də tapşırmışdım.

- Qorxurdum həkimə gedərik, xəstəxanaya yazar. Xəstəxanada yatmaq üçün də filan qədər lazımdır, yox?

- Qonşular yığışıb nəsə edərdik, - öz dediyimə inanmasam da, təsəlli xatirinə ağzımı tərpətdim.

- Bəsdi, sən Allah. Heç Əfsanə də istəmədi. Dünən gecə də pullar nəhayət hər yerini örtdü. Sən də məni bağışla, hər yerini. - Əlini qarnı ətrafında oynatdı. - Biz artıq hazırlığımızı görmüşdük. Son anda güclə çatdırdıq Bulvara. Atdıq dənizə.

Dünən Əfsanənin anasıyla bacılarını görməyimi xatırladım. Gecənin bir yarısı hardansa gəlirdilər. İçimi şübhə bürüdü.

Dönüb getmək istəyirdim ki, ardımca çağırdı:

- Əfsanə dedi, onun üçün çoxlu mirvari toplayacam. Hə, bir də dedi darıxanda Bulvara gəlib səsləsə, harda olsam da, onca dəqiqəyə özümü çatdıracam sahilə. Axı, suda səs daha sürətlə yayılır.

Başa düşmədim, səsin xassəsi haqqında fiziki qənaət Əfsanəyə məxsusdu, yoxsa anasına.

- Xoşqədəmin verilişinə çıxdız?

- Nırç.

- Niyə?

- Kişi zəng elədi ta...

- Salamatçılıqdı?

- Hı, hı, - başını da yellədi.

Əlavə nəsə soruşmaq olardısa da, ağlıma heç nə gəlmədi. Onu bir daha görməmək ehtimalı məni kədərləndirirdi.

Dalanlarından təzə aralanmışdım ki, bir səs ürəyimi titrətdi:

- Bu vaxt getmə, balıqlar yatır.

Geriyə baxdım. Əfsanəydi, anasının böyründə dayanıb balaca yapon balıqları kimi gülümsəyirdi. Alnı, yanaqları, çənəsi, boynu, çiyinləri, sinəsi, qolları, dizdən yuxarı ipli donunun gizləyə bilmədiyi nazik ayaqları - hər yeri qırmızıya boyanmışdı. Yaxınlaşıb sarılmaq istəsəm də, anasının yanında çəkindim. Əfsanə də ürəyimdən keçənləri başa düşdü. Qoluma girib, içəri darta-darta dedi:

- Arzun çin oldu. Bu gün həkimə getmişdim, dedi qızılca tutmusan, yapon qızılcası.

İkimiz də güldük.

Deyəsən, mən öz qızılımı tapmışdım. 

 





28.10.2020    çap et  çap et