525.Az

Yoluxma artsa, daha ciddi tədbirlər görülə bilər


 

Yoluxma artsa, daha ciddi tədbirlər görülə bilər<b style="color:red"></b>

Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir.

Məsələn, artıq Rusiya, Fransa, Böyük Britaniya və digər ölkələrdə daha sərt rejimlər tətbiq olunmağa başlayıb. Mütəxəssislər payız-qış mövsümündə virusa yoluxma hallarının artacağı barədə xəbərdarlıq etmiş və insanları daha ehtiyatlı olmğa çağırmışdılar. Artım statistikası həmin proqnozları doğrultmaqdadır.

Azərbaycanda da koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemoloji durum pisləşir. Vətəndaşların qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil.

Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.

Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Bütün bunları nəzərə alaraq isə bizdən tələb olunan çox sadədir: hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bir ilə yaxındır koronavirus bütün dünyanın probleminə çevrilib. Nəticədə ciddi tibbi-sosial, siyasi iqtisadi çətinliklər yaranıb. Azərbaycan COVID-19-la mübarizədə ən öndə gedən nümunəvi ölkələrdən biridir. Bu xəstəlik yayılmağa başladığı ilk gündən dövlət səviyyəsində bütün işlər görülür: "Yaz-yay dövründə COVID-19-la uğurlu mübarizə apardıq, yoluxanların sayını lokallaşdıra bildik. Görülən tədbirlər nəticəsində eyni vaxtda 8000-ə yaxın xəstəni müalicə etmək imkanımız var. Bu virusun qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərə əhali mütləq dəstək verməlidir. Koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsinə ehtiyac var. Əhali istənilən bir soyuqdəymə əlaməti, yaxud əzginlik, narahatlıq, boğaz ağrısı, temperaturu olanda həkimlərə müraciət etsinlər. Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq. Bu mübarizədə əhalidən ciddi nəsə tələb olunmur. Sadəcə - sosial məsafə saxlamaq, maska taxmaq, ehtiyac olmayanda evdən çıxmamaq və dezinfeksiya məhsullarından istifadə etmək lazımdır. Koronavirusa yoluxma sayı artarsa, karantin tədbirləri ilə bağlı daha da ciddi tədbirlərin görülməsinə ehtiyac yarana bilər. Ola bilsin yenə insanlar SMS icazə ilə yaşadığı yeri tərk etsin, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulsun.

Təbii ki, bunlar Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyi qərardır. İnsanlar heç vaxt özünü müalicə ilə məşğul olmamalıdır. Bildiyiniz kimi epidemiya artan ərazilərdə gediş-gəliş bağlanıb. Eyni zamanda, yoluxmaların əksəriyyəti yas yerlərində olur. İnsanlar sosial məsafəni qorumurlar. Əgər vətəndaşımız intizamlı olarsa, bu xəstəliyə qalib gələ bilərik".

PƏRVANƏ

 





30.10.2020    çap et  çap et